Qubanın 20 Yanvar şəhidlərinin həyat hekayələri

 

1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinin şanlı səhifəsidir.  Bu gün hər bir azərbaycanlının, sülhsevər insanların yaddaşında əbədiyyətə qədər gedəcək bir tarixdir 20 Yanvar.

Bu tarix hər zaman xatırlanacaq, yad ediləcək. 32 il keçməsinə baxmayaraq, insanların beynində bir qanlı Yanvar faciəsinin yaşamasının səbəbi də budur.  bu gündən hamıya qeyrət, ləyaqət, vətəndaş payı düşür.

20 Yanvar şəhidlərinin dördü qubalıdır. Elçin Suyəddin oğlu Qeybullayev əsgəri xidmətini Əfqanıstanda keçmişdi. 1968-ci ildən olan Elçin orta məktəbdən sonra Xaçmazdakı texniki peşə məktəbini  bitirmişdi. Əsgərlikdən sonra Bakıya gələrək 20 saylı ixtisaslaşdırılmış tikinti idarəsinə işə düzəlmişdi. Az zamanda özünə hörmət qazanan Elçin onu ev növbəsinə  yazmaq istəyən kadrlar idarəsinin işçisinə belə demişdi: “Qardaş, mənə burada heç nə lazım deyil. Yataqxanada qalıram, bəsimdi. Mən onsuz da Qubaya qayıdacam. Kimin evə ehtiyacı var, ona da verin. Mənimçün rayonum dünyanın cənnətidir”. 

Həmin 20 Yanvar gecəsi 2 saylı Tibb məktəbindən təmirdən qayıdırdı. İki nəfər idilər. Yolda əlisilahlı əsgərləri görəndə bir qədər çaşqınlıqla əsgərlərə tərəf gedirlər. Onlara silah qaldıranlara “Mən beynəlmiləl döyüşçüyəm. Axı nə olub bu şəhərdə?!” deyir. Lakin əsgərlər onları atəşə tutur.

Səhər səkinin kənarında başını müqəddəs saydığı torpağa qoyub gözləri əbədi yumulmuş halda tapılır Elçin. Əfqanıstanda tərkibində oddan-alovdan keçdiyi ordunun əsgərləri tərəfindən  qətlə yetirilən Elçin cənnət bildiyi Qubada Şəhidlər xiyabanında dəfn olunur.

Raqif Məmməd oğlu Hüseynovu Qubada hamı yaxşı tanıyırdı. Səkkiz övlada tərbiyə verən qəlbi təmiz, hamı ilə ünsiyyət qurmağı bacaran Raqif 1985-ci ildə günahsız yerə 8 il həbs cəzası almışdı. Onu şərləmişdilər. Raqifin şəhidliyindən sonra o adamların bəlasını Allah verdi. Bu gün onu şərləyənlərin nəslindən bir nəfər də olsun sağ adam qalmayıb. Raqifin övladları, nəvələri isə Qubanın fəxridirlər.

20 Yanvar günü Bakıya sənədinin dalınca gəlmişdi. Həbsdən yenicə çıxan Raqif azadlığının ilk günlərini yaşayırdı. Məqsədi həbs yerindən pasportunu alıb. Qubaya qayıtmaq idi. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Pasportunu alan Raqif indiki 20 Yanvar meydanına gəlir ki, yolüstü maşınlardan biri ilə Qubaya getsin. Taksi maşınından düşdüyü yerdə atılan güllələr onun həyatına son qoyur. Raqif azadlığın şirinliyini dadmamış dünyasını dəyişir.

Müzəffər Qəzənfər oğlu Həsənov 1939-cu ildə Qubanın Yerfi kəndində doğulmuşdu. 4 uşaq atası olan Müzəffər bir müddət əvvəl Bakıya köçmüşdü. Sürücü işləyib ailəsini dolandırırdı.

Müzəffərin ölümü də qəribə olmuşdu. O iki dəfə ölübiki dəfə dəfn edilib. Həmin gecə oğlunu evdə tapmayan Müzəffər çölə çıxır. Oğlu demə, qonşuda imiş. Bir qədər sonra evə qayıdan Zahir də atasını axtarmağa gedir. Zahir səhərə yaxın kolların arasından onun pencəyini tapır. Ətrafı axtaran oğul bir meyit görür. Həmin meyit əzilmiş halda olduğundan onu tanıya bilmirlər. Boyuna görə onu atası bilən Zahir dostları ilə parçalanmış cəsədi məscidə aparırlar. Atasının adı ilə Şəhidlər xiyabanında dəfn edirlər. Atasının üç mərasimini də verirlər.

Ancaq sonrakı gün Müzəffərin sağ olduğu xəbəri yayılır. Xəstəxanaya gələn Zahir atasını tapır. Sonradan Müzəffər bunları söyləyir: “Əsgərlərə yaxınlaşıb salam verdim. Onlar məni qarşılarında görəndə yaxınlaşıb burda niyə dayandığımı soruşdular. Dedim ki, oğlumu axtarıram. Sonra onlar məni döyməyə başladılar. Məni  tankın yanına sürüyüb apardılar. Bu zaman ora yaxınlaşan bir zabit məni onların əlindən aldı. Danışığından ukraynalıya oxşayırdı. Özü maşın tutub məni xəstəxanaya göndərdi”.

Yanvarın 29-da Müzəffər dünyasını dəyişdi. Üstündən 32 il keçsə də, onun yerinə dəfn edilənin kimliyi bilinmir. Hər dəfə xiyabana gələn əzizləri Müzəffərlə bərabər onu da yaxın adam kimi ziyarət edir, ruhuna dualar oxuyurlar.

Mirzə Rzabala oğlu Qəniyevin də soy-kökü Yerfidəndir.  1958-ci ildə anadan olan Mirzə ailəsi ilə birlikdə Bakıda yaşayırdı. Su idarəsində çilingər işləyən Mirzə gec evlənmişdi. İlk və yeganə övladı Şövqini dünyalar qədər sevirdi. Həmişə yerində dostlarına, “Gərək tez evlənəydim, uşaq nə yaxşı varlıq imiş”, - deyərdi.

Həmin gün oğlunun yanına tələsən Mirzə atəş səsi eşidib taksiyə minir. Evlərinə çataçatda maşını vururlar. Sonra onları maşından çıxarıb bərk döyürlər. İki güllə yarası alan Mirzə uzun müddət həyatla ölüm arasında mücadilə aparır. Fəqət alınyazısı onu ailəsinə deyil, müqəddəs şəhidlik zirvəsinə qovuşdurur.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 20 yanvar.-  S.8.