“Hələ ömür sarayıma qoyulası çox kərpicim var

 

Ötən hər günü ömür evindən qopan kərpiclə müqayisə edənlərin bu bənzətməsi nə qədər şairanə olsa da, yaş üstə yaş gətirən günlərin, illərin  məntiqini, fəlsəfəsini əks etdirmir. Bu baxımdan biz yaşadığımız hər günü, hər ili ömür evindən qopan yox, ona qoyulan növbəti kərpicə bənzədərdik. İnsanın ömür sarayı doğulduğu gündən qoyulan bu kərpiclərdən hasilə gəlmirmi?!

Kiminin bu sarayını əcəl yarımçıq qoyur, kimininkinin heç izi-tozu da qalmır, kimininki isə illərlə nəsillərə örnək olur.

Həmkarımız, həm də təkcə həmkarımız yox, dostumuz, əzizimiz, qəzetimizin Qarabağ və artıq Şərqi Zəngəzur üzrə bölgə müxbiri Lazım Quliyev ömrünün 70-ci yanvarına qədəm qoyub. Onun haqqında bu həmkar yazısına bir az uzaqdan - ömür sarayından başlamağımız isə boş yerdən deyil. Çünki Lazım Quliyev istər Gəncə Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini qurtarandan sonra kənd məktəbində müəllim, istər Tərtər və Bərdədə çıxan qəzetlərdə müxbir və şöbə müdiri, istərsə də 2002-ci ildə “Azərbaycan” qəzetinə gələnəcən qısa müddət dövlət işində çalışarkən bacarığı, savadı, məsuliyyəti və səmimiyyəti ilə özünə kərpic-kərpic elə bir ömür sarayı  ucaldıb ki, onunla yalnız fəxr etmək olar.

Ancaq bilirik ki, Lazım müəllim bununla razılaşmayacaq. Təkcə ona görə yox ki, təxminən 50 il qələmi yerə qoymayan, bu müddət ərzində yazdığı məqalələrinin sayı-hesabı olmayan, Əməkdar jurnalist L.Quliyev təvazökar insandır. Həm də onun üçün ki, Lazım ömür sarayını hələ tamamlamadığını deyir. Səbəbini özü açıqlamasa da, biz bilirik.

Lazım Quliyev Bərdədə doğulub boya-başa çatsa da, əslən Laçındandır. Bu üzdən o, 30 ilə yaxın idi ki, ürəyində yurd nisgili daşıyırdı, böyük Vətənində özünü kiçik vətənsiz hesab edirdi.

İndi, şükür Tanrının böyüklüyünə, təkcə Lazım yox, onun kimi yüz minlərlə soydaşımız yurduna, ocağına qovuşub. Belə bir vaxtda Lazım Quliyev dinc dayana bilərmi?!

İndi onun ən böyük arzusu işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən reportajlar, məqalələr hazırlamaqdır. Deyir ki, gediş-gəliş sərbəstləşən kimi qələmini və yatağını götürüb köçəcək ata yurduna: “Bu 30 ildə ürəyimdə yazmadığım fikirlər, demədiyim sözlər qubar edib. Onları kağıza köçürməsəm, doğma “Azərbaycan” qəzetinin səhifələrində görməsəm, peşəmə xəyanət etmiş olaram. Ona görə də ömür sarayına qoyulası hələ çox kərpicim var. Bunun üçünsə Allahdan möhlət istəyirəm”.

Biz isə öz növbəmizdə qələm yoldaşımıza həm də iki gül nəvəsinin toyunu görməsini arzulayırıq.

Allah bütün arzularına qovuşdursun, 70 yaşlı  həmkarımız!

 

Azərbaycan.- 2022.- 22 yanvar.- S.7.