Koreyalı parlamentarilərlə görüş

 

Aprelin 20-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Fəzail İbrahimli bu səfərin qarşılıqlı münasibətlərə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

Milli Məclis sədrinin müavini qonaqların səfərinin müasir Azərbaycan tarixinin əlamətdar dövrünə təsadüf etdiyini qeyd edib. O, SSRİ-nin süqutu ərəfəsində Ermənistanın Azərbaycana təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmasından, nəticədə ölkəmizin 20 faizinin işğal olunmasından, 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşməsindən söz açıb. Bildirilib ki, Azərbaycan 30 ilə yaxın səbir edib və nəhayət BMT-nin qətnamələrini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib.

F. İbrahimli qonaqlara postmüharibə dövrünün reallıqları barədə də məlumat verib, Ermənistanın öhdəliklərindən boyun qaçırdığını, Azərbaycana qarşı düşmənçilik, təxribat və qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.

Parlament sədrinin müavini ölkələrimiz arasında əlaqələrin perspektivləri, münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini də bölüşüb.

Koreya Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-su ölkəmizin üzləşdiyi problemlərin Koreya üçün də tanış olduğunu deyib, çətinliklərə baxmayaraq, inkişaf səylərini davam etdirməsinin hər iki ölkənin oxşar cəhətləri olduğunu vurğulayıb. O, ölkəsinin Cənubi Qafqazda davamlı sülhüniqtisadi əməkdaşlığın bərqərar olmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və qrupun üzvü Hikmət Məmmədov, Koreya Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri Li Dal Gon, Hangbo Son-hi ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Söhbət zamanı əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivlərindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.-21 aprel.- S.6.