Azərbaycanı öz yolundan döndərmək mümkün deyil

 

Ölkəmizin inkişafı, güclənməsi, qlobal məsələlərdəki rolu və Vətən müharibəsi bunun ən bariz nümunələridir

 

Gənclərin, qeyri-hökumət təşkilatlarının, könüllülərin iştirakı ilə Xankəndi yolunda 47 gündür keçirilən etiraz aksiyası bir daha xalqımızın öz milli haqqı uğrunda mübarizəsinin təcəssümünə çevrildi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdəki separatçılar tərəfindən təbii sərvətlərimizin talan edilməsinə etirazla başlayan bu aksiya Vətən müharibəsində zəfər qazanmış xalqımızın əzmini, həmrəyliyini və qətiyyətini bir daha dünyaya nümayiş etdirir.

 

Bir vaxtlar işğala dəstək verənlər indi yenidən əl-ayağa düşüblər

 

Bu aksiya eyni zamanda Qərbdə bəzi dövlətlər və təşkilatlar tərəfindən hələ də Azərbaycana qarşı qərəzli münasibətin və ikili standartların davam etdirildiyini göstərir. Onlar əsl həqiqətin nədən ibarət olduqlarını bildikləri halda, sadəcə, yenidən öz riyakarlıqlarını göstərdilər. Avropa Parlamenti kimi siyasi mərkəzlər isə bir daha təsdiq etdilər ki, erməni lobbisinin əlində alətə çevrilmiş bir vasitədirlər. Azərbaycanın bir dövlət kimi bu gün böyük uğurlar qazanması, Cənubi Qafqazın liderinə çevrilməsi, müstəqil siyasət yürütməsi, qlobal məsələlərdə söz sahibi kimi çıxış etməsi onlar üçün sanki qorxulu bir yuxudur.

Əslində, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə də bu siyasi mərkəzlərin demək olar ki, hamısı indiki kimi riyakarlıqlarını davam etdirmiş, açıq və dolayı şəkildə erməni məkrinə, torpaqlarımızın qəsb olunmasına dəstək vermişdilər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, müxtəlif vaxtlarda Avropa Şurası və digər təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən sənədlər qəbul olunsa da, onların heç biri Ermənistandan təcavüzə son qoymağı tələb etməmişdi. Bu siyasi mərkəzlər 1975-ci ildə imzaladıqları Helsinki Yekun Aktının sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipini elə özləri kobudcasına tapdaladılar.

Bir vaxtlar Azərbaycan torpaqlarının işğalını görməzdən gələnlər indi birdən-birə Qarabağdakı ermənilərdən "narahat" olmağa başlayıblar. 30 ilə yaxın müddət ərzində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün barədə bir kəlmə danışmayanlar indi bir ovuc erməniyə görə hay-həşir salırlar.

Amma orasındadır ki, iddia etdikləri humanitar fəlakətlə bağlı bir fakt, bir nümunə belə ortaya qoya bilmirlər. Çünki bu aksiya dinc xarakterlidir, humanitar problem yaratmağa xidmət etmir. Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbəti zamanı Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixdən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb.

Bütün bunlar göstərir ki, Laçın yolu Azərbaycan tərəfindən bağlanılmayıb.

 

Qətiyyətli siyasətin nəticəsi

 

Əvvəldə qeyd etdiyimiz kimi, 30 ilə yaxın işğal dövründə bir sıra Qərb siyasi mərkəzləri qərəzli riyakar mövqe ortaya qoydular. Ən yaxşı halda "problem sülh yolu ilə həllini tapmalıdır", "problem beynəlxalq hüquq norma prinsipləri çərçivəsində həll olunmalıdır" kimi növbətçi ifadələrdən istifadə etdilər. Bununla belə, söylədiklərinin reallığa çevrilməsi üçün bir mexanizm təklif edə bilmədilər.

 Həmin illər ərzində Azərbaycana təzyiqlər olurdu. Fransa kimi siyasi mərkəzlərin fikrincə, zaman ötdükcə Azərbaycan vəziyyətlə barışacaq. Amma yanılırdılar. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam edən inkişaf siyasəti nəticəsində dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi, yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək. Bu inamı əminliyi artıran ən böyük faktor əlbəttə ki, Prezident İlham Əliyevin qətiyyətli milli maraqlara söykənən siyasəti, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verilməyəcəyini daim bəyan etməsi idi.

Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf kursu qətiyyətli siyasəti torpaqlarımızın azad ediləcəyi günü sürətlə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistanı döyüş meydanında cəzalandıraraq ərazi bütövlüyümüzü təmin etdi.

 

Riyakarlıqlar Azərbaycanın qarşısını ala bilməyəcək

 

Azərbaycan öz torpaqlarını beynəlxalq ədalətsizliklər, ölkəmizə qarşı olan ikili standartlar, Ermənistanın işğal siyasətinin dəstəkləndiyi bir şəraitdə azad etdi. İlham Əliyev işğalçını dünya erməniliyinin, himayədarlarının gözü qarşısında cəzalandırdı dövlətimizin milli haqqını qətiyyətlə təmin etdi. Bu qələbə, torpaqlarımızın azad olunması bütün dünyada qəbul edildi. Reallıqla barışa bilməyən Fransanın qanunverici orqanlarının Azərbaycanla bağlı qətnamələrinin mənasızlığını isə ermənilər gözəl anlayırlar.

Bu gün isə eyni qətiyyətlə Qarabağ Şərqi Zəngəzur yenidən qurulur. Prezident İlham Əliyevin yüksəliş siyasəti işğaldan azad olunmuş torpaqlarımızı yenidən həyata qaytarır. Bu siyasət 30 ilə yaxın məcburi köçkün vəziyyətində yaşamış vətəndaşlarımızın öz doğma evlərinə qayıdışını təmin edir 2023-cü il bu istiqamətdə növbəti uğurlu mərhələ olacaq.

Bütün bunların fonunda Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdəki erməni separatçılığına da son qoyacağı dəqiqdir. Dünya erməniliyinin, Ermənistanın təəssübkeşlərinin heç bir məkri riyakarlığı Azərbaycanı öz yolundan dayandıra ya döndərə bilməyəcək. Ölkəmizin inkişafı, güclənməsi, qlobal məsələlərdəki rolu 2020-ci ilin 44 günlük Vətən müharibəsi artıq bunu təsdiq edib.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2023.- 2 fevral.- S.14.