Terrorçu dövlətin dəyişməz məkrli xisləti

 

İranın Azərbaycanla münasibətlərinin kəskinləşməsi onun özü üçün daha təhlükəlidir

 

Riyakarlıq, terrorizm dövlət siyasətinin ana xəttini təşkil edən İran yenə də Azərbaycanla bağlı böhtan xarakterli fikirlər səsləndirir, ölkəmizi ərazisində guya "sionist" qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Suriyadan gətirilən İŞİD terroristlərindən istifadəyə görə ittiham edir.

Amma hər kəsə bəllidir ki, Azərbaycan uzun illər ərzində işğal altında qalan torpaqlarını, beynəlxalq hüququ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərbi silah-sursatla təchiz olunmuş ordumuzun, qorxmaz, igid oğullarımızın qanı, canı bahasına azad edib.

Heç kəsə sirr deyil ki, Azərbaycan İkinci Qarabağ savaşında ərazi bütövlüyünü bərpa edərək regionda güc, söz sahibinə çevrilib. Təbii ki, bunu həzm edə bilməyənlər də var. Bu baxımdan ermənipərəst mövqeyi ilə seçilən, otuz il ərzində Hayastanın Azərbaycan torpaqlarını işğalını, terrorist dövləti dəstəkləyən, bununla bağlı heç bir mövqe bildirməyən Tehranın ölkəmizə qarşı hazırkı münasibəti heç də təəccüb doğurmur.

Prezident İlham Əliyev hər zaman bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdür və digər dövlətlərin daxili işlərinə qarışmır. İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri isə İranın Ermənistan ilə sərhəd dəyişikliklərinə icazə verməyəcəyini bildirərək digər ölkənin işinə burnunu soxur.

 

İranın bu cür davranışı onun gələcək faciəsidir

 

Son zamanlar baş verənlər - Londonda səfirliyimizə qarşı təxribatlar, Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı fonunda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd planının arxasında da İranın dayandığı ilə bağlı şübhələr mövcuddur. Çünki terrorizmi dəstəkləyən ölkənin öz daxilixarici siyasətində bu ünsür əsas rol oynayır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki,  Azərbaycan-İran münasibətləri mütləq nizama salınmalıdır. Deputat qeyd edib ki, iki ölkə tarixən qonşu olub və müəyyən milli-mənəvi dəyərlərimiz üst-üstə düşür: "Münasibətlərin nizama salınması hər iki ölkə üçün faydalıdır. İlk növbədə bu münasibətlərin qaydaya salınması İranın gələcəyi, düşdüyü vəziyyətdən çıxması üçün çox əhəmiyyətlidir. İran dünyanın bir çox ölkələri tərəfindən artıq təcrid olunubbu dövlətə qarşı mühüm sanksiyalar tətbiq edilib. Belə halda Tehranın Azərbaycanla münasibətlərinin kəskinləşməsi özü üçün ziyan və təhlükəlidir".

Komitə sədri bildirib ki, Azərbaycan 44 günlük müharibədə güclü dövlət olduğunu sübut edib və belə də tanınır. Ölkəmiz 30 il bundan əvvəlki deyil. Azərbaycanın iqtisadiyyatı, hərbi gücü, beynəlxalq nüfuzu xeyli artıb. Dünya da bunu qəbul edir. Bağlanılan beynəlxalq səviyyəli müqavilələr, əməkdaşlıq bu gün dünya ölkələri tərəfindən Azərbaycanın dəstəklənməsinə zəmin yaradıb. Belə bir vaxtda İranın Azərbaycan haqqında böhtan xarakterli məlumatlar yayması, çıxışlar etməsi Ermənistana əvvəlki kimi dəstək verməsi, səfirliyimizə hücum təşkil edib insanları qətlə yetirməsi, yaralanması və digər uyğun olmayan fikirlər səsləndirməsi onların xeyrinə deyil.

Azərbaycanın heç vaxt İranla ciddi münaqişələrə girmək fikrində olmadığını qeyd edən Tahir Rzayev bildirib ki, ölkəmiz həmişə İrana dəstək verib, hətta ən ağır vəziyyətdə Qərbin platformasına çevrilməsinə imkan yaratmayıb, Tehrana qarşı kəskin reaksiyalar zamanı müəyyən mənada öz mövqeyini ortaya qoyub.

"Azərbaycan Prezidenti İranla sağlam münasibətlərin tərəfdarıdır, çünki həmin ölkədə 30 milyondan artıq soydaşımız yaşayır. Onların taleyi Azərbaycanı daim düşündürür. Soydaşlarımızın haqlarının pozulması, onlara qarşı yeridilən qərəzli siyasət, əlbəttə ki, beynəlxalq hüququn normalarına, insan haqlarına ziddir. Belə hallara yol verilməsi, İranın dünyanın böyük dövlətləri ilə münasibətləri pozması bu ölkənin gələcək faciəsidir. Digər tərəfdən Ermənistanı müdafiə etməsi islami dəyərlərin əleyhinədir, çünki İran İslam Respublikasıdır, lakin uzun illərdir Tehranın hakim dairələri, molla rejimi təcavüzkar Hayastana dəstək verir. Bizim torpaqlarımızı işğal altında saxlayan, məscidlərimizi, dini, tarixi, mədəni abidələrimizi viran qoyan terrorçulara yardım göstərir", - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, İran bu gün reallıqlardan çıxış etməli, dünyada baş verən hadisələri düzgün qiymətləndirməli, ona qarşı reaksiyalardan nəticə çıxarmalı və qonşu Azərbaycanla münasibətlərin qaydaya salınmasına çalışmalıdır. Əks halda bu çox ciddi çətinliklərə gətirib çıxara bilər. Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edirsə, böyük layihələrin təşəbbüskarıdırsa, mühüm sənədlərə imza atırsa, İran bunu qiymətləndirməli və obyektiv mövqe tutmalıdır. Qonşu dövlət kimi bu  magistralların çəkilməsi, sənədlərin dəqiqləşdirilməsi həm İranın milli təhlükəsizliyi, həm də Azərbaycanın inkişafı üçün vacibdir.

İranın tutduğu yoldan əl çəkmədiyini bildirən deputat onun Azərbaycan, Türkiyə və digər müsəlman dövlətlərinin birliyindən, inkişafından nəticələr çıxarmasını vacib bilib.

Komitə sədri qeyd edib ki, İranın Hayastana dəstək verməsi, eləcə də Azərbaycan haqqında böhtan xarakterli fikirlər səsləndirməsi, sərhədlərin dəqiqləşdirilməsinə maneçilik törətməsi heç bir fayda verməyəcək: "Çünki Azərbaycan öz qüdrəti, Prezident İlham Əliyevin siyasəti, ordumuzun gücü və xalqın birliyi ilə torpaqlarını işğaldan azad edib, 30 illik  işğalçılıq siyasətinə son qoyub.  Bu günöz sərhədlərini  müdafiə etmək qabiliyyətinə malikdir. Əməkdaşlıq, qarşılıqlı münasibətlər həm dövlətlərimizin, həm də xalqlarımızın xeyrinədir. Məhz buna görə də İran tutduğu yoldan çəkinməli, xarici siyasətində Azərbaycanla münsasibətlərinə düzəliş etməlidir". 

 

Özünü din dövləti adlandıran ölkənin məscidlərdə donuz otaranlara dəstəyi

 

Milli Məclisin deputatı Tahir Kərimli qeyd edib ki, Azərbaycan torpaqları otuz il ərzində ermənilərin işğalı altında olduqda İranın dini bir olan azərbaycanlıları müdafiə etmədiyi hamıya məlumdur. Tehran bir dəfə də Azərbaycanla sərhədlərinin pozulmasına yol verməyəcəyini və bunun qarşısını alacağını bəyan etməyib: "Necə ola bilir ki, özünü din dövləti adlandıran İran məscidlərdə donuz otaran, aqressiv bir ölkəyə yardım edir? Onlar ermənilərlə dostluqlarına görə xəcalət çəkməlidirlər. Buradan görünür ki, İran heç də dövlət, dini mənafeyini üstün tutmur, ancaqancaq fars şovinizminə qulluq edir. Bunlar onların Azərbaycana qarşı aqressiyasında da özünü göstərir".

İran tərəfindən ölkəmizə qarşı böhtan, iftira xarakterli fikirlər səsləndirildiyini xatırladan T.Kərimli bildirib ki, Azərbaycan dəfələrlə ərazisində nəinki "sionist"lərin, hətta xarici dövlətlərin elementlərinin olmadığını bəyan edib. Bir sözlə, İran bəhanə axtarır. Azərbaycan qonşuları ilə daim dostluq münasibətləri sərgiləyir, o cümlədən İranla. Milyonlarla azərbaycanlı orada yaşayır. Rejim isə açıq şəkildə milli, dini birliyi üstələyən məsələlər şərh edir, Azərbaycanı düşmən kimi təqdim edir, əhalisində ölkəmizə qarşı nifrət oyatmaq istəyir: "Hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. İran əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır, onlar da bu vəziyyətdən narahatdırlar. Cənubi Azərbaycandan olan qardaşlarımız heçİran siyasətinə biganə deyillər, onlar anti-Azərbaycan kampaniyasının qarşısını almaq istəyirlər".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.-1 aprel.- S.8.