Xalqımızın qürur salnaməsi

 

Ötən il müstəqilliyimizin bərpasının 30-cu ilini geridə qoyduq. Tarixi  dövr baxımından elə də böyük olmayan bu zaman kəsiyində respublikamız sürətli inkişaf yolu keçib, dünyada öz yerini möhkəmləndirib.

Ancaq dönüb arxaya baxanda müstəqilliymizin bərpasına gedən yolun heçhamar olmadığını görürük. Digər ölkələrdən fərqli olaraq respublikamızı bu müstəqilliyə, azadlığa aparan yolda qanlar tökülüb, şəhidlər verilib.

1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın istiqlaliyyət yolunun ilk şəhidlik məqamı sayılır. Sovet rəhbərliyi milli maraqlarımızı təmin edə bilməyən Azərbaycanın rəhbərlərinin istefası tələbinə və ermənilərin Dağlıq Qarabağla bağlı iddialarına etirazına görə xalqımızı cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törətdi. Lakin bu hadisə xalqımızın qəddini sındıra bilmədi.

32 il əvvəl Bakıya və respublikamızın bir sıra rayonlarına sovet ordu hissələrinin qanunsuz yeridilməsi, qətliam törədilməsi, dinc əhalinin öldürülməsi totalitar sovet rejiminin mövcud olduğu dövr ərzində törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı yönəldilmiş cinayət idi. Həmin vaxt faciənin baş verməsində məsuliyyət daşıyan Azərbaycanın rəhbərliyində təmsil olunanlar qırğından sonra da susmağa üstünlük verdilər. Yalnız Heydər Əliyev heç bir təhlükədən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə ilk olaraq etiraz səsini ucaltdı. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əiyev cəsarətli və tarixi bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdi, faciənin baş verməsində SSRİ və respublika rəhbərlərinin məsuliyyət daşıdığını dünyaya çatdırdı.

20 Yanvar hadisələri xalqımızın müstəqillik arzusunu daha da gücləndirdi, istiqlal mücadiləsini yeni mərhələyə yüksəltdi. Eyni zamanda bu faciə sovet dövlətində mərkəzdənqaçma proseslərini sürətləndirdi və tezliklə SSRİ adlı dövlət milli-siyasi proseslərin məntiqi nəticəsi kimi süquta uğradı.

1990-cı ilin yanvarından sonra Azərbaycanın rəhbərliyi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsindən uzaq oldu. İlk dəfə olaraq Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətdə olan siyasi qruplar 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasihüquqi qiymətin verilməsinə cəhd göstərmədilər. Baxmayaraq ki, Naxçıvanda bununla bağlı ilk addım atılmışdı, müvafiq qərar qəbul edilmişdi. Bu məsələdə də məhz Heydər Əliyev milli təəssübkeşlik  nümunəsi ortaya qoydu. Xalqın istək və tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin təkidi və təşəbbüsü  sayəsində xalqımıza qarşı törədilən qanlı və qəddar aksiyaya dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Respublikamızda 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə daim böyük diqqət yetirilib, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılıb. Ulu Öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlət başçısının fərmanları ilə 20 Yanvar şəhidi ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

1990-cı il yanvarın 20-də canlarından keçən vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm hüzn, həm də milli qürur günü kimi düşən bu hadisə Azərbaycan xalqının azad və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan etdi.

 

Könül NURULLAYEVA

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.- 20 yanvar.-  S.4.