Azərbaycanda məişət zorakılığı işləri üzrə mühafizə orderləri ilə bağlı hesabat hazırlanıb

 

Fevralın 22-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı ilə bağlı yekun konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabat Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Tədbir Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərinin müavini Kirilo Boiçeniukun moderatorluğu ilə keçirilib. Avropa Şurasının rəsmisi aparılan işlərin davamlılığını təmin etmək üçün nəticələrə nəzər yetirmək, öyrənilən dərsləri müəyyən etmək, digər ehtiyacları qiymətləndirmək və gələcək fəaliyyətlərin müzakirəsi baxımından tədqiqatın əhəmiyyətini vurğulayıb.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hesabat daxili qanunvericilik bazasının və siyasətin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasında Azərbaycanın səlahiyyətli orqanlarına dəstək olmaq məqsədi daşıyır. Həmçinin hesabat Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının icrasına öz töhfəsini verəcək.

B.Muradova bildirib ki, Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən ən vacibinin gender bərabərliyinin təmin olunması və ona mane olan problemlərin aradan qaldırılması üçün əlaqələndirici funksiyasından istifadə edərək bütün tərəfdaşlarla birgə işin qurulmasıdır. O, Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, məişət zorakılığı ilə bağlı üç ili əhatə edən Milli Fəaliyyət Planı çərçivəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketinin hazırlanması, zərərçəkmiş şəxslərin müdafiəsi üzrə institusional mexanizmlərin yaradılması, peşəkar bacarıqların gücləndirilməsi və məlumatlılığın artırılması ilə bağlı görülmüş işlər Azərbaycan hökumətinin bu məsələdə həssaslığını nümayiş etdirir.

O bildirib ki, hazırda təqdim edilən hesabatın hazırlanması prosesində ortaya çıxan nəticələr, Azərbaycandakı mövcud vəziyyət, ayrı-ayrı ölkələrin qabaqcıl təcrübəsi ilə müqayisədə aparılmış təhlillərin nəticəsindən irəli gələn tövsiyələr bu istiqamətdə görüləcək işlərin konkretləşməsinə kömək edəcək.

Komitə sədri bildirib ki, ölkəmizdə mühafizə orderlərinin tətbiqi ilə bağlı müəyyən çətinliklər var. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlıdır. Bir qayda olaraq qısamüddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzrə çevikadekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir.

Konfransa onlayn formatda qoşulan Avropa Şurası, Gender Bərabərliyi Bölümünün rəhbəri Katerina Boloqnez layihə çərçivəsində həyata keçirilən işlərdən bəhs edib. Qeyd edib ki, layihənin icrası müddətində Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasət bazasının beynəlxalq standartlara daha da uyğunlaşdırılması sahəsində işlər görülüb. Təcili mühafizə orderlərinin vacibliyinə toxunan Katerina Boloqnez bu sahədə Azərbaycanda önəmli addımların atıldığını söyləyib.

Tədbirdə Avropa Şurasının məsləhətçisi Roza Loqar, AQUPDK-nın şöbə müdiri Taliyə İbrahimova mühafizə orderləri üzrə hesabatı təqdim edib, əsas nəticə və tövsiyələri iştirakçıların diqqətinə çatdırıblar.

Sonra hesabatın müzakirəsi aparılıb.

 

Azərbaycan.- 2023.- 23 fevral.- S.5.