General-mayor Feyzulla Mirzə Qacar

 

O da bolşevik-daşnak qruplaşmasının qurbanı olmuşdur

 

Şuşa, sən nə qədər əzəmətli və qüdrətlisən! İnsanların nə qədər mötəbər və vətənpərvərdilər. Bir anlığa dönüb tarixə nəzər salanda bu qəbildən bolşevik-erməni qurşunlarının qurbanı olmuş, arxivlərdə və cəmiyyətdə adının hallanmasına “məxfi”lik qoyulmuş neçə-neçə şəxsiyyət göz önündə canlanır. Xalqın və tarixin unuda bilmədiyi belə şəxsiyyətlərdən biriuzun müddət çar ordusunun, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti olmuş general-mayor Feyzulla Mirzə Qovanlı-Qacardır.

1920-ci ilin mayında Gəncə üsyanı zamanı bolşevik-erməni birləşmələri tərəfindən həyatına son qoyulan peşəkar hərbçi Feyzulla Mirzə Qovanlı-Qacarın haqqında sovet dönəmində heç bir məlumata rast gəlinmirdi,   Azərbaycan Sovet Ensklopediyasına da (ASE) adı düşməyib.

Xatırladaq ki, general-mayor Feyzulla Mirzə-Qacar (Feyzulla Mirzə Çəfi oğlu) 150 il bundan öncə, 1872-ci il dekabrın 15-də, Şuşada anadan olub. Uşaqlıq illərini Şuşada keçirən Feyzulla təhsilini Tiflis müdavim korpusunda davam etdirib. 1891-ci ilin avqustundan 1893-cü ilin avqustuna kimi Nikolayevsk süvari peşə məktəbində hərbi xidmətdə olub. Məktəbi uğurla bitirdikdən sonra, 1893-cü il avqustun 7-də kornet (kiçik leytenanta bərabər rütbə) rütbəsində 43-cü Tver draqun alayına göndərilib. 1899-cu il martın 15-də leytenant rütbəsinə layiq görülən Feyzulla Mirzə - Qacar əsl hərbçi karyerasına 1901-ci il noyabrın 20-də alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunmaqla başlayır. Bundan iki il sonra, 1903-cü il martın 15-də qərargah rotmistri rütbəsini alır. 1904-cü il noyabrın 3-də “İgidliyə görə” 4-cü dərəcəli “Müqəddəs Annaordeni ilə təltif edilir.

1904-cü ildə başlayan rus-yapon müharibəsi zamanı 43-cü Tver draqun alayının qərargah rotmistri Feyzulla Mirzə-Qacar həmin il martın sonunda polkovnik Hüseyn Xan Naxçıvanski tərəfindən yeni formalaşdırılan 2-ci Dağıstan atlı alayına göndərilir. Alayın tərkibində döyüş əməliyyatlarında, həmçinin 1905-ci il yanvarın 14-də baş vermiş məşhur 2-ci Dağıstan atlı alayının süvari sırası ilə Landunqou kəndi yaxınlığında yapon batareyasına hücumda iştirak edir. Yüz əsgəri yapon batareyasının üstünə aparan Feyzulla Mirzə-Qacar döyüşlərin gərgin məqamında sağ ayağından ağır yaralanır.

Yaponiya ilə müharibə zamanı müxtəlif fərqlənmələrə görə 1905-ci il yanvarın 9-da 3-cü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülür. Həmin il iyulun 11-dən avqustun 10-dək Bensixu ərazisində döyüşlərdə göstərdiyi şücaətlərə görə 3-cü dərəcəli “Müqəddəs Annaordeni ilə təltif edilir, 1905-ci il yanvarın 14-də  isə Yaponlara qarşı əməliyyatlarda fədakarlığına və misilsiz xidmətlərinə görə yasavul rütbəsinə layiq görülür.

Müharibə bitdikdən sonra Feyzulla Mirzə-Qacar rotmistr rütbəsində 43-cü Tver alayında xidmətini davam etdirir. 1906-cı il noyabrın 16-da 4-cü eskadronun komandiri təyin edilir. 1907-ci il yanvarın 28-də İranın 3-cü dərəcəli “Aslan və Günəş” ordeninə layiq görülür. Yanvarın 29-dan alay məhkəməsinin üzvü olur. Verilən əmr və tapşırıqların vaxtında icrasına böyük məsuliyyətlə yanaşan Feyzulla Mirzə-Qacar 1912-ci il avqustun 26-da xidmətində fərqlənmələrə görə polkovnik-leytenant rütbəsi alır.

Çarın 1913-cü il 18 aprel tarixli əmri ilə polkovnik-leytenant Feyzulla Mirzə Qacar 10-cu Novqorod Virtemberq kralı alayına xidmətə göndərilir, orada kiçik qərargah zabiti vəzifəsində çalışır.

Birinci Dünya müharibəsi başlayandan təxminən üç ay sonra, 1914-cü il noyabrın 27-də   Feyzulla Mirzə-Qacar Lvova general-leytenant Hüseyn Xan Naxçıvanskinin rəhbərlik etdiyi 2-ci kavaleriya korpusunda Qafqaz yerli süvari alayına xidmətə göndərilir. 1915-ci il yanvarın 5-də Mirzə Feyzulla Qacar Birinci Dünya müharibəsinin birinci ayının sonunda (1914-cü il avqustun 31-də) döyüşlərdə göstərdiyi şücaətlərə görə polkovnik rütbəsinə layiq görülür, yanvarın 31-də isə cənub-qərb cəbhəsinin baş komandanı, artilleriya generalı N.İ.İvanovun əmri ilə 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordəni ilə mükafatlandırılır. Bundan sonra Feyzulla Mirzə-Qacar ali əmr ilə Qafqaz yerli süvari alayı nəzdindəki Tatar alayının tərkibində şahzadə çeçen alayının komandiri təyin olunur.

Feyzulla Mirzə-QacarVəhşi diviziya”nın zabitləri arasında martın 17-də Rostoki kəndinin yaxınlığında baş vermiş döyüşə görə 4-cü dərəcəliMüqəddəs Vladimir” ordeni ilə təltif edilir. Sentyabrın 9-da isə Kuskovçı kəndinin yaxınlığında baş vermiş döyüşlərdə göstərdiyi igidliyə görə 2-cü dərəcəli “Müqəddəs Anna” ordeninə layiq görülür. Əsgər və zabitlər arasında peşəkar-hərbçi bacarığı ilə seçilən Mirzə Feyzulla-Qacar şahzadə 1915-ci il fevralın 15-də öz şəxsi təşəbbüsü ilə, yalnız bir zabitə malik 400 nəfərlik Uman kazak alayına rəhbərlik edərək, güclü tüfəng və pulemyot atəşi altında alayı rəşadətli hücuma sövq edir, iki dəfə döyüş meydanından qaçmaq istəyən kazakları geri qaytarır və qəti addımlar sayəsində Brin kəndini tutmağa müvəffəq olur. Buna görə 1915-ci il oktyabrın 17-də 4-cü dərəcəli “Müqəddəs Qalib Georgi  ordeni ilə təltif edilir.

Təəssüf ki, qəhrəman döyüşçü 1916-cı il dekabrın 9-da Rumıniya Vali-Salçi kəndi yaxınlığında gedən döyüşlər zamanı ağır yaralanır və Rusiyaya təxliyə edilir. 1917-ci il fevralın 17-də yenidən peşəkar ordu sıralarına qayıdaraq çeçen alayına rəhbərlik edir. Həmin il mayın 17-də general-mayor rütbəsi alır, mayın 30-da isə Qafqaz yerli süvari alayının 2-ci briqadasının komandiri təyin edilir.

Qafqazdakı rus ordusu buraxılarkən general-mayor Feyzulla-Qacar Zaqafqaziya Komissarlığının sərəncamı ilə Gəncəyə göndərilir. Milli hökumətin nəzdində ordu quruculuğu ilə məşğul olur, daha sonraŞamxor davası”nda  böyük şücaətlər göstərir. Qafqaz İslam Ordusu yaradılarkən böyük etimadla Qafqaz İslam Ordusunun tərkibində kavaleriya inspektoru vəzifəsi ona etibar edilir. 1918-ci ilin dekabrında  Azərbaycan Xalq Cümhuriyyəti ordusunun süvari diviziyasının komandiri olur. 1919-cu il yanvarın 9-da AXC-nin hərbiyyə naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilir. General-mayor Feyzulla Mirzə-Qacar Milli Ordu quruculuğunda, Qarabağda ermənilərin müsəlman kəndlərinə hücumlarının, habelə erməni silahlı birləşmələrinin Gəncəbasarda milli zəmində törətmək istədikləri neçə-neçə terror əməllərinin qarşısının alınmasında fəallıq göstərir.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti imperiya qüvvələri tərəfindən süquta uğradıldıqdan, habelə baş verən “Gəncə üsyanı”ndan sonra xalqımızın qəhrəman oğlu, şuşalı hərbçi-xadim Feyzulla Mirzə-Qacar bolşevik-erməni birləşmələri tərəfindən güllələnmişdir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 27 yanvar.- S.7.