Qələbəyə gedən yol

 

Azərbaycanın hərb tarixinin şanlı və qürurlu səhifələrindən biri

 

Zəfər yolumuzun başlanğıcı hesab edilən Aprel döyüşlərindən 7 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəmi dörd gün davam edən savaş zamanı şanlı ordumuz bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad etməklə elə o zaman öz gücünü, qüdrətini nümayiş etdirdi. Hayastan isə, əslində, bu döyüşlərdə həqiqəti anlasa da, öz xislətindən əl çəkmədi.

Beləliklə, dörd il sonra "dəmir yumruğ"un dadını daddı.

Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Tərtərin QazaxlarSuqovuşan kəndləri istiqamətindəki yolları, Cəbrayılda Lələtəpə yüksəkliyini və Goranboyun Gülüstan kəndini düşməndən azad etdi.

 

Azərbaycan tarixinin dönüş nöqtəsi - şanlı Aprel zəfəri

 

Hər bir millətin tarixində onun birliyini, həmrəyliyini və döyüş əzmini daha da artıran hadisələr olduğunu qeyd edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyir ki, Azərbaycan xalqının döyüş əzminin güclənməsində, düşmənə qarşı mübarizədə həmrəylik nümayiş etdirməsində mühüm rol oynayan belə tarixi hadisələrdən biri də 2016-cı ilin şanlı Aprel döyüşləridir.

Aprel döyüşləri Azərbaycan tarixinin ən qürurlu səhifələrindən birini təşkil edir: "Bu döyüşlərdə Azərbaycan Ordusunun 90 igid oğlu düşmənlə mübarizədə böyük şücaət nümayiş etdirərək şəhid oldu. Şanlı Aprel zəfəri həm də Azərbaycan tarixində mühüm  dönüş nöqtəsi oldu. Azərbaycan xalqı Aprel şəhidlərinin qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, hər zaman onları ehtiramlaqürurla yad edəcək".

Deputat vurğulayır ki, Aprel döyüşləri həm də uzun illər ötməsinə baxmayaraq, xalqımızın torpaq itkisi ilə heç zaman barışmayacağını, mübarizlik ruhunun ölməyəcəyini, döyüşə hər zaman hazır olduğunu göstərdi. Azərbaycan Ordusunun dünyanın güclü, müasir texnika və hərbi sursatla təchiz edilmiş ordularından biri olduğunu bir daha sübut etdi. Aprel zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qısa zamanda yüksək təmir və bərpa işləri aparıldı, yeni qəsəbə salındı, Şuşa məscidinin bənzəri olan məscid, məktəb, bağça, tibb müəssisəsi inşa olundu. Ata-baba yurdlarından didərgin salınan insanlar tezliklə öz yurdlarına geri döndülər. Qısa müddətdə həmin bölgədə həyat öz axarına düşdü.

"Müharibə bitsə də, Azərbaycan düşmənlə bütün sahələrdə, o cümlədən informasiya cəbhəsində ciddi mübarizə aparır. Bu mübarizənin önündə Prezident İlham Əliyev gedir. Bu yolda hər birimiz fəal olmalı, ölkə başçımızın ətrafında sıx birləşməli, birlik və həmrəyliyimizi qorumalıyıq", - deyə deputat bildirir.

"Ermənilər nə qədər çalışsa da, xalqımızın birliyini və həmrəyliyini poza bilməyəcəkdir" vurğulayan C.Məmmədov Azərbaycanda xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu, xalqımızın tarixdən düzgün nəticə çıxarmağı bacardığını deyir.

 

Aprel  döyüşlərinin əhəmiyyəti

 

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edir ki, 2016-cı ilin Aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəsdən sonra Azərbaycan Ordusunun keçirdiyi, demək olar ki,  ən ciddi əməliyyatlardan biri kimi dəyərləndirilməlidir.

Bu döyüşlər zamanı ən müasir texnologiyalardan istifadə edən Azərbaycan Ordusu çox ciddi nailiyyətlər əldə edib: "Burada dünyada tanınmış hərbi texnikalardan istifadə edildi. Digər dövlətlərin istifadə etdiyi, eyni zamanda Azərbaycanın hərbi sənaye kompleksində sınaqdan keçirilmiş birgə məhsullar nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusunun bu texnologiyanı mənimsəyən, həmçinin ondan istifadə etməyi bacaran müasir milli kadrları var idi".

Hərbi təlimlərin öz bəhrəsini verdiyini qeyd edən Arzu Nağıyev əlavə edir ki, Aprel döyüşləri nəticəsində Lələtəpə, Cocuq Mərcanlı, eyni zamanda Talış kəndi ətrafındakı yüksəkliklərə, bir sıra strateji əhəmiyyətli yollara, kommunikasiyalara nəzarət bərpa edildi. "Şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Aprel hadisələri İkinci Qarabağ savaşından əvvəl təməli qoyulmuş  bir əməliyyat idi. Bundan sonra Tovuz hadisələri də Qarabağın işğaldan azad olunması istiqamətində əks-hücuma keçmək üçün əsas oldu. Göstərdik ki, Qarabağ Azərbaycandır. Nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik və buna nail olduq", - deyə deputat bildirib.

Bundan sonra Ali Baş Komandanın rəhbərliyi ilə şəhadəti şərəf sayan Azərbaycan xalqının və rəşadətli ordumuzun vəhdəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu baxımdan Aprel döyüşləri çox mühüm əməliyyat idi.

 

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin bir səhifəsi

 

Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında qeyd edir ki, Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks-hücumu ilə Ermənistan silahlı qüvvələrinin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın edilməsi ilə nəticələnən əməliyyat idi. Ordumuz döyüşlər zamanı işğal altındakı iki min hektardan çox torpağımıza nəzarəti  bərpa etdibu əməliyyatlar zamanı azad olunan Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə Azərbaycanın növbəti hərbi əməliyyatları üçün istifadə oluna biləcək mövqeyə çevrildi.

Aprel zəfərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin bir səhifəsi olduğunu vurğulayan ekspert döyüşlər vasitəsilə işğal müddətində yaradılan "məğlubedilməz erməni ordusu", "qəhrəman erməni sərkədələri" miflərinin dağıdılmasının əsasının qoyulduğunu deyir. "Bu döyüşlər məhz Azərbaycan xalqının ordu ilə birliyinin, bərabərliyinin  təcəssümü oldu. Aprel döyüşləri ilə düşməni bir daha əmin etdik ki, heç bir zaman işğal faktı ilə barışmayacağıq. Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə hazırdır", - deyə Ə.Verdiyev əlavə edir.

Aprel döyüşlərinin Silahlı Qüvvələrimizin işğalçı üzərində hərbi qələbəsi olduğunu qeyd edən ekspert bu savaşın dövlətimizin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını nümayiş etdirdiyini deyir. Aprel hadisələri zamanı azad edilmiş ərazilər Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm əhəmiyyət daşıdı. 27 sentyabr 2020-ci ildə düşmənə endirilən əks-zərbələr məhz 2016-cı ildə azad edilmiş Talış və Lələtəpə yüksəkliyindən başladı. Azərbaycan Silahlı Qüvvələri Aprel döyüşlərində yeni nəsil müharibənin aparılmasının bir neçə elementini  düşmən tərəfə tətbiq etdi. Ermənistan anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd edir. Aprel qələbəsi sübut etdi ki, bizim əsgərimiz, ordumuz Ali Baş Komandanın rəhbərliyi altında vətən torpaqlarını istənilən yolla düşmən işğalından xilas edəcək və bu, İkinci Qarabağ savaşı zamanı təsdiqini tapdı.

 

Apreldən qələbəyə

 

Beləliklə, Aprel döyüşləri ilə dövlətimiz, ordumuz hansı gücə qadir olduğunu  göstərdi. Təsadüfi deyil ki, dörd il sonra 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizin başlanğıcı məhz bu döyüşlər hesab olunur.

Dörd gün davam edən savaşda igid əsgər və zabitlərimiz öz şücaətini, müasir hərbi texnikadan istifadə bacarıqlarına malik olduqlarını, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad etmək üçün göz qırpmadan ölümə belə gedə biləcəklərini sübut etmişdilər. Sadəcə Ali Baş Komandanın əmrini gözləyirdilər. Və bu tarixi gün isə 2020-ci il sentyabrın 27-də baş verdi. Ali Baş Komandan, mahir sərkərdə İlham Əliyevin əmri ilə başladılan, noyabrın 9-na qədər davam edən əks-hücum əməliyyatlarında rəşadətli ordumuz düşməni qaçmağa məcbur etdi, torpaqlarımızı öz gücü hesabına geri qaytardı.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.-2 aprel.- S.4.