Şamaxı qalası

 

Şamaxı qalası - Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI - XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045-ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

 

Azərbaycan.-2023.- 11 iyul.- S.6.