Azərbaycan-Albaniya iqtisadi əlaqələri üçün yeni yollar açılır

 

Bu əməkdaşlığın genişlənməsi enerji sektorundan qaynaqlanır

 

Azərbaycan Albaniya arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur. Ticarətin artırılmasına, investisiyaların yönəldilməsinə imkanlar var. Azərbaycan sərmayədarları Albaniyada turizm, kənd təsərrüfatı digər sahələrdə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Bu vaxta qədər isə iki ölkə arasında əməkdaşlığın əsas meyarı enerji sektoruna aid olub.

Bu fikirlər Albaniyanın Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdikləri bəyanatda səslənib. Prezident İlham Əliyev vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq təkcə Azərbaycan Albaniya üçün deyil, böyük sayda digər ölkələr, xüsusən "Cənub qaz dəhlizi"nin hissəsi olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) üçün əhəmiyyətlidir: "Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin "Cənub qaz dəhlizi" vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır onun coğrafiyası genişlənir".

"Cənub qaz dəhlizi"nin Avropa qolu olan TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. TAP-la sıx bağlılıq səbəbindən Albaniya hər il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən toplantılarında yüksək səviyyədə təmsil olunur. Bütün bunlar Azərbaycan-Albaniya iqtisadi əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Xatırladaq ki, keçən ilin noyabr ayında Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri olmuşdu. Hələ o zaman ölkəmizin Albaniyada qaz təsərrüfatının inkişafına dəstək verəcəyi müzakirə edilmişdi. Prezidentimiz həmin məsələni xatırladaraq demişdir: "Əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəni qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq. Həmçinin biz infrastrukturumuzu Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi də müzakirə etdik".

Albaniya öz ərazisində tranzit imkanlarından istifadəyə açıq olduğunu artıq bəyan edib. Tikilməkdə olan İon-Adriatik boru kəməri bu işlərə kömək göstərəcək. Belə ki, layihə tamamlandıqdan sonra Cənub-Şərqi Avropanın bir sıra ölkələri qaz nəqli üçün TAP-a qoşula bilər.

Uzunluğu 516 kilometr olan İon-Adriatik kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Kəmərin ötürücülük gücü ildə 5 milyard kubmetr təşkil edəcək. Bu həcmin 1 milyard kubmetrini Albaniyanın, 500 milyon kubmetrini Monteneqronun, 1 milyard kubmetrini Bosniya və Herseqovinanın, 2,5 milyard kubmetrini Xorvatiyanın alacağı gözlənilir.

Albaniyanın qaz tranziti ölkəsi olmasının artıq reallığa çevrildiyini bir daha diqqətə çatdıran ölkə Prezidenti Bayram Beqay demişdir: "Albaniyanın qaz qəbul və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir".

Bunlar bir daha göstərir ki, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqda bir-birinə sıx bağlıdır. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi"nin mühüm hissəsini təşkil edən

TAP-dan Albaniya həm iqtisadi baxımdan, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox fayda görür.

Albaniya Prezidenti bir daha qeyd edib ki, İon-Adriatik kəməri regionda bu ölkənin qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək. Həmçinin Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində ölkəsinin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, hazırda 6 ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniya Azərbaycandan mavi yanacaq alır. Yaxın zamanda qaz idxal edən ölkələrin sayının 10-a çatacağı nəzərdə tutulur. Lakin bu, son hədəf deyil. Keçən il oktyabrın 1-də Sofiya şəhərində istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru Azərbaycandan qaz ixrac edən ölkələrin sayının artmasına imkan yaradıb. İon-Adriatik kəmərinin inşası başa çatdıqdan sonra isə ixracımızın coğrafiyası daha da genişlənəcək.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 9 iyul.- S.1-2.