Dostluğa və tərəfdaşlığa söykənən münasibətlər

 

Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı dinamik xarakter daşıyır

 

Prezident İlham Əliyev 2022-ci ildə ilk xarici səfərini Ukraynaya etdi. İşgüzar xarakter daşıyan bu səfər iki dövlət arasındakı əlaqələrin inkişafı ilə bağlı məhsuldar müzakirələr və 6 sənədin imzalanması ilə əlamətdar oldu. Bütün bunlar göstərir ki, onsuz da yüksək səviyyədə olan Azərbaycan-Ukrayna münasibətlərində yeni səhifə açılır.

 

Geniş spektri əhatə edən əməkdaşlıq

 

Azərbaycanla Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna arasında yüksək siyasi, iqtisadi əlaqələrlə yanaşı, tarixi ənənələrə, qarşılıqlı anlaşmaya əsaslanan etimadlı münasibətlər mövcuddur. Təsadüfi deyil ki, iki xalq arasında daim dostluq münasibətləri hökm sürüb.

Ötən əsrin sonlarında hər iki dövlət müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə inkişaf edib. Təbii ki, əlaqələrin inkişafında hələ sovet dövründə formalaşmış ənənəvi münasibətlərin böyük rolu var. Ona görə SSRİ-nin dağılmasından sonra həm Azərbaycan, həm də Ukrayna üçün ağır sosial-iqtisadi çətinliklərin meydana çıxmasına baxmayaraq, bu ölkələr qarşılıqlı işgüzar əməkdaşlıq ənənəsini qoruyub saxlaya bildilər. Sonrakı dövrdə çoxtərəfli qarşılıqlı əməkdaşlıq nəticəsində Ukrayna Azərbaycanın yaxın tərəfdaşına çevrilib. İki dövlət arasında dəniz və quru sərhədlərinin olmamasına baxmayaraq, tərəfdaşlıq münasibətləri durmadan genişlənib.

Hazırda iki ölkə arasında münasibətlərin beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə etməsi, müxtəlif sahələrdə yüzdən artıq sənədin imzalanması da bunu təsdiq edir.

 İki dövlət arasında əlaqələr həm də strateji tərəfdaşlığa əsaslanır. Hələ 2008-ci ildə Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Ukrayna arasında dostluqstrateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin strateji olması, bu əməkdaşlığın dostluq, səmimiyyət üzərində qurulması həm də ötən il rəsmi Kiyevin qəbul etdiyi daha bir sənəddə öz əksini tapıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin imzası ilə 2021-ci il avqustun 27-də qüvvəyə minən “Ukraynanın xarici siyasət strategiyası haqqında” sənəddə Azərbaycan ilə əməkdaşlığın vacibliyi qeyd olunub. Vurğulanıb ki, Ukraynanın Azərbaycan ilə strateji tərəfdaşlığı regionda sülhünsabitliyin qarantıdır. Ukrayna enerji sahəsində Azərbaycanla əlaqələrin daha da dərinləşməsində, ölkəsinin sahibkarlarının Azərbaycanda iri layihələr həyata keçirməsində maraqlıdır. Sənəddə həmçinin qeyd olunub ki, Ukrayna Azərbaycan ərazisindəki uzunmüddətli münaqişələrin beynəlxalq hüququn prinsipləri, ilk növbədə, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında həlli üçün beynəlxalq səylərə fəal dəstək verəcək.

 

İlham ƏLİYEV: “Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır”

 

Prezident İlham Əliyevin Ukraynaya səfəri iki dövlət arasında indiyədək formalaşmış möhkəm siyasi-iqtisadi münasibətlərdən yaranan əhvali-ruhiyyə şəraitində keçdi. Siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi dövlət başçıları arasında müzakirələrin əsas istiqamətlərini təşkil etdi. “Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Səfərin dolğun işgüzar şəraitdə keçməsini dövlətlərarası münasibətlərin inkişafı yolunda bir sıra vacib sənədlərin imzalanması da göstərir. Belə ki, səfər zamanı iki dövlət arasında Azərbaycan Respublikası PrezidentininUkrayna Prezidentinin Birgə Bəyannaməsi, “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandı.

Hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Ukrayna birgə bəyannamə ilə bunu bir daha təsdiq etdilər. Digər sənədlər isə göstərir ki, iki dövlət arasındakı əlaqələrdə yeni əməkdaşlıq istiqamətləri yaranır.

İki dövlət arasındakı qarşılıqlı ticarət dövriyyəsi artıq 1 milyard  dollara çatıb ki, bu da tərəflərin əlaqələrin inkişafında nümayiş etdirdiyi iradənin təcəssümüdür. Təbii ki, ticarət dövriyyəsinin artımı tərəfdaşlığın genişləndirilməsi ilə bağlı qarşıya yeni məqsədlərin qoyulmasına imkanlar yaradır.

Ümumiyyətlə, Azərbaycanla Ukrayna arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Dövlət başçıları, hökumət rəhbərləri, parlament sədrləri və üzvləri, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olub. Xüsusən prezidentlərin səfərləri əlaqələrin inkişafına impuls verib, yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.

Prezident İlham Əliyevin Ukraynaya səfəri hər şeydən əvvəl Azərbaycanla bu ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin göstəricisidir. Eyni zamanda bu səfər təsdiq etdi ki, münasibətlərin inkişaf dinamikasının daha da sürətləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Ona görə müxtəlif sahələr üzrə əməkdaşlıq gələcəkdə daha da genişlənəcəkdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-19 yanvar.- S. 3.