Ermənistanda daxili qarşıdurma daha gərgin mərhələyə keçir

 

Paşinyan hakimiyyətinin getdikcə gücləndiyi Ermənistanda insan haqlarının pozulması daha geniş vüsət almağa başlayıb. Hakimiyyət ona qarşı bütün etirazları güc, təzyiq və həbslərlə susdurmağa çalışır.

Bunun nəticəsidir ki, siyasi baxışlarına, hakimiyyətə qarşı səsləndirdiyi tənqidi fikirlərinə görə həbsə atılanların sayı durmadan artır. Daha bir problem isə həbsdə olan insanların hüquqlarının kobud şəkildə pozulması, onların müxtəlif zorakılıqlara, təhqirlərə məruz qalmalarıdır.

İki il əvvəl erməni siyasətçilər xəbərdarlıq edirdilər ki, Paşinyanın dövlət sistemini sökmək, dağıtmaq, “özününküləşdirmək” və ələ keçirmək cəhdi ölkənin İnsan Hüquqları Müdafiəçisi İnstitutuna da çatacaq.Past” nəşri yazır ki, ötən gün Nikol Paşinyan 68 “nikol” ilə (deputatları nəzərdə tutur - red.) birlikdə Kristine Qriqoryanı ombudsman “təyin edə” bildi: “Fakt faktlığında qalır ki, bu yolla Paşinyanın növbəti arzusu, yəni daha bir qurumu dağıtmaq, məhv etmək reallığa çevrilir. Üstəlik, bu qurum azsaylı qurulmuş strukturlardan biri olan institutdur. Bu strukturun formalaşmasında, ən azı bir hissəsi istisna olmaqla, Ermənistanın bütün ombudsmanlarının öz töhfələri və xidmətləri olub. Nə qədər qəribə səslənsə də, hətta indiki ədliyyə naziri Karen Andreasyan da uğursuz ombudsman sayıla bilməz”.

Qeyd olunur ki,  Arman Tatoyan insan hüquqları müdafiəçisi üçün müstəqil qurum kimi elə bir meyar qoyub ki, onu saxlamaq çox çətin olacaq. Amma hakimiyyətin məqsədi o izi saxlamaq deyil, əksinə, onu sona qədər məhv etməkdir ki, nəticədə hüquq müdafiəçisi Nikola bağlı struktura çevrilsin. İndi belə olacağı göz qabağındadır.

Ermənistanda prezidentin istefasından sonra ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili “Sarkisyan-Koçaryan” koalisiyası ilə Nikol Paşinyan iqtidarı arasında daha böyük qarşıdurmanın olacağını göstərir.  Artıq Armen Sarkisyanın yerinə yeni namizədlə bağlı müzakirələr başlayıb. Bu barədə hakimMülki müqavilə” partiyasının deputatı Gevork Papoyan deyib. O bildirib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə yeni namizədlə bağlı müzakirələrə başlamaq üçün hələ 5-6 gün vaxt var. Armen Sarkisyan hələ ki (o, istefasını geri götürə  bilər) prezident olaraq qalır: “Bu vəziyyətdə biz yeni namizədlə bağlı məsələnin müzakirəsini tez hesab edirik, çünki ən azı nəzəri cəhətdən qanun Armen Sarkisyana istefa ərizəsini geri götürməyə imkan verir. Qanunvericilik imkan verən kimi məsələni müzakirə edəcəyik”.

Deputat Vaaqn Hovakimyan isə xatırladıb ki, prezidentin yekun istefasından sonra namizədlərin irəli sürülməsinə 5 gün qalır. O zaman rəsmi müzakirələr başlayacaqdır.

Ermənistan prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığının olması ilə bağlı “Hetq” nəşrinin yaydığı məlumatdan danışan Vaaqn Hovakimyan bildirib ki, bu mesaj hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Bəzi ekspertlər deyirlər ki, Armen Sarkisyanın istefası ölkədə yeni reallıqlar yaradıb. Belə ki, hökumət yaxın gələcəkdə tamamilə birqütblü ola bilər. İndi ölkə vətəndaşları Armen Sarkisyanın Ermənistan prezidenti kürsüsünə necə gəlib çıxdığını müzakirə edirlər. Onlar xatırlayırlar ki, həmin dövrdə - 2018-ci ilin aprelində prezident seçkiləri keçirilməzdən öncə - müxtəlif adlar, xüsusən də Vazgen Manukyanın ismi hallanırdı. Lakin o zaman dövlət başçısı postundan getməyə hazırlaşan Serj Sarkisyanın xarici dilləri bilən şəxsin prezident seçiləcəyini bəyan etməsindən sonra aydın oldu ki, söhbət Armen Sarkisyandan gedir.

Ermənistan KİV-ində yayılan məlumata görə, məhz həmin dövrdə sabiq dövlət başçısı Robert Koçaryan üçüncü prezident Serj Sarkisyanla görüşüböz fikrini əsaslandıraraq onu Armen Sarkisyanı gətirməməyə çağırıb. Həmin söhbətdən sonra Koçaryanla Serj Sarkisyan arasında onsuz da gərgin olan münasibətlərin ümumilikdə pozulduğu bildirilir.

İravunk” qəzeti yazır ki, Armen Sarkisyan yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. Amma bir şərtlə ki, konstitusiyaya dəyişikliklər etməklə dövlət başçısının səlahiyyətləri genişləndirilsin. Qəzet yazır ki, Armen Sarkisyan hələ 2020-ci ildə verdiyi bir bəyanatda növbəti seçkilərə öz komandası ilə qatılmaqdan çəkinməyəcəyini gizlətməmişdi. O zaman A.Sarkisyan bildirmişdi ki, gələcəkdə konstitusiya dəyişiklikləri olarsa, komandasının formalaşacağını və siyasi proseslərdə fəal iştirak edəcəyini istisna etmir.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Hələ ki bu ölkə sonu görünməyən növbəti siyasi böhrana qədəm qoyur.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-27 yanvar.- S.1; 6.