Yaxşılığımız Ramazanla bitməsin

 

Oruc nədir? Bu sualın cavabını Azərbaycanda ibadət edən , etməyən bilir. Bəs Allah onu niyə vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdur.

Elə bilirlər ki, oruc tutmaq gün çıxandan gün batanacan ac-susuz qalmaqdır. bununla da onlar Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsl mahiyyətinin olduğunu bilməyə isə həvəs göstərmirlər.

Allah deyir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" ("Bəqərə" surəsi, ayə 183). Əlavə şərhə gərək varmı?  Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutumu var. Sadəcə, bunu oxuyub dərk etmək lazımdır.

"Siz pis əməllərdən çəkinəsiniz" - ayədə belə deyir Allah.  Bu o demək deyil ki, yalnız Ramazan ayında pis əməldən uzaq durmaq lazımdır, yalnız oruc tutulan 30 gün müddətində yaxşılıq etmək, mərhəmət nümayiş etdirmək vacibdir. Halbuki xeyirxahlıq, yaxşılıq etmək  Allahın yaratdığı ali varlığın ömür boyu ən ali borcudur. Ramazan ayı isə insanlar üçün sınaq müddətidir. İnsan 30 gün  nəfsi ilə sınağa çəkilir. Nəfs təksə yeməkdən imtina etmək deyil ki?! Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi aydır. Ramazanda edilən yaxşılıq, diqqət qayğıkeşlik ən böyük əməldir. Amma bu əməllər 30 günlə məhdudlaşmamalıdır. Bu müddət ondan ötrüdür ki, insan ayılsın, ətrafına baxsın, yaxşını-pisi ayırd edə bilsin. Qəlbində azacıq da olsa mərhəmət duyğusu varsa,  ürəyində bir balaca yaxşılıq gəzdirirsə, ədalət hissini itirməyibsə onları bir ömür "xərcləsin". Yoxsa ki, on bir ay "əlini yumulu saxlayıb" Ramazan ayı gələndə açmasın.

Bəşər övladı yaxşılıqdan yoğrulmuş duyğularla "silahlanıb". Bu "silah"dan son nəfəsə qədər istifadə etmək, onu bir saniyə olsun belə əldən yerə qoymamaq lazımdır. O zaman heç bir pislik ona qalib gələ bilməz. Yaxşılıq "silah"ı çox güclüdür. Amma biz  bu gücdən davamlı istifadə edə bilirikmi?  Təəssüf ki, bu, bizim yadımıza yalnız Ramazan ayında düşür. Bəzilərimiz yaxşılıqları Ramazana saxlayıb, qalan on bir ayda "kor atı minib köndələn çapırıq". Gözləyirik ki, Ramazan ayı gəlsin, bir yetimin başına sığal çəkək, başqa bir acın qarnını doyuraq, kədərdən əyilmiş bir qaməti dikəldək, gözyaşı silək, bir xəstəyə çarə qılaq, xoş sözlərlə könül oxşayaq s. Sonrakı aylar, Allah böyükdür, bağışlayar.

Əslində isə, yaxşılıqlar içdən gələndə (daha Ramazan xatirinə yox) insanı böyüdür, ucaldır. Bu cür yaxşı əməl sahibləri qədər ucada olsalar da, heç vaxt başqalarına yuxarıdan aşağı baxmırlar. Onlar o ucalıqda da daha yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.

yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis əməl törətmək gözlərini o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana bilmirlər. Bəzən çalışsalar da ki, yaxşı bir görsünlər, yenə alınmır. Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında olur. Onlar xilaskarını sancan əqrəb kimidirlər. Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidir. Bu, doğrudan da, belədir. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir, boyunbağıdır. Bu zəncirin bir halqası qırılsa da, onu bərpa etmək mümkündür. Amma pisliklər bir-birinə bağlanır, bərpa olunur. Ona görə yaxşılıq xeyirxahlıq etmək təkcə Ramazanda deyil, ilin on iki ayında lazımdır. Belə olarsa, pisliklər ayaq açıb yeriməz.

Təəssüf ki, din adamları da yaxşılıqlar haqqında daha çox Ramazan ayında danışırlar. "Ramazan on bir ayın sultanıdır", - deyib onu qalan on bir aydan üstün tuturlar. Əlbəttə, Ramazanın digər aylardan fərqi var. Amma Quranda bu ayın o biri aylardan üstün olması xüsusi vurğulanmır, sadəcə, kitabın Ramazanda nazil olduğundan bəhs edilir.

Gəlin yaxşılığımızı  "sandığa yığıb" Ramazan ayına saxlamayaq, o xislətimizdədirsə, ömür boyu özümüz olaq.

 

Züleyxa ƏLİYEVA,

 

Azərbaycan.- 2023.- 18 aprel.- S.11.