Azərbaycana güvənirik

 

Avropa İttifaqı və tərəfdaşlar bunu bir daha bəyan etdilər

 

Bu, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının sayca 9-cu toplantısı idi. Məşvərət Şurası birinci iclasını keçirmək üçün 2015-ci ildə Bakıda toplaşmış və həmin vaxtdan bəri məkanı dəyişməmişdir.

(Yalnız 2021-ci ildə tədbir koronavirus pandemiyası ilə əlaqədar videoformatda keçirilmişdir)

Bu, sadəcə ənənə deyil, "Cənub qaz dəhlizi" kimi bir meqalayihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən əyani misaldır. Məşvərət Şurası ilk dəfə toplaşanda "Cənub qaz dəhlizi"nin təməlinin qoyulmasından cəmi bir neçə ay keçirdi. O vaxt hələ nə "Şahdəniz-2"dən qaz hasilatına başlanmışdı, nə CQBK (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilmişdi, nə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) var idi, nə də TAP (Trans-Adriatik Qaz Boru Kəməri)...

Odur ki, ötən illər ərzində bu möhtəşəm tədbir də "Cənub qaz dəhlizi" ilə, onun adıçəkilən dörd seqmentini təşkil edən layihələrlə qoşa addımlamışdır. Başqa sözlə, Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin araya-ərsəyə gəlməsində Məşvərət Şurasının toplantıları böyük rol oynamışdır. Belə ki, hər iclasda il ərzində görülən işlər geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

"Cənub qaz dəhlizi" sona çatıb, bizim işlərimiz isə davam edir". Bu sözləri Prezident İlham Əliyev hələ keçən il demişdi. Bəli, işlər davam edir! Həm də əvvəlkindən geniş coğrafiyada, zamanın gündəmə gətirdiyi yeni layihələrlə, daha çox tərəfdaşlarla!

Tərəfdaş demişkən, ölkəmizin yaratdığı möhkəm əməkdaşlıq platforması, qazandığı etibarlı tərəfdaş imici indi beynəlxalq miqyasda təqdir olunur. Bunu Məşvərət Şurasının bir il əvvəl keçirilən 8-ci toplantısından sonra baş verən mühüm hadisələr, imzalanan sazişlər, təməli qoyulan obyektlər, başlanan layihələr də təsdiqləyir. Elə Məşvərət Şurasının 9-cu toplantısı da bütün bu deyilənlərin əyani göstəricisinə çevrildi.

Əslində, budəfəki toplantı əvvəlkilərdən xeyli fərqlənmişdir. Belə ki, fevralın 3-də Bakıda, "Gülüstan" sarayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının da açılışı olmuşdur. Sonra tədbirlər plenar sessiyalarla davam etmişdir. Məşvərət Şurası çərçivəsində həmçinin "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirilmişdir.

Prezident İlham Əliyevin keçən illərdə olduğu kimi, yenə də Məşvərət Şurasının toplantısında iştirak etməsi bu tədbirin önəminə bir daha diqqət çəkir. Budəfəki toplantının bir özəlliyini də dövlətimizin başçısı elə çıxışının ilk cümlələrində bəyan etmişdir: "Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O, Azərbaycana rəsmi səfərə gəlib və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirirbizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır".

Məlum olduğu kimi, keçən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmış və bununla adıçəkilən ölkələrlə əməkdaşlığın yeni bir mərhələsi başlanmışdır. Artıq Azərbaycan və Rumıniya qaz təchizatı haqqında da saziş imzalayıblar və bu yaxınlarda mavi yanacağın verilməsinə başlanacaq. Beləliklə, Rumıniya "Cənub qaz dəhlizi"ndə iştirak edən ölkələr heyətinə qoşulur. Ötən ay Azərbaycanla Macarıstan arasında da qaz təchizatı sahəsində anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyev toplantıdakı çıxışında bunu belə dəyərləndirmişdir: "Beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və "yaşıl hidrogen"i əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır".

Keçən toplantıdan sonrakı mühüm hadisələr sırasında ötən il iyul ayının 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması xüsusi yer tutur. Təsadüfi deyil ki, bu, tədbirdə dönə-dönə vurğulanmışdır. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson demişdir: "Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar. Biz, həmçinin uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir. Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz "Cənub qaz dəhlizi"nin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi. Rəqəmlər göz qarşısındadır".

Azərbaycanda təbii qazın hasilatı da, ixracı da artır. Ümumi ixrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il 22,6 milyard kubmetr olmuşdur. Cari ildə isə 24,5 milyard kubmetr olması gözlənilir. Bu da Avropa Komissiyası ilə anlaşma memorandumunun uğurla icra edilməsi deməkdir. Eləcə də ixracın coğrafiyası genişlənir. Yeni bağlantılar, potensial interkonnektorlar vasitəsilə Avropada "Cənub qaz dəhlizi"nə daha çox ölkə qoşula biləcək. Bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndiriləcəyi haqqında söhbət gedir. Qaldı ki, ölkəmizin təbii qaz resurslarına, artıq bəllidir ki, ehtiyatlarımız bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edər.

"Biz gələcəyə doğru baxırıq". Bu fikri Məşvərət Şurasının toplantısındakı çıxışında dövlətimizin başçısı səsləndirmişdir. Gələcəyin enerjisi isə "yaşıl enerji"dir. Azərbaycanın həmçinin məhz çox böyük bərpaolunan enerji potensialı da var. Artıq təsdiq olunub ki, yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavat, işğaldan azad edilmiş torpaqlarda 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.

Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuzekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Keçən ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - mart ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub.

Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Artıq orada bp şirkəti ilə bir layihənin icrasına başlanacaq. Bu, Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyası olacaq.

Xatırladaq ki, Məşvərət Şurasının budəfəki iclaslarında Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri iştirak etmişlər. Tədbirlərə eləcə də enerji şirkətlərindən SOCAR, bp, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, "Bulgartransgaz", İCGB, "Fluxys", ROMGAZ SA, SACE, "Desfa", "TotalEnergies", FGSZ Ltd, SNAM, "Uniper", "Petronas", "ACWA Power", "Masdar", "Fortescue Future Industries", "WindEurope", "SolarPower Europe" qatılmışdılar. Maliyyə təsisatlarından isə burada Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastrukturİnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunmuşlar.

Prezident İlham Əliyev bu səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir: "Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də "Cənub qaz dəhlizi" - hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2023.-5 fevral.- S.1; 4.