20 Yanvar zamanın aynasında

 

Bəzən ömür bizə çox uzun gəlir, çünki saniyələr, saatlar, günlər, aylar və illər var. Amma reallıqlar başqadır: Yer Günəşin başına 50-60 dəfə, ya da ondan bir az çox dolanan kimi ömür bitir...  Sən demə, həyatımız aylardan və illərdən yox, yaddaşımıza həkk olunan xatirələrdən ibarət imiş. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hamı eyni dərəcədə kükrəyən dəlisov bir ruhla tilsimlənmişdi və hər birimizin ürəyi Bakının qaranlıq çökən küçələrində məşəl kimi alışıb yanırdı.

Gecə nə qədər xoflu və səksəkəli olsa da, gözə görünməyən ölüm mələkləri bizimlə qol-boyun olub əcəl yallısını  getsələr də, təhlükələrə kor idik. Azadlığın bolluğundan ağlını itirən pərvanələr kimi yerlə-göy arasında qanad çalırdıq. Şəhərin bu başından girib o biri başından çıxırdıq.

Guya yatmasaydıq, keşik çəksəydik, küçələrdən yığışmasaydıq Bakıya sovet qoşunları girməyəcəkdi... Şəhərin müxtəlif yerlərində, hətta gecələr belə insanlar toplaşırdı, izdihamlar kükrəyirdi. Qığılcım kimi qəfildən alışan bu izdihamlar itaətkar kütlədən daha çox məşəl kimi alışıb nur saçan parıltılara bənzəyirdi.

Gecənin qaranlığından qarşına kim çıxsaydı, sənə doğma, yaxın gəlirdi, hamı zəncir kimi bir-birinə möhkəm bağlanmışdı. Zərrə-zərrə yığılıb nəhəng dalğalarda birləşən insanlar okeanlar qədər sonsuz və möhtəşəm görünürdülər...

Kremlin növbəti qətliamı başlayandabaş verdiyini anlamaq çətin idi. Hamı hədəfdə idi və kimsə də qurtulub qaça bilməzdi.  Evlərinin içindən vahimə ilə səmanı süngüləyən kor güllələri izləyənlər də aciz idilər. Bakı vahiməli və müdhiş  uğultunun caynaqlarında boğulurdu.

Tanklar tırtıllarıyla küçələri şallaqlayırdı.  Qırmızı meydanına “Qızıl meydan”, qırmızı ordusuna “Qızıl ordudedik. 70 il sevdiyimiz sovet ordusu gecənin ağuşuna atılan insanları dinindən, millətindən, yaşından asılı olmayaraq qətlə yetirdi. O gəcə Sovet İttifaqı kimi nəhəng imperiya qətlə yetirildi və Bakıda SSRİ dar ağacından asıldı.

Unutmadığım və yaddaşımda sərtləşib daşa dönən xatirələrdən biri şəhidlərin dəfni günü on minlərlə insanın hönkür-hönkür ağlaması idi. Mən də hönkürən izdihamın içində bir damla göz yaşından savayı bir şey deyildim. Şəhidlər xiyabanınadək yollara döşənən qərənfillər də gözləmədikləri aqibətin sahibələri kimi ağılarını küçələrin not dəftərinə qan daman ləçəkləriylə düzürdülər. Xəzərdə Bakıya əli çatmayan gəmilər fit verib dərdli-dərdli bağırırdı, dəmir yollarında qatarlar qəzəbini dəmir təkərləri ilə relslərə çırpıb şaqqıldayırdı, şoselərdə avtomobillər siqnal verib ağlayırdı. O gecənin səhərisi sağ qalmaq elə ağır bir dərd idi ki, insan ölməyindən çox yaşamağına hönkürürdü, öz dirisinə ağı deyirdi. Çünki o gecə ölmək sağ qalmaqdan daha asan idi. Kim ölümün əcəllə çiçəklədiyi yerdə boy verib görünürdüsə, qismətini qucaqlayıb asfalta çırpılırdı. O gecə mənim yaddaşımda ölümün ən gözəl mükafat olduğu məqam kimi qaldı. Biz, sağ qalanlar, bəxti gətirməyənlərdən olduq.

İndi, o qanlı gecədən 32 il sonra ömrün ixtiyar zirvəsindən qanrılıb geri baxanda fərqli səhnələri görürsən və fərqlı hisslərin sahibi olursan. Zamanın aynasında illər presləndikcə daha aydın mənzərələri görürsən. 44 günlük müqəddəs müharibənin içindən 1990-cı ilin yanvar qətliamına baxanda xalqın, dövlətin və liderin azadlığa gedən yollarının hansı uçurumlardan keçdiyini və 44 günlük müharibədə bu xalqın hansı mərdliklə, hansı rəşadətlə ölümün üstünə dik şığımalarının şahidi olursan. Ali Baş Komandanın, ordunun və xalqın möhtəşəm vəhdəti ən müasir döyüş qaydalarının, ən müasir silahların tətbiqi ermənilərə diz çökdürdü. Və bütün dünya bizi qalib kimi alqışladı. Əgər 20 Yanvarda hər verdiyimiz qurban bizi daha ağır sarsıntılara məruz qoyurdusa, 44 günlük müharibədə verdiyimiz 3 minədək şəhidin hər biri qələbəmizin üfüqlərində günəş kimi parladı. Biz 30 ildə dəyişdik, qüdrətli və möhtəşəm xalqa çevrildik. Hər birimiz: “Ali Baş Komandandan “Vətən sağ olsundeyib göz yaşlarını düşməndən gizləyən analara qədər. Biz 20 Yanvarda dəniz kimi çalxalanan Bakıda özümüz   bilmədən ölümün ağuşuna atılırdıq. Beləcə, hər kəz öz əcəli ilə vuruşurdu. Biz xalq idik, ölümünə sevinən, vahimələnməyən xalq. O gecə kimə və nəyə tərəf qaçdıqlarını bilməyən yüz minlərlə insan bir istiqlaliyyət himnini bəstələyirdilər. Biz o himnin sədalarını 30 il sonra Qarabağ döyüşlərində heyranlıqla eşitdik və dinlədik.

O zamanlar Moskva Sovet İttifaqının beyni idisə, bütün superdövlətlər Bakını onun ürəyi sayırdılar. Məhz buna görə Qarabağ ortaya atıldı, Qərbdən dəstəklənən ermənilərin zurnası altında Bakıda qırğın törədildi və Sovet İttifaqı ürəyindən vuruldu.

Romalıların əlindən zəhər badəsini içən Sokratın son sözləri yada düşür: “Romalılar! Siz məni ölümə, mən isə sizi yaşamağa məhkum edirəm. Bir göydəki allahlar bilir ki, kimin kimə kəsdiyi cəza daha ağırdır”. Bakı qətliamında da eləcə Kremlin Bakıyamı, yoxsa özünəmi cəza kəsdiyinə zaman cavab verəcək.

Biz xalq kimi 20 Yanvar gecəsi törədilən saysız-hesabsız faciələrin sarsıntılarını asan yaşamadıq. O qanlı gecədə itirdiklərimizi 44 günlük müharibədə zərrə-zərrə bərpa etdik. Gənclərimiz aslan kimi düşmənin üstünə yeridi, hər igidin savaşı bir qəhrəmanlıq salnaməsi idi. Bizim buxovlanan, qırılan arzularımızın dalınca savaşa atılan övladlarımız elə qəhrəmanlıqlar göstərdilər ki, bütün dünya bizim nə qədər fərqli və nə qədər cəsur olduğumuzu gördülər. Ali Baş Komandanın  xarici jurnalistlərə verdiyi hər müsahibənun özü bir döyüşə bərabər idi. O, xarici müxbirləri informasiya mübarizəsində necə yerinə otuzdurursa, əsgərlərimiz də elə cəsarət və igidliklə düşməni son nəfəsinədək qovurdu. Hamımız yaxşı bilirik ki, istənilən xalq içindən parçalananda, qırılanda aciz düşür, düşmən də onu zəif yerindən vurmaq imkanı qazanır. 44 günlük müharibə bironu təsdiq edir ki, xalq zəncir kimi bir-birinə bağlananda, heç kimin onu məğlub etməyə gücü çatmır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 22 yanvar.- S.5.