Səninləyik, Türkiyə!

 

 

Xalqımızın qardaş ölkəyə yardımı kütləvi hal alıb

 

 

 

Qardaş Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə xalqımız səfərbər olub. Dövlət səviyyəsində edilən köməklə yanaşı, sadə vətəndaşlar tərəfindən də artıq bir neçə gündür ki, humanitar yardım kampaniyası başlayıb, zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə "Türkiyə yüzyılı birlik və dayanışma platformu" təsis edilib. Platforma çərçivəsində yardımları toplamaq üçün Bakıda müxtəlif məntəqələr ayrılıb.

 

 

"Yardımın bu qədər böyük olacağını, belə insan axınını gözləmirdik"

 

 

Bakıda yardımların toplandığı ilk ünvan Babək prospektində yerləşən "Doğtaş" mebel qəbul məntəqəsi idi. Lakin nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbi ilə humanitar yardımların qəbulu məntəqəsi Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib. İlk gündə olduğu kimi, dünən də yardımların qəbulu məntəqəsində böyük izdiham var idi. Yardımlar əsasən zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkçə, əlcək, corab, çadır, yataq, yorğan-döşək dəstlərindən, o cümlədən generator, quru qida və təmizlik vasitələrindən ibarətdir.

Humanitar yardımın təşkilatçısı "Türkiyə yüzyılı birlik və dayanışma platformu"dur. Platformanın qurucularından olan Öndər Aksoy deyir ki, yardımın bu qədər böyük olacağını, belə insan axınını gözləmirdik. "Bu mənzərə bizi çox duyğulandırdı. Böyük-kiçik, yaşlı-cavan soyuq-qış demədən hamı humanitar yardım gətirir. Əsl qardaş dəstəyi elə budur. Yardımların ardı-arası kəsilmir. Gətirilən yardımlar burada çeşidlənərək tırlara yığılır. Fevralın 7-də səhərə qədər davam edən kampaniya nəticəsində 18 tır Türkiyəyə yola salınıb. Bu gün isə əvvəlki gündən dəfələrlə artıq yardım gəlir. Kampaniyanın müddətinin təxminən 1 ay olacağını düşünürük", - deyə Ö.Aksoy bildirir.

 

 

Yardım etmək imkana, yaşa baxmır

 

 

Yardım gətirənlərdən biri də Xocalı köçkünü Sevil Əzimovadır. Gözyaşlarını saxlaya bilməyən Sevil xanım deyir ki, mən onların nə hiss etdiyini yaxşı başa düşürəm: "Biz də ailəmizlə, qohumlarımızla birlikdə bir gecənin içində hər şeyimizi itirmişdik. Bu günlərdə bacardığımız qədər bir-birimizə dəstək olmalı, dayaq durmalıyıq".

Burada sosial şəbəkələrdən düzgün istifadənin önəmini bizə çatdıran Ruqiyyə Əşrəfli uzun illərdir feysbukda əksəriyyətinin qadınlar olduğu səhifəni idarə edir. Elə yardım kampaniyasını eşitdiyi andan qadınlarla əlaqə saxlayıb, daha çox ehtiyac duyulduğu, Türkiyənin ölkəmizdəki səfirliyinin paylaşdığı siyahıya uyğun qalın geyimlər, qış çəkmələri, uşaqlar üçün qidalar gətiriblər. Onlar deyirlər ki, ehtiyac olacağı təqdirdə yardım toplamağa bundan sonra da hazırdırlar.

Diqqətimizi çəkən digər məqam o oldu ki, insanlar təkcə yalnız yardım gətirməklə kifayətlənmir, hər kəs əlindən gələn köməyi edir. Könüllülər geyimləri, qidaları və digər məhsulları çeşidləyirlər. Yalnız mülki vətəndaşlar deyil, polislərimiz də kömək əlini uzadır, öz dəstəklərini əsirgəmirlər.  Necə deyərlər, dost dar gündə tanınar. Türkiyənin bu ağır günləri də birlik günümüz, sınaq dövrümüzdür.

Qardaş Türkiyəyə dəstək vermək üçün valideynləri ilə birlikdə yardım toplanılan məntəqəyə gələn azyaşlılar da gözümüzdən yayınmırlar. Onlar balaca boylarına, az yaşlarına baxmayaraq, digərləri kimi ağır yüklərə belə çiyin verərək köməklərini əsirgəmirlər. Doqquz yaşlı Vüsalın anası Əminə İsmayılova deyir ki, oğlu yardım toplama məntəqəsinə onsuz getməməyi dönə-dönə tapşırıb: "Zəlzələ xəbərini eşitdikdən bəri Vüsalın da bizim kimi gözünə yuxu getmir. Bizim yardım gətirəcəyimizi eşidəndə onun məktəbdən gəlməyini gözləməyimizi istədi. Bizonun istəyinə uyğun davrandıq. Düşünürəm ki, bütün bunlar uşaqlar üçün yaxşı nümunədir".

 

 

Qoy bu humanitar yardımlar bayram sovqatları ilə əvəz olunsun...

 

Yardıma gələn könüllülər də az deyil. Əslində, bu yardım kampaniyasında əşya və qidanın gətirilməsi qədər onların çeşidlənərək qutulara yığılması, daşınmaları üçün könüllülərə də çox ehtiyac var. Onlardan biri, bu işə canla-başla qoşulan Ülkər Qəmbərova gözyaşları içində deyir ki, bu fəlakəti eşidəndən özünə gələ bilmir: "Quş olub ora uçmaq istəyərdim. Neçə gündür ki, yediyim yeməkdən, içdiyim sudan utanıram. Eyni hal bizim də başımıza gələ bilərdi. Nə qədər ehtiyac olsa, bacardığım qədər dəstək olub, var gücümlə çalışacam".

Ehiyatda olan zabit Vüqar Məmmədov da bildirir ki, yardım kampaniyasının ilk günündən etibarən əlindən gələni əsirgəmir. O deyir ki, Türkiyəyə kömək etmək bizim qardaşlıq borcumuzdur. Vüqar türk qardaşlarımızın Vətən müharibəsində və postmüharibə dövründə bizim yanımızda olduğunu da xatırladır. Deyir ki, qardaşlar həmişə bir-birinə dəstək olmağı bacarmalıdırlar.

Hər birimizin istəyi odur ki, humanitar yardımlara ehtiyac yaradan müharibələr, münaqişələr sona yetsin, təbii fəlakətlər, meşə yanğınları olmasın. Qoy bu humanitar yardımlar bayram sovqatları ilə əvəz olunsun.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 10 fevral.- S.9.