32 ilin xatirələri...

 

20 Yanvar şəhidləri müstəqilliyimizin elçiləri, azadlığımızın simvollarıdır. Fəqət 20 Yanvarın digər rəmzləri də var, o rəmzlərin də xatirələri var...

Bunu onların dilindən dinləyək...

 

Azadlıq meydanının yaddaşında...

 

 - Adətən günəş çıxdığı anda Bakı üfüqlərə bürünür, mavi Xəzərə düşən işartılar göz qamaşdırır, paytaxtın rəngarəngliyi könül oxşayırdı. Artıq neçə gün idi ki, günəşin şəfəqləri şəhərə gəlib çatmırdı...

Soyuq qış günləri keçirdi. Bozsolğun hava heçxoş təəssürat yaratmırdı. Həmin gündən, yanvarın 16-dan başlayaraq ətrafıma minlərlə insan toplaşmışdı. Bu gördüyüm birinci izdiham deyildi, amma nədənsə bu dəfə daha qürurlu hiss edirdim onları...

Xalq müxtəlif şüarlarla ümumi tətil elan etmişdi. O an bıçağın sümüyə dirəndiyini anlamışdım. Qanlı gözlərin alovlu baxışları ilə daş kimi möhkəm yumruqlar havada qalxıb-enirdi. Bu hisslər çox coşqulu idi. Onlar ermənilərin haqsız ərazi iddialarına son qoyulmasını, Bakı ətrafına yığılan qoşunların Qarabağa və Ermənistanın hücum etdiyi sərhəd bölgələrinə göndərilməsini tələb edirdilər. Baş verənlərə səbəb isə faciə törətmənin astanasında duranların əməllərinə millətin gücü ilə mane olmaq arzusu idi.

Sən demə, özüm də bilmədən 3 il ərzində yurdumun milli-azadlıq hərəkatına meydanlıq etmişdim. Əslində, bunu adım Azadlıq meydanı adlandırılan zaman anlamalıydım. Xalq məni hərəkatın başladığı vaxtdan, 1988-ci ildən belə çağırırdı.

Növbəti günlərdə olacaqlardan xəbərsiz idik. Gecəyarı güllə səslərini eşidər-eşitməz bağırmışdım. Ancaq gecikmişdim. Xalqım qan ağlayırdı. Mən də onlara qoşulmuşdum. Səhəri ətrafım qırmızı rəngə bürünmüşdü. Amma bu dəfə sinəmi qan deyil, qərənfillər qırmızı göstərmişdi...

 

Küçələrin dilindən...

 

- Buludlar bədbin ruhu ilə başımızın üstündə xoşagəlməz ab-hava yaradırdı. Bir neçə gün idi ki, üzərimizdə özlərinə məcbur yer edən ağır, yad cismlərə dözməli olurduq. Doğrusu, ton ağırlığında vasitələr günün hər saatında şütüsələr də, zəhmətkeş insanlarımıza açdığımız qucaqda onlar ehmallıca hərəkət edirdilər.

Bunlar isə gəldikləri vaxtdan hərəkətsiz durduqları halda belə vahimə yaradacaq gücdə olan qurğular idi. O dəhşətli günün gecəyarısı ilk dəfə yola düşmüşdülər. Sevinmişdik ki, bu naməlumlardan qurtuluruq. Elə bu andaca dəhşətli səslər fikirlərimizi sonlandırmışdı.

Səslərin gurultusu deyəsən insanları qorxutmuşdu. Onlar yerə yıxılıb, bizə sığınırdılar?! Yox, yox... Buistidir belə? Hər gün sübh tezdən toz olan səthimizi tər-təmiz yuyurlar. Bəlkə yenə elədir? Yox, nəsə qəribə qoxu gəlir. Deyəsən, bu qan qoxusudır. Bizə sarılan insanların qanı...

 

Metronun danışdıqları...

 

- O gecə sonuncu qatar növbəsini bitirdikdən sonra metro bağlanacaqdı. Adətən gecəyarısına yaxınlaşan vaxtda stansiyaya üz tutanların sayı az olurdu. Lakin qəfildən insanlar hay-küylə, dəhşətli qışqırıq səsləri ilə içəri daxil olmağa başladılar. Adını daşıdığım şərəfsiz ordu millətimi qırmağa başlamışdı.

O andakı qələbəlik məni həddindən artıq təlaşlandırmışdı. Özümü itirsəm də, xalqımın köməyə ehtiyacı var idi. Güllə yaralarından inləyənlər yalvarışlarla kömək istəyirdilər. Tez təşvişimi kənara qoyub yaralıları qatarlarla xəstəxanaların olduğu stansiyalara çatdırmışdım.

Digərləri isə mənə sığınacaq kimi üz tutmuşdular. Gülləbarandan qorunmaq üçün onlara öz yeraltı dünyamı açmışdım. Bura heç bir tank girə bilməzdi. Onlar  mənə sığınmış, mənsə bütün gücümlə onları qorumağa köklənmişdim.

Həmin gecə səhərə qədər işləyən insanlar üçün əsl pənah yeri olmuşduq. O gündən sonra çarəsizlikdən üz tutanların ümid mənbəyinə çevrilib bu yolda iki əməkdaşımızı itirdik. “XI Qızıl Ordukimi tanınmağıma isə 1992-ci ildən son qoyuldu, baş verən hadisələrin xatirəsinə əbədiləşdirilərək “20 Yanvar” metrostansiyası adlandırıldım.

 

Dağüstü parkın sözləri ilə...

 

- Şəhərin ən yaxşı mənzərəsinin göründüyü yüksəkliyə sahib olmağın üstünlükləri çoxdur. Hər kəs tərəfindən ən özəl və əvəzedilməz anlarda üz tutulan məkan olursan. Ziyarətçilərin buradan aldığı zövqə şərik çıxmağın başqa ləzzəti də var idi.

Yanvarın 22-si günü bura tərəf gələn 2 milyonluq kütlə isə məni göz yaşları ilə salamlamışdı. Məkanım dəhşətli faciədə şəhid olanlara layiq görülən ən üstün yer kimi seçilmişdi. Mən qoynumda həzin laylalarımla o qəhrəmanları ədəbi uyudacaqdım. Bu yükün ağırlığına ilk anda tab gətirə bilməmişdim.

Sonradan millətimin belə qoçaq yetirmələri ilə daha yaxından tanış olacağımı düşünəndə içimdəki ağrını basdırıb sinəmi fəxarətlə qabağa vermişdim. O gündən bəri 147 qəhrəmanla həmsöhbət olub birlikdə xəyallara dalırıq. Şəhidlərim vətən və vətəndaş uğrunda ali zirvəyə ucalmış kəslərdir.

Qərənfillərlə bəzədilən xiyabanın əbədiyaşar sakinləri böyük bir başlanğıcın - vətənimizin müstəqillik yolundakı addımlarının əsas sütununu qoyublar. Həyatını, xəyalını bu yolda itirən hər kəsin qanı isə Vətən deməkdir.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.- 20 yanvar.-  S.6.