İrəvan-Moskva qarşıdurması böyüyür

 

Kremlin Vardanyan planı iflasa uğrayır

 

 

 

Ermənistan və Rusiya arasında münasibətlərin kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Göründüyü qədərilə Ermənistan Qərbin verdiyi vədlərə arxayın olaraq müttəfiqi Rusiyaya qarşı çıxır. Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasət onun konkret seçim etdiyini göstərir. O, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır.

Bir müddət əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonuna Moskvadan Ruben Vardanyanın göndərilməsi də Ermənistanla Rusiya arasındakı münasibətləri kəskinləşdirən məsələ idi. Qondarma rejimə "dövlət naziri" kimi göndərilən Vardanyan isə qarşısına qoyulan "vəzifələri" yerinə yetirə bilmədiyinə görə bu günlərdə Xankəndidən qaçıb. Rusiyadan Xankəndiyə sifarişlə göndərilən erməni milyarderin əsas məqsədi əvvəlcə Qarabağda separatçıların rəhbəri olmaq, buradan da Ermənistana keçid etmək idi. Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan bu mənada Ruben Vardanyanın fəaliyyətinə qarşı idi. Elə bunun nəticəsi idi ki, Qarabağda "daxili siyasi proseslər" dramatik məcraya keçmişdi. Bir müddət əvvəl separatçı rejimin "milli təhlükəsizlik xidməti"nin direktoru Aşot Hakopcanyanın vəzifəsindən azad edilməsi də Arutyunyan-Vardanyan qarşıdurmasının gərgin mərhələyə qədəm qoyduğunu göstərirdi.

Ermənistanın "Hraparak" nəşri yazır ki, A.Arutyunyan  Paşinyana sədaqətini ifadə etməyə və onu Xankəndidə vəziyyətə tam nəzarət etdiyinə inandırmağa çalışıb. Məsələ ondadır ki, A.Hakopcanyan Vardanyana yaxın olub. O, Vardanyanın "müşaviri", adamı Arman Hakopcanyanın əmisi oğludur. A.Arutyunyan  A.Hakopcanyanı vəzifədən çıxarmaqla N.Paşinyanı inandırmağa çalışıb ki, Ermənistan hakimiyyətinə loyallıq nümayiş etdirməyəcəyi təqdirdə "dövlət naziri"ni başqa rıçaqlardan da məhrum edəcək.

 Qeyd edilir ki, "milli təhlükəsizlik xidməti"nin yeni təyin olunmuş direktoru isə Arutyunyanın ən yaxın dostlarından biri olan general-mayor Ararat Melkumyandır. "Melkumyan iki həftə əvvəl Vitali Balasanyanın yerinə "təhlükəsizlik şurasının katibi" təyin edilmişdi. Bundan əvvəl Melkumyan "milli təhlükəsizlik xidməti"nin direktor müavini vəzifəsini tutub. "Təhlükəsizlik şurasının katibi" isə Samvel Şahramanyan təyin edilib. O, 2018-2020-ci illərdə "milli təhlükəsizlik xidməti"nin direktoru olub və deyirlər ki, inqilabi hakimiyyətin özbaşına əmrlərinə əməl etməyib, daxili sabitliyi qorumağa üstünlük verib", - deyə qəzet yazır.

"4rd.am" saytının yazdığına görə, Qarabağda yaşayan dinc erməni əhalisi çox yaxşı başa düşürdü ki, bölgəyə göndərilən Vardanyana bu torpaqda sülh lazım deyil. Çünki o, Qarabağa köçməzdən əvvəl bu bölgəyə xüsusi maraq göstərməyib. Sonradan Rusiya vətəndaşlığından imtina edən bu erməni əsilli rusiyalı milyarder-oliqarx təbiət etibarilə fürsətcil olduğu üçün burada qazanc imkanı görüb. Belə ki, fəaliyyət göstərməyən iki qızıl mədəni məhz onun gəlişindən cəmi bir neçə həftə sonra yenidən açılmışdı: "Həqiqətən də Vardanyan qeyri-adi vaxtda bura gəldi. Onun gəlişi Qarabağ separatçılarının öz gələcəklərini Azərbaycanın daxilində hüquqları qorunan azlıq kimi qəbul etməyə hazır olmaları ilə bağlı siqnallar daxil olan vaxtla üst-üstə düşdü. Amma Vardanyanın liderliyi ələ alması ilə onlar hazırda obstruksiya mövqeyinə malikdirlər. Belə ki, oliqarxın və İrəvandakı hökumətin mövqeləri açıq-aşkar bir-birinə ziddir".

Əslində hələ bir həftə öncə mediada R.Vardanyanın separatçıların "dövlət naziri" vəzifəsindən azad ediləcəyi yazılırdı. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamalarıdır.  "Qalmaqallı açıqlamalar" dedikdə, onunla Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qarşıdurma göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edirdi. Sonuncu çıxışında isə o, "Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi" deməklə, Paşinyanı hədəf seçmişdi.

Ümumiyyətlə, Vardanyanın Xankəndidə olması Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaqaldatmaq idi. O, hər vəchlə Qarabağdakı ermənilərə "müstəqil dövlət"də yaşamağı inandırmaq istəyirdi. Vardanyan Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əslində, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda separatçılıqla məşğul olmaq idi. Onun fəaliyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına da mənfi təsir edirdi. İndi isə o, Azərbaycandan qaçdı.  Məlumata görə, Vardanyan rus sülhməramlılarına məxsus yük maşınında aradan çıxıb. Həmin maşında sülhməramlı kontingentdə xidmət edən əsgərlərin yararsız paltarları daşınırmış. Çirkli corabların, şalvarların və kim bilir, daha nələrin arasında Vardanyan nəfəs ala-ala əvvəlcə Ermənistana keçib, oradan isə Moskvaya uçub.

Vurğulayaq ki, azərbaycanlı fəalların Laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlayıb. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəllər olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirlər.

Beləliklə, proseslər növbəti dəfə Prezident İlham Əliyevin bəyan etdiyi kimi olub: "...Gedə bilərlər: ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər; avtobusla da gedə bilərlər. Yol açıqdır".

Kremlin "Vardanyan layihəsi"nin iflasa uğradığını demək olar. Əgər erməni milyarder yenidən gizli yollarla Qarabağa qayıtmaq istəsə, bütün bunlar separatçılarla erməni əhalisi arasında daha böyük ziddiyyətlərin yaranmasına gətirib çıxaracaq.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 10 fevral.- S.1;12.