Odla oynayan Azərbaycan deyil, İrandır!

 

Bu ölkənin KİV-i dövlətimizə qarşı təhdidlərdən əl çəkmir

 

Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilən qanlı terror hadisəsindən sonra İran bütün arsenalını işə salaraq Azərbaycana qarşı psixoloji, mənəvi terrorunu davam etdirir.

İran dövləti ədalətli istintaq aparıb hadisəni törədənləri cəzalandırmaq, olanlara görə Azərbaycandan üzr istəmək əvəzinə ölkəmizi, Azərbaycanın dövlət xadimlərini təhdid edir, hədə-qorxu gəlir.

Molla rejiminin "Cumhuriye İslami" rəsmi dövlət qəzeti "Bakı dövlət xadimləri odla oynamasınlar" baş məqaləsini hədələyici ifadələrlə başlayıb. "Cumhuriye İslami" İranın hərbi gücünü öyərək bu ölkə sərhədlərində baş verən hadisələrin diqqətlə izlənildiyini, rəsmi Tehranın hələlik təmkinli davrandığını, qonşulara tövsiyələr verdiyini bunun sona qədər belə davam etməyəcəyini yazıb.

Yazıda ölkəmizin müxtəlif vasitələrlə Ermənistanın İranla olan sərhəd zolağını işğal etməyə çalışdığı iddia edilib, Azərbaycan hökumətinin diplomatik yollarla İran hökumətinin başını qatmağa çalışdığı vurğulanır. "Əgər onlar tərəfindən belə bir addım atılacaqsa, İran rəsmiləri nəsihət dilini bir kənara qoyub, öz xalqları arasında ciddi mövqeyə malik olmayan bəzi qonşu dövlətlərin mənfur niyyətlərinin həyata keçirilməsinin qarşısını almaq üçün hərbi gücdən istifadə edəcəklər", - deyə Azərbaycan Respublikasına xəbərdarlıq edilib. Təhdid dolu yazıda yenidən İranın Ermənistanla sərhədində dəyişikliyin baş verməsinə imkan verməyəcəyi, diplomatiya dilinin arxasında hərbi gücünün durduğu lazımi vaxtda işə salınacağı qeyd olunub. Molla rejiminin ideoloji silahı olan "Cumhuriye İslami" qəzetinin çap etdiyi hədyan dolu bu yazı İranın bütün media orqanları tərəfindən həvəslə tirajlanır.

Bu ölkədəki səfirliyimizdə törədilən terror hadisəsindən sonra "islamın vəkili", "dinin keşikçisi olan" İran terrorçu Ermənistanın vəkili kimi çıxış edir. Məsələ aydındır,  diqqəti əsas məsələdən yayındırmaqdır. Molla rejimi onun "mirzələri" unudurlar ki, Azərbaycan iki ildir sərhədlərin delimitasiya demokrasiyasını israrla tələb edir. Azərbaycanın heç bir dövlətin ərazisində heç vaxt gözü olmayıb yoxdur. İran müttəfiqi, qardaşı, dostu olan Ermənistana silah verib torpaqlarımızın işğal olmasına yardım göstərib, günahsız insanları qəddarcasına qətlə yetirilməsində iştirak edib.  Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra isə bu müsəlman ölkəsinin üzü açılıb.

Səfirliyimizdə qanlı terrorun törədilməsi İranın indiyə kimi dövlətimizə qarşı apardığı mənəvi terrorun davamıdır. Bir qədər əvvəl Azərbaycan sərhədində bir dəfə olsun hərbi təlim keçirməyən İran hərbi birliklərini sərhədimizə toplayıb "təlimləri"nin şərti adını "Arazı keçmək" adlandırmaqla ölkəmizə güc nümayiş etdirmək istədi. Sual olunur: 50 minlik bir ordunu Azərbaycan sərhədinə cəmləməkdə İranın məqsədi idi? Bəs İranın 27 nəfər hərbi mütəxəssisdən ibarət heyəti gizli yollarla Xankəndiyə göndərməsinin səbəbi nədir? 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla İranı , hansı xüsusiyyətlər birləşdirir ki, 2022-ci ilin sentyabr ayında Ermənistanın revanşist qüvvələri sərhədlərimizdə yenidən təxribat törədib əsgərlərimizi qətlə yetirəndə İran hərbçiləri ordumuzun qarşısına çıxmışdı. "İslam dövləti" islamı dəyərləri təhqir edən, məscidləri uçurub dağıdan, müqəddəs məkanlarımızı təhqir edən, ibadət yerlərimizi donuz fermasına çevirən Ermənistana pilotsuz uçuş aparatları satıb onları silahlandırmaqla emək istəyirdi?

İran qonşuluqda iqtisadi, hərbi gücə, siyasi nüfuza malik olan Azərbaycan dövlətinin olmasını istəmir. Azərbaycanın artan nüfuzunu həzm edə bilmir. Azərbaycanın güclənməsini özünə təhlükə hesab edir. Azərbaycan dövlətinin dünyada yaşayan bütün azərbaycanlıların hamisi, hüquqlarının müdafiəçisi olması nədənsə bu ölkəni qorxudur.

44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının dövlətimizlə həmrəy olduğunu, ürəklərinin Azərbaycanla döyündüyünü görən İran təlaş keçirməyə başladı. Belə ki, çürüməkdə olan rejim öz sonunun yaxınlaşma səbəbini Azərbaycanın güclənməsində görür. Vətəndaşlarının sosial şəraitini yaxşılaşdırmaq, tələblərini dinləmək, ən adi insan azadlıqları ilə təmin etmək əvəzinə, terroru dövlət siyasətinə çevirir. İnsanları qorxu ilə idarə edə biləcəklərini düşünürlər.

Küçələrə Azərbaycan bayrağı ilə çıxan etirazçıların Azərbaycan, birlik sevgisi molla-fars rejimini daha da qəzəbləndirdi. İran beynəlxalq hüquqla qorumağa borclu olduğu səfirliyimizə silahlı hücum təşkil etməkdə məqsədi ölkəmizə güc göstərmək, barmaq silkələmək idi. Bu terror hadisəsi zamanı dünya birliyinin Azərbaycana, əslində beynəlxalq hüquqa göstərdiyi diqqət İrana tərs bir şapalaq oldu. İranın təkcə Azərbaycan dövlətinə yox, öz vətəndaşları olan azərbaycanlılara   kinini, nifrətini daha da artırdı.

Özünü islam dövləti adlandıran İran illərdir ki, azərbaycanlı olduqları üçün 40 milyondan çox vətəndaşına sitəm edir, ən adi hüquqlarını pozur, ayrı-seçkilik salıb onların hüquqlarını görməzdən gəlir. İndiyə kimi "sünnü", "şiə" söhbəti ilə, məzhəbçilik, təriqətçiliklə məşğul olan molla rejimi daha təhlükəli iyrənc üsullara əl atır. Milli ayrı-seçkilik salır, azərbaycanlılara qarşı kin, qəzəb püskürür.

Bir neçə gün əvvəl azərbaycanlıların kompakt halda yaşadıqları Xoyda təbii fəlakət baş verib. İran rejimi zəlzələdən zərərçəkənlərə yardım etmir, həm Azərbaycanın, Türkiyənin zəlzələdən zərərçəkmiş əhaliyə yardım göstərməsinə imkan vermir. Zəlzələdən zərərçəkmiş soydaşlarımız bu qarlı, şaxtalı günləri açıq havada, qar altında keçirməyə məcbur qalıblar.

Molla rejimi, onun mirzələri unudurlar ki, zatən odla oynayan İrandır. 40 milyonluq bir xalqın hüququnu pozmaq, hələ bir qədər qorxu altında bir müddət saxlamaq bəlkə olar, amma bu, əbədi ola bilməz. 40 milyonluq xalqı görməzdən gəlmək, heçə saymaq mümkün deyil. Bu gün siz səfirliyimizə hücum edib terror edə bilərsiniz. Amma bütöv bir xalqı əbədi olaraq qorxudub, gözüqıpıq edə bilməzsiniz. Mütləq o xalq ayağa qalxıb bir gün səltənətinizi başınıza yıxacaq...

 

Elşən QƏNİYEV,

 

Azərbaycan.- 2023.- 5 fevral.- S.1; 8.