Azərbaycan dövlətinin İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbə daha bir töhfəsi

 

Azərbaycan dövləti İrpen şəhərində yerləşən görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə daha bir töhfə verib.

AZƏRTAC xəbər verir ki, istilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.

Məktəbin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edilib ki, məktəbin xarici istilik izolyasiyası işləri yeni tədris ilinə qədər başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı bomba sığınacağı təmir edilib.

Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.3.