Azərbaycandan qardaş Türkiyəyə modul tipli daha 22 ev yola salınıb

 

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli 90-dan çox müasir ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.

Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb.

Fevralın 13-dən etibarən modul tipli 26 ev aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb. Şirvan şəhər, Abşeron, Ağstafa, İmişli, Zaqatala, Goranboy, Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanmış daha 22 ev isə bu gün qardaş ölkəyə göndərilib.

Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən modul tipli daha 43 müasir evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Müşfiq Hüseynov jurnalistlərə müsahibəsində deyib: Azərbaycanda Türkiyəyə yardım üçün keçirilən kampaniyaya Ağstafa rayonu da qoşulub. Rayon tərəfindən qardaş ölkəyə modul tipli iki ədəd ev göndərilir. Bu göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı daimidir, dönməzdir. Biz hər zaman türk qardaşlarımızın yanındayıq. Yaxın gələcəkdə rayonumuz tərəfindən modul tipli daha 3 evin göndərilməsi planlaşdırılır. İnanırıq ki, bu evlər qardaşlarımız üçün faydalı olacaq.

Cəlilabad rayonu tərəfindən qardaş Türkiyəyə modul tipli 5 evin göndərildiyini deyən rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev bildirib ki, qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə humanitar yardım kampaniyası Azərbaycanın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da davam etdirilir. Cəlilabad rayon sakinləri tərəfindən zəlzələdən zərər çəkənlərə isti geyimlər, dərman ləvazimatları, yataq dəstləri, konservləşdirilmiş ərzaq məhsulları göndərilib. Qardaş Türkiyəyə yardımlar bundan sonra davam etdiriləcək.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev qeyd edib: “Türkiyədə dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş qardaşlarımıza indiyə qədər müxtəlif çeşidlərdə yardım göndərmişik. Bu gün Şirvan şəhərindən Türkiyəyə modul tipli 4 ev yola salınır. İki gün əvvəl isə Türkiyəyə sanitar qovşaqlar göndərilib. Biz Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər ictimaiyyəti, sakinləri adından zərər çəkmiş qardaşlarımıza şəfa diləyir, həlak olanların yaxınlarına və doğmalarına başsağlığı veririk”.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov deyib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Zaqatala sakinləri səfərbər olaraq rayonda yaradılmış qərargaha müraciət ediblər. Bütün vətəndaşlarımız kimi, zaqatalalılar da yardım aksiyasına qoşulubbir neçə gün ərzində böyük miqdarda yardım toplayıblar. İndiyədək Zaqataladan Türkiyəyə 7 avtomobil yardım yola salınıb.

 

Zaqatala seysmik bölgədə yerləşən ərazidir. 2012-ci ildə baş vermiş zəlzələdən sonra biz bunun nə demək olduğunu daha yaxşı anlayırıq. İndiki vəziyyətdə sakinlərin evlərinin dağılması, onların qışın soyuğunda çöldə qalması bizi ciddi şəkildə narahat edir”, - söyləyən icra nümayəndəsi qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu əbədidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birinə “qardaş” deyə müraciət etmələri bizi daha fəal, Türkiyə yanında olmağa sövq edir.

Qeyd edək ki, icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyənin Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.

Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək.

 

Azərbaycan.- 2023.- 18 fevral.- S.1; 4.