İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə mükəmməl model yaradıb

 

İyulun 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü yekunlaşıb. Görüşdə ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib.

Azərbaycanın sədrliyi ilə keçirilmiş iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib.

İclas çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahının açılış mərasimi baş tutub, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda konfrans keçirilib.

 

Qlobal proseslərə daha effektiv adekvat reaksiya verən təşkilat

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədlər baxımdan çox mühüm tarixi-siyasi hadisədir. 

Deputat qeyd edib ki, yeni çağırışlar şəraitində BMT başda olmaqla, çoxsaylı təsisatların yeni dünya düzəninin tələblərini ödəmədiyi heç kimə sirr deyil: "Məsələn, bəzən saatlar içində icra olunan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 il ərzində yerinə yetirilmədiyinin şahidi olmuşuq. Yaxud BMT-nin ixtisaslaşmış təşkilatı UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz qalmasına, mədəni nümunələrin, elm-təhsil ocaqlarının, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına göz yumduğu halda zəfərimizdən sonra işğaldan azad olunan Azərbaycan ərazilərində erməni irsi axtarmağa başladı. Yaxud Fransanın əsrlərlə davam edən kolonial siyasəti, habelə müasir dövrdə Korsikada milli dilin və kimliyin qadağan olunmasına bu təsisatların demək olar ki, hamısı susqunluqla yanaşır".

B.Məhərrəmov bildirib ki, bu cür institutlarla yeni çağırışları qarşılamaq mümkün deyil. Bu mənada Bakıda "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin verdiyi bəyanatlar yeni dünya düzənində qlobal məqsəd və hədəflərə doğru birgəfəaliyyət üçün yol xəritəsi hesab edilməlidir.

Deputat vurğulayıb ki, BMT-də islahatlar aparılması barədə ümumi təkliflərdən o yana keçməyən liderlərdən fərqli olaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə islahat nümunəsi ortaya qoyub. "Etiraf edək ki, Qoşulmama Hərəkatı böyük potensialına baxmayaraq, Azərbaycanın sədrliyinə qədər ətalətdə olan bir təsisat olub, amma bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Hərəkat özünün təsirli parlament və gənclər şəbəkəsi olan, qlobal proseslərə BMT-dən daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata çevrilib. Prezident İlham Əliyev pandemiya dövründə qlobal səyləri birləşdirərək məhz Qoşulmama Hərəkatı çərçivəsində pandemiya ilə səmərəli mübarizəni təşkil etdi. BMT də, ÜST də cənab İlham Əliyevin rəhbərliyi altında formalaşan data bazaya istinadən hərəkət etdi. Yaxud BMT qətnamələrinin icra mexanizmlərinin yaradılması, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və məzmunca yeni baxışla bağlı konkret formulun ortaya qoyulması, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin genişləndirilməsi məsələləri məhz Azərbaycan liderinin ideyalarıdır", - deyə o əlavə edib.

Azərbaycan Prezidentinin yeni çağırışlar fonunda yeni dünya düzəninə keçid prosesinin aparıcı simalarından olduğunu vurğulayan deputat bildirib ki, bununla da əvvəllər bizi görməzdən gələnlər, dinləmək istəməyənlər artıq özləri Azərbaycanın qlobal oyunçu olduğunu etiraf edirlər. Etiraf etməyənlərin, bu reallığı hələ də anlamaq istəməyənlərin də Makronun simasında aqibəti bəllidir.

B.Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyev iki dəfə BMT TŞ-də, Ərəb Liqasında, eləcə də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşündə Marseldə Azərbaycana təzyiqlərdən danışan Fransa Prezidentinin artıq qlobal müstəvidə "fail persona" olduğunu hamıya göstərdi.

 

QH öz əhəmiyyətini bir daha göstərdi

 

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün açılış mərasimində Prezident İlham Əliyev müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hökm sürməsi barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Deputat qeyd edib ki, bu gün millətlərin azadlığının, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasının təminatçısı olduğu BMT, əslində, bir neçə dövlətin maraqlarını müdafiə edən yararsız quruma çevrilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edən Fransa bir çox dövlətlərə və xalqlara qarşı həm işğalçılıq, həm də soyqırımı siyasəti həyata keçirir: "Fransa Əlcəzairdə, bir sıra Afrika və Şərqi Asiya dövlətlərində talançılıq həyata keçirərək, milyonlarla  insanı qətlə yetirib. Bu gün Fransa Prezidenti Makron da bu siyasəti davam etdirir. Beynəlxalq təşkilatlar bu dövlətin törətdiyi cinayətlərlə bağlı səslərini çıxarmırlar. Prezident İlham Əliyev isə yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və rəhbərinin təcavüzkar, işğalçı siyasət aparmasını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə dünyaya çatdırdı. Əslində, ölkə rəhbərimiz bir çox dövlət başçılarının  söyləyə bilmədiyi fikirləri çox cəsarətli şəkildə səsləndirdi".  

K.Əliyeva bildirib ki, Makron işğalçı Ermənistana dəstək verməklə, çirkin siyasətini Cənubi Qafqazda da həyata keçirmək niyyətindədir. "Səriştəsiz "siyasətçi" başa düşməlidir ki, regionda İlham Əliyev kimi qətiyyətli siyasətçi və güclü dövlət başçısı var. Makron onsuz da gec-tez alçalmış şəkildə geri çəkiləcək", - deyə o əlavə edib.

 Prezident İlham Əliyevin islamofobiya haqqında fikirlərinə toxunan deputat bir sıra Qərb dövlətlərində islamofobiyanın geniş yayıldığını qeyd edib. Bu ölkələrdə müsəlmanların müqəddəs kitabı Quranın yandırıldığını xatırladan K.Əliyeva əlavə edib ki, bunu söz və fikir azadlığı adlandıranlar, əslində, bütün islam dünyasına qarşı mənəvi terror törədirlər: "Bu dövlətlərin rəhbərləri Azərbaycanda tolerantlığa, multikultural dəyərlərə olan hörmətə baxıb utanmalıdırlar. Ölkəmizdə digər dinlərə, mədəniyyətlərə göstərilən qayğıdan ibrət götürməlidirlər. Qoşulmama Hərəkatının nazirlər görüşündə dövlət başçısı bir daha Azərbaycanın dünyada ikili standartlara son qoyulmasını və ədalətin bərpa olunmasının tərəfdarı olduğunu açıqladı. Bu, çox mötəbər tədbir idi və öz əhəmiyyətini bir daha göstərdi".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 8 iyul.- S.9.