Mən bu vətənin oğluyam

 

Bəstəkar Vüqar Məmmədzadə gənc olsa da, dünyada Azərbaycanı ləyaqətlə təmsil edir. Qazandığı uğurlar yalnız özünün deyil, həm vətənimizin adına yazılır. Dünyada Vüqarı duymayan, anlamayan yoxdur. O harada olursa, bütün insanların başa düşə biləcəyi, anladığı musiqi dili ilə danışır. Onu hamı anlayıb alqışlayır.

Bəstəkar Vüqar Məmmədzadəni tanıtmaq üçün çox da uzağa getmək lazım deyil. Qısaca deyək ki, hamımızın sevərək izlədiyi "Quruluş Osman" filminin ikinci mövsümünün bəstəkarıdır.

Vüqar deyir  ki, musiqi həyat tərzinin ən önəmli amillərindən biridir: "Musiqi həm mənim psixoloji olaraq yardımçımdır. Daxilimdə olan bütün emosional durumumu sırf musiqiyə ötürürəm. Yazmaq, yaratmaq mənə zövq verir.  Mən musiqidə özümü tapıram".

Vüqar 1996-cı ildə Bakıda anadan olub. Atası Əbdüləli Məmmədov diş həkimi, anası Maya Qafarova Bakı Musiqi Akademiyasının professorudur. Vüqar deyir ki, gözünü açandan evlərində musiqi səsi eşidib: "Anamın əla ifaçılıq qabiliyyəti var. Evimizə qonaqlar gələndə kiçik konsertlər təşkil olunardı. Eyni zamanda anam  həmişə onunla birgə çalışmış böyük bəstəkarlar - Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Tofiq Quliyev haqqında maraqlı söhbətlər edərdi. Hacı Xanməmmədov anamın müəllimi olub. Mən uşaqkən Arif Məlikovu, Vasif Adıgözəlovu evimizdə görmüşəm, söhbətlərini dinləmişəm. Onların həyat tərzi, dünyaya baxışı mənə maraqlı gəlirdi. Düşünürdüm ki, ya atamın yolu ilə gedib diş həkimi, ya da musiqiçi olmalıyam. Uşaqlıqda tar çalmağı çox sevirdim".

Vüqar Məmmədzadə ilk musiqi təhsilini Üzeyir bəy Hacıbəyli adına BMA-nın nəzdindəki Məktəb-studioda alıb. Sonra A.Zeynallı adına Musiqi Kolleci, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Dünyaşöhrətli bəstəkar Arif Məlikovun bəstəkarlıq sinfində təhsil alıb. 2020-ci ildə Almaniyada R.Şuman adına Düsseldorf Konservatoriyasına professor Oliver Şnellerin sinfinə qəbul olunub. Bəstəkarlıq film scoring üzrə görkəmli film bəstəkarı Alan Silvestri, mix-mastering üzrə Kenny Joya'dan master-klas dərsləri alıb. Gənc bəstəkar 2018-ci ilin dekabr ayında Türkiyədə təşkil olunan "Caspi Art" Uluslararası Sənət Yarışması Bəstəkarların Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına, 2019-cu ilin may ayında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş "Nəsimi romans" müsabiqəsində "Hardasan" romansına görə diploma layiq görülüb.

Vüqar Məmmədzadənin əsərləri dəfələrlə Almaniya, Avstriya, Malta, Türkiyə ölkəmizin böyük səhnələrində səsləndirilib. X Qəbələ Beynəlxalq Musiqi (2018-ci il), Şəki "İpək yolu" X Beynəlxalq Musiqi festivalları çərçivəsində "Nəsimiyə ithaf" Konserti (2019-cu il), XII Qəbələ Beynəlxalq Musiqi Festivalı, Praqa şəhərində təşkil olunan "The Voice of Peace" Konserti, Vyana şəhərində "Mənim yolum" əsərinin premyerası  onun yaradıcılıq uğurlarının az bir hissəsini təşkil edir. Həmyerlimiz Maltada təşkil olunan Bəstəkarların "Kvartet janrı" üzrə Beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülərək laureat adı qazanmışdır. 2021-ci ilin iyun ayında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təşkil edilmiş gənc bəstəkarlar arasında "Nizami Romans" Respublika Müsabiqə Festivalında "Ay üzlü nigarım" romansı diploma layiq görülmüşdür. Vüqar, həmçinin 2021-ci ilin oktyabr ayında Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan bəstəkarlıq müsabiqəsində "İnsan" simfonik poeması ilə (böyük tərkibdə simfonik orkestr üçün) ikinci yerə layiq görülərək laureat adını qazanmış, Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə Gənclər İdman Nazirliyinin "İlin ən yaxşı" bəstəkarı nominasiyası üzrə mükafatına layiq görülmüşdür.

Bəstəçi deyir ki, o bu vətənin oğludur: "Ömrümü Azərbaycanımıza həsr etmişəm. Mənim pianonun şirmayı dillərinin üstündə gəzən barmaqlarım, məqamı çatanda silah tutan əlim var. 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə getdim. Şuşaya qədər uzun bir döyüş yolu keçdim. "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşam. Daşaltı kəndində gedən döyüşlərdə yaralanmışam. Xarici ölkələrdə səfərlərdə olanda ermənilərin bizə məğlub ölkənin vətəndaşları kimi aşağılayıcı nəzərlərlə baxdığını hiss edirdim. Müharibə başlayanda evdə otura bilməzdim. İndi çox rahatam. Hesab edirəm ki, sənətdə qazandığım uğurlardan çox, müharibədə qazandığım uğurlarla öyünməyə haqqım çatır".

Cəsur döyüşçü Vüqar Məmmədzadə 18 sentyabr 2021-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. "Bir addım da olsa" sənədli filminin (rejissor E.Mirzəyev), "Mteatr"da səhnəyə qoyulan "Vidalaşmadan getmə" (rejissor Vidadi Həsənov, aktyor Oktay Mehtiyev) tamaşasının musiqisini o yazıb. Hazırda Amerikanın Netflix BFS prodakşn ilə əməkdaşlıq edən yeganə azərbaycanlı bəstəkardır. Eyni zamanda "Salnaməfilm"lə əməkdaşlıq edir.

Bəstəçinin musiqi yaradıcılığı çoxşaxəlidir. O, müxtəlif janrlarda (sonata, kamera-instrumental, vokal-instrumental, folklor, kvartet, simfonik poema), fərqli tərkiblər üçün əsərlərin müəllifidir: Fortepiano üçün 10 prelüd, 2 pyes: Vals, Skertso, 3 hissəli Sonatino, solo tar üçün 3 hissəli Sonata, Klarnet fortepiano üçün 12 Variasiya, violin, viola fortepiano üçün Trio, simli alətlər üçün 3 hissəli Kvartet, "Hardasan" romansı (səs fortepiano üçün, söz. İ.Nəsimi), "Zəfər marşı" (hərbi orkestr üçün), "Ay üzlü nigarım" romansı (səs, arfa, ney, violonçel darbuka üçün, sözləri N.Gəncəvi), Kamera orkestri üçün pyes, solo qaboy kamera orkestri üçün pyes "Mənim yolum", solo faqot simli orkestr üçün "Endless", simfonik orkestr üçün "İron first" əsəri, "İnsan" simfonik poeması, səs, solo alətlər, xor simfonik orkestr üçün "Miniatürlər" Bəstəkar "Assassin's Creed Unity" oyununa, "A Dog's Purpose" filminə musiqi işləmələri yaratmış, "Genesis" qısametrajlı filminin, Netfliks Es filmin "Rise of Empires: Ottoman" serialının musiqi müəllifidir. Hazırda yeni texniki səs imkanları, eksperimental digital tətbiqlərə inteqrasiya olunmuş bədii ifadə vasitələri ilə maraqlanaraq yaradıcılıq fəaliyyətində tətbiqinə geniş yer verir.

Vüqarın yaradıcılığını izlədikcə qətiyyətlə deyə bilərik ki, Azərbaycan bəstəkarlıq məktəbinin daha bir parlaq ulduzu sənətin zirvəsinə doğru uğurlu addımlarla irəliləməkdədir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 9 iyul.- S.5.