İran tarixi irsimizə düşmən kəsilib

 

Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasandakı məzarının dağıdılması molla rejiminin növbəti riyakarlığıdır

 

Azərbaycana qarşı daim qeyri-səmimi münasibət göstərən İran Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizlə açıq düşmənçiliyə başlayıb. Sərhəddə hərbi təlimlər keçirməsi, güc nümayişi, aparılan anti-Azərbaycan kampaniyası, həmçinin terrorçu Ermənistanı müdafiə etməsi İranın yürütdüyü riyakar siyasətin bariz göstəriciləridir.

İran otuz il ərzində terroru dəstəkləyən ölkə olaraq Ermənistana kömək olub. Vətən müharibəsi dövründə İranın ərazisindən ermənilərə yardım məqsədilə silah-sursatın daşınması da bunu bir daha sübut edib.

Özünü islam respublikası elan edən İran Qarabağ Şərqi Zəngəzurda müsəlman irsinə qarşı edilən təhqirlərə nəinki göz yummuş, hətta təhqir edənlərin müdafiəsinə çıxaraq riyakarlıq göstərmişdir.

 Terrorçu ölkənin daxili siyasətində əhalidə xof yaratmaq, onları qorxu içində saxlamaq üçün  qeyri-insani üsullardan istifadə olunur, hüquqları, haqları tapdalanan günahsız şəxslər edam edilir. Yürütdüyü siyasətin nəticəsidir ki, xalq artıq molla rejimindən təngə gəlib.  Sentyabr ayında başlanan aksiyalar əhalinin hökumət əleyhinə etirazlarına çevrilib. Etirazçılar molla rejiminin devrilməsini, insanların günahsız yerə öldürülməsinin dayandırılmasını, qadınların məcburi hicab taxmasının ləğv edilməsini istəyirlər.

İran hətta öz ərazisindəki beynəlxalq konvensiya üzrə öhdəliklərindən yayınaraq öz ölkəsindəki diplomatik nümayəndəlikləri belə terrora məruz qoyur. Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum aktı bunu sübut edir. İranın xüsusi  xidmət orqanlarının sifarişi ilə həyata keçirilən terror hadisəsi fars molla rejiminin Azərbaycana qarşı yürütdüyü siyasətin bariz göstəricisidir.  Xatırladaq ki, bir müddət əvvəl Londondakı səfirliyimizə hücumun arxasında da molla rejimi dururdu. Araşdırmalar nəticəsində həmin hücumu törədən qruplaşmanın İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malik olduğu müyyənləşmişdi.

Terror aktından 10 gündən çox keçməsinə baxmayaraq, İrandan hələ bu hadisə ilə bağlı hər hansı məlumat verilməyib, əksinə, rəsmi Tehran anti-Azərbaycan siyasətini davam etdirir.  Məlum olduğu kimi, yanvarın sonlarında İranda güclü zəlzələlər baş verib. Daha çox  dağıntıların baş verdiyi Xoyda yaşayan soydaşlarımıza qarşı da İran eyni siyasəti yürüdür. Şaxtalı, soyuq havada çöldə qalan, qida, çadır çatışmazlığı ilə üzləşən azərbaycanlılara heç bir kömək edilmir. İran Azərbaycanın soydaşlarımıza humanitar yardım göndərməsinə imkan vermir. Bu, bir daha cənub qonşumuzun Azərbaycana qarşı düşmənçiliyini açıq-aydın göstərir.

İran, həmçinin Azərbaycan mədəniyyətinin,  xalqımızın tarixi irsinin silinməsi üçün məkrli əməllərə əl atır. Belə faktlardan biri XIII əsrdə yaşamış Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarının dağıdılmasıdır. Belə ki, KİV- İzzəddin Həsənoğlunun qəbrinin dağıdılmış vəziyyətdə şəkli paylaşılıb. Qeyd edək ki, Xorasan şəhərində yerləşən məzar ötən il bərpa olunmuşdu. Bu, bir daha İranın anti-Azərbaycan təbliğatının, irsimizə qarşı  düşmənçiliyinin nümunəsidir.

 Azərbaycan İranla münasibətlərində daim səmimi olub. Bakı heç vaxt İrana qarşı yaradılan beynəlxalq koalisiyaya qoşulmayıb. Bununla belə İran ölkəmizə qarşı münasibətində riyakar siyasət yürüdüb, düşmənçilik edib. Səfirliyimizdə baş verən terror aktından sonra Xoyda zəlzələdən əziyyət çəkən soydaşlarımıza yardıma imkan verilməməsi İzzəddin Həsənoğlunun məzarına qarşı edilən düşmənçiliyinin göstəriciləridir.

   

Əsmər QARDAŞXANOVA

Azərbaycan.- 2023.- 7 fevral.- S.7.