İran özünün terror əməllərinin qurbanına çevrilir

 

Azərbaycanın İrandakı səfirliyinə hücum, törədilən terror hadisəsi hamıda ikrah hissi yaratmışdır. Səfirliyimizdəki terrorla bağlı, demək olar ki, eyni vaxtda İsrailin Yerusəlim şəhərində  dini məbəd olan sinaqoqa da hücum olmuşdur. Nəticədə 8 nəfər ölmüş, 10 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri almışdır. Bütün bu şok hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İranın bu kimi terror əməllərindən tərəqqipərvər ictimaiyyət təəssüf hissi keçirir.

Təəccüblü deyil ki, başqasına quyu qazan, özgənin pis gününü arzulayan İran son günlər özünün terror əməllərinin qurbanına çevrilib. Yanvarın 28-i axşam saatlarında  İranın bir neçə şəhərinə  dron hücumları reallaşıb. Nəticədə, Təbrizdəki dron zavodu da daxil olmaqla, bir neçə hərbi obyekt, həmçinin neft emalı zavodu dağıdılıb. Hücumların gözlənilmədən və yüksək peşəkarlıqla təşkili İranı dronlar qarşısında müdafiəsiz qoyub. 

İranı neçə illərdir bir sıra ölkələr, hərbi ekspertlər terrorçu dövlət hesab edirlər. Artıq on illərdir ki, başda ABŞ olmaqla, bəzi Avropa ölkələri İranı "terrorçu dövlət", "terrora dəstək verən, maliyyələşdirən rejim" kimi tanıyırlar.

Ekspertlər hesab edirlər ki, İran bu işə aktiv şəkildə islam inqilabından sonra qoşulub. İnqilab liderləri tezliklə bu qərara gəliblər ki, daxilixarici düşmənlərin öhdəsindən gəlmək üçün onlara qarşı sərt və gizli şəkildə, öz üzərinə məsuliyyət götürmədən davranmaq lazımdır.

Bundan ötrü İranda məxfi xidmətlər, gizli briqadalar yaradılıb və onların sərəncamına döyüşkən kadrlar, lazımi silah, avadanlıq, cihazlar verilib, xarici ölkələrdə koordinatorlar müəyyənləşdirilib. Bütün bunları dövlət təşkil edib, bu "sektor"un fəaliyyəti birbaşa ali dövlət rəhbərlərinin nəzarətində və himayəsində olub.

Lakin terror yolu ilə mübarizə elə bir qalmaqallı məsələdir ki, onu uzun müddət gizli saxlamaq, ört-basdır etmək mümkün deyil. Çünki peşəkar və təcrübəli kəşfiyyat strukturları terror təşkilatlarını, onların arxasında duranları, təşkilatın əsas rəhbərlərini, "killerlər"ini, koordinatorlarını, plan və niyyətlərini lazım gəldikcə üzə çıxarırlar.  İrana məxsus terror təşkilatları da çoxdan ifşa olunublar və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra böyük dövlətlərin qara siyahısına salınıblar.

Bütün dünya dövlətlərinə məlumdur ki, İranda fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusu belə təşkilatlardan biridir. İİKK "məxfi briqadalar"dan fərqli olaraq, rəsmi dövlət qurumudur, leqaldır, dövlət büdcəsindən maliyyələşir. Bu korpusu "terrorçu təşkilatlar"ın siyahısına ABŞ salıb. 2020-ci ilin aprelində ABŞ prezidenti Donald Tramp çıxışlarının birində İİKK haqqında danışaraq deyib ki, Dövlət Departamentinin bu presedentsiz tədbiri İranın təkcə terrorizmin sponsoru olması anlamına gəlmir, eyni zamanda onu göstərir ki, İİKK terrorizmin dəstəklənməsində və maliyyələşdirilməsində İran dövlətinin rıçaqı, əsas aləti kimi aktiv iştirak edir, qlobal terrorçuluq kampaniyası aparır. Həmin siyahıda İranın yaxından əməkdaşlıq etdiyi "Hizbulla", "Həmas", "Fələsin islami cihad", "Kataib Hizbulla" və s. qurumlar da diqqətə çatdırılır.

Xatırladaq ki, İİKK 1979-cu ildə yaradılıb, İran ali dini liderinin birbaşa rəhbərliyi altında fəaliyyət göstərməyə başlayıb. Onun tərkibinə daxil olan "Qüds qüvvələri"nin xarici ölkələrdə destablizasiyaqlobal terror kampaniyası apardığı iddia olunur. O da məlumdur ki, həmin təşkilatın son illərdə Almaniya, Bosniya, Bolqarıstan, Keniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Türkiyədə törətdiyi terror aktılarının üstü açılmaqla bu cəhdlərin qarşısı alınıb.

Beynəlxalq müşahidəçilərin, eləcə də qlobal kəşfiyyat qurumlarının qənaətinə görə, hələ islam inqilabının ilk illərində həm İİKK, həm də İrana bağlı başqa məxfi strukturlar devrilmiş şahın komandasının üzvlərini xarici ölkələrdə təqib ediblər və bir çoxunu öldürüblər. Bunların içində ən qalmaqallısı Pəhləvi hökumətinin sonuncu baş naziri Şapur Bəxtiyarın 1981-ci ildə Fransada üç cəhddən sonra qətlə yetirilməsidir. Onun haqqında dövlət rəhbərliyi tərəfindən qiyabi ölüm hökmü çıxarılıb və bu adamı öldürüblər.

Bundan başqa, İİKK Xomeynidən İranın ilk prezidenti Əbülhəsən Bənisədri öldürmək barədə əmr alsa da, bir neçə gün öncə impiçment iddiası ilə vəzifəsindən götürülmüş eks-prezidentin ehtiyatlı tərpənərək ölkədən qaçması üzündən terror aktı baş tutmayıb və o, ömrünün axırına kimi Fransada ciddi mühafizə altında yaşayıb. Daha sonra şah ailəsinin üzvü sayılan şəxslər qətlə yetirilib.

1979-cu ildə ABŞ-nin İrandakı səfirliyinin 400 gündən artıq girovluqda saxlanması bu dövlətin terror aktını mübarizə vasitəsinə çevirməsinin bariz göstəricisidir.

Prezident  İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı tviter hesabındakı  paylaşımında bildirilir: "Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir".  Azərbaycan hökuməti, ölkə ictimaiyyəti şübhə etmir ki, bu terror aktının niyə və nə səbəbdən törədildiyi yaxın zamanlarda peşəkarlıqla  üzə çıxarılacaq.

Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyən dünyanın bir sıra dövləti, o cümlədən, Türkiyə, Rusiya, Belarus, İsrail, Ukrayna, Gürcüstan, Səudiyyə Ərəbistanı, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Estoniya, Niderland, Misir, Özbəkistan, Şimali Kipr, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan və digər ölkələrin Xarici İşlər nazirlikləri və rəsmi şəxsləri də diplomatik nümayəndəliyə silahlı hücumu pisləyən açıqlamalarla çıxış ediblər. Ölkəmizdəki ABŞ, Əfqanıstan, İtaliya, İsrail, Belarus, İraq, Xorvatiya, Yaponiya, Polşa, Rusiya, Litva, Fələstin, Argentina, Mərakeş, Fransa, Böyük Britaniya səfirlikləri bu terror aktını beynəlxalq hüquq üçün təhdid adlandırıblar. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, həmçinin GUAM və Türk Dövlətləri Təşkilatı diplomatik missiyaya qarşı bu cinayəti qəti şəkildə qınadıqlarını açıqlayıblar.

İranda baş verən terror hadisələri və iğtişaşlar onu deməyə əsas verir ki, artıq İran özünün terror əməllərinin qurbanına çevrilir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2023.- 2 fevral.- S.13.