Qardaşım sevdiyi yolun yolçusu oldu

 

"Rəmal dərs oxuyan uşaq deyildi. Heç məktəbə vaxtlı-vaxtında getmirdi. Bəlkə desəydin, xəritədə Qarabağı düz-əməlli tapıb göstərə bilməzdi. Amma vətənini canından çox sevən uşaq idi. Həmişə deyərdi ki, müharibə olsa, məni heç kim saxlaya bilməz, gedib döyüşəcəyəm, düşmən məni öldürüb cəsədimin üstündən keçməyincə geri çəkilmərəm.

Rəmal dediyi kimi etdi. Bakıda fəhləlik edirdi. Sentyabrın 21-də səhər açılar-açılmaz bir gördüm ki, evə gəldi. Dedi ki, şəxsiyyət vəsiqəmin vaxtı tamam olub, təcili yeni vəsiqə almalıyam. Sən demə, səfərbərlik olduğunu bilirmiş. Gedib könüllü yazıldı, oradan da birbaşa müharibəyə getdi".

Anası Mahizər xanımın gözündən yaş selləndi. Boğazı qurudu. Sözünün ardını gətirə bilmədi. Özünü toparlayıb bircə kəlmə "hamının balası gəldi, mənimki gəlmədi", - deyə bildi.

Söhbəti atası Şahin kişi davam etdirdi: "Sentyabrın 21-də Gorana təlimə getmişdi. Müharibə başlanan günü zəng etdi. Dedi ki, müharibədir, şəhid olsam, bilin ki, qorxaq kimi yox, qəhrəman kimi döyüşüb şəhid olmuşam. Rəmalı halal çörəyimlə, zəhmətlə böyütmüşdüm. Balam çalışırdı ki, bir şərait qursun, evlənsin. Arzuları da ömrü kimi qısa oldu.

Oğlum Ağdərə rayonunun 531-ci yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub. Ermənilər onu şəhid etdikdən sonra videosunu çəkib sosial şəbəkədə paylaşmışdılar. Videonu görən kimi Rəmalı tanıdım. Dərdi içimdə çəkirdim. Çalışırdım anası bilməsin. Müharibə qurtarandan sonra da deyirdim Rəmal gələcək. Kimin balası müharibədən qayıdırdısa, gedib gözaydınlığı verirdim. Vətənə can verməsən, qanınla suvarmasan, vətən olmur. Oğlumla qürur duyuram ki, canını yox, vətənimizi qoruyanlardan oldu".

Haqqında söhbət açdığımız Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuşdu. Orta məktəbi Qaracallı kənd 2 nömrəli məktəbdə oxuyub. Ailənin üçüncü övladı olan Rəmal həmişə bacılarına qardaşına deyərmiş ki, elə ömür yaşayacağam həmişə mənimlə fəxr edəcəksiniz.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü cəbhəyə gedən Rəmal şərəfli bir döyüş yolu keçmiş, Füzulinin, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Ağdərə rayonunun düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin bacısı Yenigül deyir ki, qardaşı Vətəni canından çox sevirdi: "O qədər çox sevirdi ki, son anda da bizi yox, torpağı qucaqlamağı üstün tutdu. Qardaşımın nəşini dekabrın 16-da bizə verdilər. Bəzən insanlar deyirlər ki, qismətində bu varmış. Amma mən buna qismət, alın yazısı demirəm. Bu, qardaşımın bilərək getdiyi, qəbul etdiyi yoldur. Hər qələbədən danışılanda, Qarabağda gedən abadlıq-quruculuq işləri televiziya ekranlarında göstəriləndə Rəmalla daha çox fəxr edirəm. Düşünürəm ki, vətənimizin üstündən məğlubiyyət ləkəsini götürənlərin, üzümüzü edənlərin biri mənim qardaşımdır. Rəmal həmişə fərqli olmağı sevirdi. Ayrılıq dərdi böyük olsa da, qardaşım sevdiyi yolun yolçusu oldu".

 

  E.QƏNİYEV,

Azərbaycan.-2023.- 9 iyul.- S.5.