Müdafiə naziri: "Azərbaycan Ordusu hər zaman qardaş Türkiyənin yanındadır"

 

Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qardaş ölkəyə hərtərəfli yardımların göstərilməsi ilə əlaqədar tapşırıqlarını diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidentinin göstərişinə uyğun olaraq Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində təşkil olunan məntəqələrdə yardımların toplanmasında fəal iştirak edən hərbi qulluqçulara və onların ailə üzvlərinə təşəkkürünü bildirib.

Türkiyəyə ezam olunmuş hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyətini yüksək qiymətləndirən nazir Azərbaycan Ordusunun hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.

Yoxlamaların nəticələrini yüksək qiymətləndirən nazir döyüş hazırlığı tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

 

Azərbaycan.- 2023.- 12 fevral.- S.2.