Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır

 

 

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının Bakıda keçirilməsi tarixi əhəmiyyətə malikdir. İclasda dövlət rəhbərlərinin, Avropa İttifaqının məsul şəxslərinin, nazirlərin iştirakı və səsləndirilən fikirlər, irəli sürülən dəyərli təkliflər bilavasitə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, ölkələr arasında əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması "Cənub qaz dəhlizi"nin Avropa İttifaqı ölkələrinə şaxələndirilməsində mühüm rol oynamışdır. Bu, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə iştirakına zəmin yaratmışdır.

 "Cənub qaz dəhlizi" boru kəməri ilə Avropa İttifaqına qaz təhcizatının 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatdırılması bunun əyani nümunəsidir. Əlbəttə ki, bu artım Avropa İttifaqına qaz təchizatının şaxələndirilməsinə, ölkələrin vaxtında qazla təmin olunmasına, təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məşvərət Şurası çərçivəsində keçirilən iclasların əhəmiyyətini yüksək qiymətləndirərək öz çıxışında bildirmişdir ki, "Cənub qaz dəhlizi" layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırıram. Hesab edirəm ki, bu gələcək illərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi - "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində biz ilk olaraq "Yaşıl Enerji" Məşvərət Şurasını keçirəcəyik.

Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz qaz ixracını ildən-ilə artırmaq niyyətindədir. 2021-ci ildə ölkəmizdən Avropaya təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr qaz ixrac olunmuşdur. Bu rəqəmin bu il 24,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Qaz ixracının ildən-ilə artırılması ölkəmizin qaz ehtiyatlarının etibarlı olmasının və Avropanın Azərbaycan qazına olan tələbatının nəticəsidir.

Dövlət başçısı bir daha xatırlatmışdır ki, Azərbaycan zəngin qaz ehtiyatlarına malikdirbu, bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək.       

Ölkəmiz həmçinin çox böyük "yaşıl enerji"  potensialına malikdir. Təkcə dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Təbii qaz və bərpaolunan enerji istehsalı ilə bağlı Azərbaycanın planları aydın və məqsədi xoşməramlıdır. Əlbəttə, bu, dünya ölkələrinin enerjiyə olan tələbatının dolğun ödənilməsinə və insanların rahat yaşayışının təmin olunmasına xidmət edir.

Avropa İttifaqının Energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxışında Azərbaycan Prezidentinin, dövlətimizin və xalqımızın bəşəri amallarını, xarici ölkələrlə tərəfdaşlığını yüksək qiymətləndirmiş və bildirmişdir ki, bu tərəfdaşlıq enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir. Avropa İttifaqı ilə Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz "Cənub qaz dəhlizi"nin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi".

"Azərbaycan yeni qlobal enerji təhlükəsizliyi xəritəsinin müəllifinə çevrilir" fikrində olanlar real mövqedən çıxış edənlərdir. Çünki bu gün Azərbaycan nəinki enerji təhlükəsizliyi, eləcə də bütün sahələrdə dünyada sözünü deyən, öz mövqeyiyeri olan bir dövlətdir. Məşvərət Şurasının iclaslarında Avropa İttifaqının, eləcə də dünyanın nüfuzlu 15 dövlətinin yüksəksəviyyəli nümayəndələrinin, bir çox neft şirkətlərinin, maliyyə qurumlarının iştirakı bunu deməyə əsas verir.

Avropa öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin əməyini yüksək qiymətləndirməklə, həm də onun xüsusi rolunu etiraf edir. Bu da dövlətimiz və xalqımız üçün uğur, qürur və fəxarətdir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2023.- 10 fevral.- S.1;10.