ABŞ səfiri
Hayastanı silkələdi
ABŞ-nin Hayastandakı
səfiri Kristina Quinnin açıqlaması
bu ölkənin siyasi dairələrində
böyük rezonans doğurub, əsasən də keçmiş hərbi xunta təmsilçilərinin etirazlarına
səbəb olub.
Səfir qeyd edib ki, ABŞ Qarabağ ermənilərinin
Azərbaycanın tərkibində
təhlükəsiz yaşaya
biləcəklərinə inanır
və ümid edir. "ABŞ istənilən
növ danışıqların
müsbət tendensiya
olduğuna inanır.
ABŞ Cənubi Qafqazda
sülhün tərəfdarıdır.
Biz diqqəti nəqliyyat əlaqələrinə
yönəltməyi təklif
edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın
xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını
azaldacaq" - deyə
səfir əlavə edib.
Açıqlaması ilə Hayastanı silkələyən səfir
qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında aparılan danışıqların yekun
nəticəsinin tərəflərin
maraqlarına uyğun
möhkəm sülh olmasını istəyir.
Kristina Quinnə
bu açıqlamasından
sonra az qala "Hayastanın düşməni" elan
ediləcək səviyyədə
böyük təzyiqlər
var. Bundan sonra Hayastanda bir qrup vətəndaş
Qarabağın Azərbaycanın
bir hissəsi kimi tanınmasını kriminallaşdıran təklif
üçün imza toplanmasına başlayıb.
"Ayakve" adlı
bu qrupa ictimai fiqurlar, mədəniyyət xadimləri,
keçmiş məmur
və deputatlar daxildir. Təşəbbüs
müəllifləri ölkənin
Cinayət Məcəlləsinə
Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanıyan vəzifəli şəxslər
üçün məsuliyyət
nəzərdə tutan
düzəlişin edilməsini
təklif edirlər.
Təklifə görə,
belə əmələ
yol verən vəzifəli şəxsə
10 ildən 15 ilədək
azadlıqdan məhrumetmə
cəzası verilə
bilər. Qrupun əlaqələndiricisi Avetik
Çalabyan qeyd edir ki, təklif
etdikləri birinci maddədə Qarabağın
başqa dövlətin
tərkib hissəsi kimi tanınmasını cinayət əməli kimi tövsif edilir. Digər maddədə qondarma "erməni soyqırımı"nın
beynəlxalq tanınmasından
imtina cinayət əməli kimi göstərilir. Nə üçün məhz bu iki maddə?
Çünki məhz
bu iki bənd
Hayastanın müstəqilliyinə
dair 23 avqust 1990-ci ildə qəbul edilmiş Bəyannamədə
ümummilli məqsədlər
kimi göstərilir.
"4rd.am" nəşri yazır ki, təşəbbüsçülər 50 min imza toplaya
bilsələr, ölkə
Konstitusiyasına görə,
bu məsələ parlamentin müzakirəsinə
çıxarılmalıdır. Əgər parlament təşəbbüsü rədd
etsə, onda referendum keçirilməsi
üçün 300 min
imza toplamaq lazım gələcək.
Baş nazir Nikol Paşinyan Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanıyıb. Belə olan halda bu təşəbbüs
necə uğur qazana bilər? Çalabyan bu suala cavab olaraq
deyib ki, Paşinyanın bəyanatı
hüquqi baxımdan təsdiq olunmayıb:
"Heç müqavilə
də bağlanmayıb.
Söhbət heç
bir hüquqi gücü olmayan şifahi bəyanatdan gedir. Biz elə
bu "Ayakve" prosesini ona görə
başlatmışıq ki,
Qarabağın Azərbaycanın
tərkib hissəsi kimi tanınması prosesini dayandıraq". Qeyd edək ki, müxalif ictimai fəal Avetik Çalabyan tələbələri pulla
etiraz aksiyalarına cəlbetmədə ittiham
olunur.
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının
aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər
digər araqızışdıranların
bu cür sərsəm bəyanatlar verməsi erməni xalqını növbəti
dəfə fəlakətə
sürükləyir. Qeyd
edək ki, Azərbaycanla müharibədəki
məğlubiyyət Hayastanı
elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan
və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri
dövründən yığılıb
qalmış ağır
problemlər isə hazırkı hakimiyyəti çətin
vəziyyətdə qoyub.
Əslində, revanşist
qüvvələr çox yaxşı
başa düşürlər
ki, böyük siyasətə
qayıtmaq üçün
heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.
Ona görə onların Cinayət Məcəlləsinə təklif
etdikləri düzəlişlərin
də ictimaiyyət tərəfindən dəstəklənməsi
real görünmür.
Digər tərəfdən,
sülhə qarşı
çıxmaq Hayastan
üçün yeni fəlakətlərə gətirib
çıxaracaq. 44 günlük
müharibə bunu təsdiq edir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
6 iyul.- S.1;16.