Omikron” sürətlə yayılır

 

COVID-in həyatımızdan yaxın gələcəkdə yox olacağı ilə bağlı ümidlər alt-üst olur

 

COVID-19 pandemiyasına səbəb olan koronavirusunOmikron” ştamının sürətlə yayılması ölkələrdə yoluxma hallarında çox ciddi artımların baş verməsinə gətirib çıxarır.

Omikronun artıq dominant növə çevrildiyi bir çox ölkədə COVID-19-a yoluxma halları ilə bağlı rekord göstəricilərin yenilənməsi koronavirusun həyatımızdan tamamilə yox olub gedəcəyi ilə bağlı ümidləri alt-üst edib. Artıq bəzi mütəxəssislər COVID-in əbədi olaraq bizimlə qalacağı fikrini söyləyirlər.

“Şübhəsiz ki, COVID əbədi olaraq bizimlə olacaq. Biz heç vaxt COVID-i yox edə və ya aradan qaldıra bilməyəcəyik, ona görə də məqsədlərimizi müəyyən etməliyik” deyən amerikalı epidemioloq, Yale İctimai Sağlamlıq Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Albert KoOmikrondan sonra koronavirusun növbəti mutasiyalarının ortaya çıxacağını da düşünür.

Harvard T.H. Chan Xalq Sağlamlığı Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Stiven Kisslerin fikrincə, COVID-19-a yeni yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm halları kifayət qədər çox sayda ölkədə elə bir həddə olmalıdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın rəsmi olaraq başa çatdığını elan etsin. Bu həddin nə qədər olacağı isə hələ məlum deyil.

Amma Stiven Kissler ümid edir ki, qrip kimi SARS-CoV-2-nin də endemik olduğu bir nöqtəyə gəlib çatacağıq.

Türkiyəli professor Osman Müftioğlu isə hesab edir ki, pandemiyaya səbəb olan virus getdikcə əhliləşəcək və yaxın gələcəkdə pandemiya endemik vəziyyətdə olacaq.

 

Peyvənd olunmayanlar üçünOmikron” təhlükəlidir

 

Hazırda dünyada COVID-19-a qarşı hər gün 35,22 milyon doza tətbiq olunur. Ümumilikdə dünyada COVID-19-a qarşı peyvənd olunan dozaların sayı 9,49 milyardı ötüb. Dünya əhalisinin 59 faizi ən azı bir doza COVID-19 peyvəndi alıb. Aşağı gəlirli ölkələrdə insanların yalnız 9 faizi COVID-19 peyvəndinin bir dozasını alıb. Birləşmiş Ərəb Əmirliyi əhalisinin 2 doza peyvənd olunma göstəricisinə görə dünyada birinci yerdədir.

Mütəxəssislərin sözlərinə görə, ölkədə COVID-19-a qarşı kollektiv immunitetin formalaşması üçün əhalinin ən azı 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycanda 65 faizi 18 yaşdan yuxarı olmaqla, ümumilikdə əhalinin 47 faizi iki doza peyvənd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yüksək yoluxucu “Omikron” ştamının yayılması fonunda beynəlxalq ictimaiyyəti bütün ölkələrin öz əhalisinin COVID-19-a qarşı immunizasiyasının təminatı üçün səyləri gücləndirməyə çağırıb. ÜST-ün aparıcı epidemioloqu Mariya van Kerxov bir daha xatırladıb ki, dövlətlər “Omikron” ştamının sürətlə yayılması fonunda busterin - əlavə peyvəndlərin köməyi ilə pandemiyaya qalib gələ bilməyəcəklər: “Sıx ünsiyyət, sübut edilmiş tədbirlərin məhdud istifadəsi və məhdud peyvənd əhatəsi - bu şərtlər istənilən ştamın, hər hansı bir virusun çiçəklənməsini təmin edəcək”.

ÜST-ün epidemioloqu Abdi Mahmud isə qeyd edib ki, yeni COVID-19 dalğasının tüğyan etdiyi Londonda pasiyentlərin xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki epidemiyalar dövrü ilə müqayisədə 20 faiz aşağıdır: “Bu, o deməkdir ki, əgər peyvənd olunmusunuzsa, qorunursunuz, lakin risk altındasınızsa və peyvənd olunmamısınızsa, “Omikronsizin üçün təhlükəlidir. Virus xüsusilə insanların sıx olduğu yerlərdə və zəif havalandırılan otaqlarda sərbəst şəkildə çoxalır”.

 

Bəzi insanlardakı genlər ağır xəstəlik riskini təxminən 23 faiz azalda bilər

 

COVID-19-la bağlı elmi araşdırmalarını davam etdirən alimlər koronavirusa yoluxma ilə bağlı yeni maraqlı məlumatlar əldə ediblər. Xəstələrin genetik quruluşunun SARS-CoV-2 infeksiyasının şiddətinə necə təsir etdiyini araşdıran alimlər insanlarda xəstəliyi daha ağır keçirməyə səbəb olan (yaxud onu yüngülləşdirən) bəzi irsi xüsusiyyətlərin olub-olmadığını tədqiq ediblər. Tədqiqatların nəticələri çox ümidverici olub. Mütəxəssislər yeni araşdırma zamanı insanları ağır xəstəliklərdən qoruyan xüsusi gen qrupu ilə qarşılaşıblar. Məlum olub ki, bu variantlar SARS-CoV-2 infeksiyası olan insanlarda ağır xəstəlik riskini təxminən 23 faiz azalda bilər. Bununla belə əsasən neandertallardan miras qalan DNT parçasının hansı hissəsinin COVID-dən qoruduğu hələ müəyyən edilməyib. Buna görə də bu genlər insanları COVID-dən qoruyan genya genlər adlandırılmayıb.

Böyük BritaniyaBraziliyadan olan tədqiqatçılar isə bəzi insanların virusa qarşı təbii immunitetə malik olub-olmadığını qiymətləndiriblər. Mütəxəssislərin fikrincə, bəzi insanların immun sistemi artıq virusla mübarizə üsullarını bilir. Oksford Universitetində və London İmperial Kollecində aparılan son araşdırmada könüllülər nəfəs aldıqları maye məhlulla müəyyən miqdarda virusa yoluxurlar. Bu insanların bəzilərində antikorların və T hüceyrələrinin partlayacağı, bəzilərində isə belə bir reaksiyanın baş verməyəcəyi proqnozlaşdırılır. Tədqiqata cəlb edilən insanların qanlarında COVID antikorları olmasa da, T hüceyrələrinin, xüsusilə COVID ilə mübarizə aparan spesifik T hüceyrələrinin sayı çox yüksəkdir.

 

İlhamə İSABALAYEVA,

 

Azərbaycan.- 2022.-23 yanvar.- S.1; 8.