Avropa İlham Əliyevə güvənir

 

Xəbər verildiyi kimi, fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 1-ci iclasları keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.

Bu bir daha sübut edir ki, Azərbaycan Avropa dövlətlərinin suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərini möhkəmləndirməyə davam edir.

Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır: "Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik". Prezident vurğulayıb ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb və bu həqiqətən milli təhlükəsizlik məsələsinə çevrilib.

 

Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın artan nüfuzumüasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir: "Avropa üçün alternativ enerji təchizatçısı tapmaq mümkünsüz deyil, xüsusən Yaxın Şərq və Orta Asiyada ciddi mənbələr "qoca qitə"nin tələblərini tam ödəyə bilər. Lakin Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir".

Deputatın sözlərinə görə, Avropa İttifaqı Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda enerji təhlükəsizliyi böhranı yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində ölkəmizin formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə ölkəmizi Avropa İttifaqının və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Azərbaycanın imici Avropanın enerji təhlükəsizliyində rolunun artması ilə bağlı ittifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Balkanlar və Mərkəzi Avropa ölkələri Prezident İlham Əliyevə güvəndiklərini açıq formada ifadə edərək bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını bildirirlər.

"Azərbaycan milli maraqlarına uyğun şəkildə bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıq edir. Bu mənada dövlətimizin başçısının Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərlərinin, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının davamı kimi "Cənub qaz dəhlizi" və "Yaşıl Enerji" Məşvərət Şuralarının Bakıdakı iclaslarının keçirilməsi  proseslərin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir. Bir sözlə, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirir. Yalnız bu fakt Heydər Əliyevin siyasi kursunun bütövlükdə region üçün alternativsiz olduğunu göstərir", - deyə B.Məhərrəmov bildirib.

 

Ölkəmiz yeni əməkdaşlıqlara hazırdır

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Bu reallıq Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha təsdiqini tapıb. İclaslarda Avropa ölkələrinin yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rola sahibdir. Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neftqaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundurbu prosesdən bütün dövlətlər bəhrələnə bilir".

Deputat qeyd edib ki, Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının digər ölkələrinə qaz ixrac edir: "Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan "mavi yanacaq" almaq niyyətlərini irəli sürürlər. Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır. Şərqi Avropa ölkələrinin Azərbaycandan "mavi yanacaq" və "yaşıl enerji" idxal etmək imkanlarının geniş olması da vacib məqamdır".

S.Fətəliyeva bildirib ki, dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır: "Bu çağırışların əsasında isə əməkdaşlıq və "yeni enerji" layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycandan beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev də çıxışında bildirib ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı da artıracaq və onun coğrafiyasını genişləndirəcəyik. Yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına və "yaşıl enerji"yə ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır".

Deputat, həmçinin deyib ki, tədbirdə Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi, Azərbaycan təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir: "Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Avropa İttifaqı və Azərbaycanın çox yaxşı əməkdaşlıq etdiklərini vurğulayıb. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Həmçinin Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artır".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan. - 2023.-7 fevral.- S.5.