İlham Əliyevin qlobal layihələri möhtəşəm uğurların təminatçısıdır

 

Azərbaycan mövcud potensialı ilə Avropanın vacib enerji təchizatçısı rolunu oynayır

 

İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra Cənubi Qafqazda yaranan reallıqları dəyərləndirən Prezident İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüslərlə, həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycanın gələcək uğurlarının konturlarını müəyyənləşdirir.

Məhz İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ilə Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi artmaqdadır. Dünyanın geosiyasigeoiqtisadi gündəmini düzgün qiymətləndirən dövlət başçısı verdiyi sözünə, vədinə sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş statusunu qazandırıb.

Hazırda Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunur. Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaş ölkələrin dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.

"Əsrin müqaviləsi" ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasını uğurla davam etdirən İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr Azərbaycanın gələcək uğurlarının təminatçısıdır. Aprelin 4-də Prezidentin iştirakı ilə "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində səslənən fikirlər də deyilənləri bir daha təsdiqləyir. 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barel neft hasilatını təmin edə biləcək qurğular daxildir. İstismar müddətində isə 300 milyon barel neftin hasil olunacağı proqnozlaşdırılır. Layihə üzrə yekun investisiya qərarı 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir.

Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG "Faza 2" sualtı ixrac kəmərlərinə qoşulacaq.

Göründüyü kimi, təkcə bu layihə Azərbaycanın enerji potensialının hələ uzun müddət ixrac ediləcəyini və ölkəmizə iqtisadi dividendlər gətirəcəyini deməyə əsas verir.  

2023-cü il üçün Azərbaycanda neft hasilatının 31,2 milyon ton səviyyəsində olması proqnozlaşdırılır. Valyuta daxilolmalarında əsas paya malik olan neftneft məhsullarının ixracı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan neft sahəsində həyata keçirilən layihələrin davamlılığı Azərbaycanın valyuta gəlirlərini artırır. Dünya bazarında neftin qiymətinin artmasının da ölkəmiz üçün müsbət tərəfləri xüsusi qeyd olunur.

Bu bir həqiqətdir ki, hazırda Rusiya-Ukrayna müharibəsinə görə, rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Ötən il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.

Həmin sənədin imzalanma mərasimində Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen də Azərbaycanı Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırıb. Əlbəttə ki, Azərbaycanın nailiyyətlərinin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də, real hədəf olan yerdə Azərbaycan bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Təbii ki, ölkəmiz də tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəmir. Çünki hazırda Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi almağa başlayıblar. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdə tutulur. Bu, əlbəttə ki, Avropada təbii qaza tələbatın artması ilə əlaqədardır.

Son illərdə dünyanın yeni enerji mənbələri axtarışı və əsasən də "yaşıl enerji"yə olan tələbatın artması nəticəsində ölkələr öz potensiallarını ortaya qoymağa başlayıblar. Əlbəttə ki, Azərbaycan da bu prosesdən yan keçə bilməz. Çünki ölkəmizdə külək və günəş enerjisi mənbələrinin 200 qiqavata yaxın potensialı var. Hazırda Azərbaycan bu prosesə həm xarici sərmayədarları cəlb edir, həm də həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını yaradır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın imkanları daha da genişlənib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq "yaşıl enerji" zonası elan edilib. Bu ərazilərimizdə yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.

Azərbaycanın bərpaolunan enerji potensialı hələ bununla yekunlaşmır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonasına çevirmək planı mövcuddur. Naxçıvanda su-elektrik stansiyasının tikintisi üçün böyük potensial var. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən Prezident  deyib ki, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlar atıla bilər. Eyni zamanda Naxçıvanda ənənəvi elektrik stansiyalarının da tikilməsi çox münasibdir. Çünki Naxçıvanın böyük enerji ixracı potensialı var. Türkiyə və İranla sərhədi olan Naxçıvan bu prosesdə hər iki ölkənin elektrik enerjisinə artan tələbatını ödəyə bilər.

Ötən il dekabrın 17-də Buxarestdə ölkəmizdən Avropaya "yaşıl enerji"nin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan sazişİlham Əliyevin təşəbbüsü ilə reallaşan möhtəşəm layihələrdən biridir.

Bu layihə "Cənub qaz dəhlizi"ndən fərqlənəcək. Çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP olduğu halda bu layihə Xəzər dənizində külək enerjisi stansiyalarından başlayanAvropa istehlakçılarına xidmət edən vahid layihə olacaq. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur.

Layihənin potensialını dəyərləndirən İlham Əliyev əminliklə vurğulayıb ki, Azərbaycan mövcud resursları ilə, həqiqətən də, Avropa üçün vacib "yaşıl enerji" təchizatçısına çevriləcək. Azərbaycanda olan "yaşıl enerji" tezliklə təbii qaz qədər Qərbə əhəmiyyətli olacaq. Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərən dövlətlərin sayı daha da artacaqbu da ölkəmizin geoiqtisadi, geosiyasi mövqelərini hərtərəfli şəkildə möhkəmləndirəcək.

Bütün bunlar İlham Əliyevin enerji diplomatiyasının uğurla həyata keçirilməsinin bariz təcəssümüdür. Bu diplomatiya Azərbaycanın iqtisadi potensialını getdikcə daha da gücləndirir və əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2023.-9 aprel.- S.1-2.