Kimliyimizin silinməz möhürü

 

Laçındakı 300-ə yaxın mədəni memarlıq abidəsi qədim tariximizə işıq saçır

 

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngindir. Əsrlərin sınağından keçmiş, tarixi kimliyimizin silinməz möhürü olan həmin abidələr, babalarımızın bizə qoyub getdiyi qiymətli əmanətlər bu torpağın əsl sahibi olduğumuzu sübut edən yadigarlardır.

Ermənistan ordusunun işğal edib dağıntılara məruz qoyduğu Laçın  Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, ən çox tarixi mədəni abidəmizin saxlanc yeridir. Rayon ərazisində 300-ə yaxın abidə, onlarca kurqan, arxeologiya baxımından faydalı olan çoxlu qəbirüstü türbə, stellalar, at, qoç fiqurları, süjetli daşlarla zəngin tarixi əhəmiyyətli memarlıq inciləri mövcuddur. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Mütəxəssislərin fikrinə görə, Laçın rayonunda olan Qafqaz Albaniyası dövrünə aid abidələrin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki mərhələsinə məxsusdur.

Qədim yurd yerlərimizdən olan Laçın islam dövrü abidələri ilə zəngindir. Bu abidələrin bir qrupu at qoç təsvirli məzar daşlarından ibarətdir. Məzar daşlarının bu formada hazırlanması islamdan əvvəlki dini ayinlərə olan inamın saxlanması baxımından insanların öz keçmişini yaşatdığını sübut edir. Xalqımız əsrlər boyu bu torpağın varisləri sahibləri olduqlarını kitabələr vasitəsilə indiki günümüzə qədər çatdırıblar. Müxtəlif təsvirli məzar daşlarının Qarabağda XV əsrin sonlarından XIX əsrin əvvəllərinə kimi hazırlandığını nəzərə alsaq, bəhs edilən bölgədə bu tip qəbirlərin üç yüz ildən artıq bir tarixi olduğunu görürük.

Laçının Güləbird Malıbəyli kəndləri ərazisindəki məzar daşları XVI-XVII əsrlərə aid olmaqla üzərindəki damğa işarələr baxımından olduqca böyük maraq doğurur. Bu epiqrafik materiallara digər təsviri incəsənət motivlərinə əsasən Qarabağ abidələrinin formalaşmasında qədim türk tayfalarının böyük rol oynaması faktı ortaya çıxır. Rayonun Malıbəyli kəndinə gedən yolun sol tərəfində yerləşən alban məbədlərinin yanında üç at təsvirli məzar daşı abidələri vardır. Birinci daşda hicri qəməri tarixi ilə 977-ci il (miladi 1569-1570) qeyd olunub. İkinci və üçüncü daşın sol tərəfində günəş və insan təsviri çəkilmiş və insanın sağ əlində isə quş rəsmi diqqətimizi cəlb edir. At fiqurunun ayaq hissəsində ərəbcə nəsx xətti ilə yazılmış kitabədə belə deyilir: "Onun sahibi Yəhyadır". Hər üç at fiqurunun sol arxa ayağındakı aşağı hissəsində də eyni damğalar vurulub. Texniki hazırlanma xüsusiyyətləri baxımından bu damğaların oğuz türkləri və azərbaycanlılara aid olması bir daha sübut edir ki, bölgə tarixən oğuz türklərinin vətəni olub.

Rayonun Güləbird kəndində at fiqurlu qəbir daşları da var ki, onlar da forma və məzmun baxımından XVI əsr Malıbəyli abidələrinin analoji nümunəsidir. At fiqurlu birinci abidənin sol tərəfindəki kitabədə Qurani-Kərimin "ər-Rəhman" surəsinin 26-27-ci ayələri həkk olunub: "Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir (əbədidir)". "Qorçi oğlu rəhmətlik Məhərrəmindir. Ölümü hicri qəməri tarixi ilə 1022-ci il." (miladi 1613-1614-cü il). İkinci at fiqurlu abidədə isə yalnız tarix yazılıb: "Ölüm tarixi 1078-ci hicri qəməri ili" (miladi 1667-1668-ci il). Buradakı qoçşəkilli başqa bir məzar daşında "1221-ci hicri qəməri ili" (miladi 1806-1807-ci il) tarixi həkk edilib.

Laçın rayonundakı Ağoğlan məbədi yaxınlığında XVI əsrə aid sənduqə və at fiqurlu qəbir daşları da vardır. Bu qəbir daşlarının paleoqrafiyası, mətn kitabələri, relyefli təsvirləri Azərbaycan ərazisində dağətəyi rayonlarda kalliqraf ustaların daşlar üzərindəki işarələrlə özünəməxsus məktəb yaratdığını göstərir.

V-VI əsrlərə aid alban monastırı olan "Ağoğlan" məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir.

 "Ağoğlan" məbədi vaxtilə "Qaranquş qəsri"də adlandırılıb. Bununla bağlı rəvayətdə deyilir ki, bir gün günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır.

Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə "Qaranquş qəsri" adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulmuş və məbədə çevriləndən sonra isə xalq arasında həmin abidə tikdirənin şərəfinə "Ağoğlan" kimi tanınmağa başlanmışdır.

 1992-ci ildə erməni qəsbkarları ərazini işğal etdikdən sonra "Ağoğlan" məbədini özününküləşdirməyə başlamışlar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazını, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarını dəyişdirmişlər. Məbədin, guya, xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər.

Bununla kifayətlənməyən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırmış, binanın fasadını kirəmid və dəmirlə əvəzləmişlər. 2007-ci ildə Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini faktlarla təsdiq etmiş oldular.

Həmçinin Laçın rayonunda Məlik Əjdər türbəsi, Mirik kəndində XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Qarıqışlaq kəndində XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal, Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası da olmuşdur.

 Malıbəyli, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Əsatirlərdən məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olmuşdur. Mütəxəssislər hesab edirlər ki, abidələrin üzərində humay quşunun təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədilə işlənilib.

Və nəhayət, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində rəşadətli, qəhrəman Azərbaycan əsgəri simurq quşu kimi illərdir darda qalan torpaqlarımızı, babalarımızdan bizə miras qalan bu tarixi yadigarlarımızı da azad etdi.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 11 iyul.- S.6.