Azərbaycanı xilas etmək üçün gəlmişdi

 

Ulu Öndər 33 il əvvəl Moskvadan Bakıya dönmüşdü

 

Dahilər Tanrı payıdırlar. Xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev   Tanrı tərəfindən seçilənlərdən idi. Bir xalqın tarixini yaratmaq, dövlətini qurmaq, gələn bəlalardan qoruyub xilas etmək sanki İlahi bir qüvvə tərəfindən ona həvalə edilmişdir. Azərbaycan xalqı, dövləti üçün ən çətin məqamlarda biz Ümummilli Lideri həmişə öndə görmüşük.

Hakimiyyətə gəlişinin birinci mərhələsi Azərbaycanın ən ağır, keşməkeşli dövrünü əhatə edirdi. O zaman Azərbaycan ittifaq respublikaları sırasında geridə qalmış, sahibsiz aqrar bir respublika idi. 1941-1945-ci illər müharibəsində sovet ordusunu yanacaqla təmin edən, qələbənin əsas təminatçısı olan, təbii sərvətləri "mərkəzləşdirilmiş" qaydada talan olunan bir respublikaya ittifaq büdcəsindən ən az maddi vəsait ayrılırdı. Respublikada sənaye müəssisələri yox dərəcəsində idi. İnşaat sektorundan söhbət belə gedə bilməzdi. Belə bir məqamda xalqımızın böyük oğlu respublikaya rəhbərlik etməyə başladı. Qısa zamanda Azərbaycan ittifaq miqyasında tanınan, nüfuz, söz sahibi olan bir respublikaya çevrildi. Paytaxt Bakıdan respublikanın ən ucqar kəndinə kimi quruculuq işlərinə start verildi. Yeni məktəblər, uşaq bağçaları, kitabxanalar, klublar, mədəniyyət obyektləri tikildi. Aqrar respublika olan Azərbaycan SSRİ-nin sənaye mərkəzlərindən birinə çevrildi. Ölkədə yeni ali məktəblər, texnikumlar yaradıldı. Respublikanın kadr potensialını daha da yaxşılaşdırmaq üçün azərbaycanlı gənclər ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərildi...

O zaman SSRİ- rəhbərlik edən şəxslər Ulu Öndərin təşkilatçılıq, idarəetmə qabiliyyətini, tükənməz enerjisini görüb bu dahi şəxsiyyətin bir respublikanın çərçivəsinə sığmayan kadr olduğunu dərk edərək ittifaq rəhbərliyinə dəvət etdilər.

1982-ci ilin dekabrından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bu vəzifədə  Heydər Əliyevə SSRİ-nin iqtisadi, sosial mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etibar edildi. O zaman SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlı idi.

Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu mövqe, gündən-günə artan nüfuzu, milli mənsubiyyəti əleyhdarlarını narahat etməyə bilməzdi. Bir tərəfdən erməni lobbisinin vasitəçiliyi dəstəyi ilə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsi fürsət gözləyən erməni millətçilərinə daha geniş əl-qol açmağa imkan vermişdi.

Ermənilər Ulu Öndəri daha yaxşı tanıyır, gücünü dəyərləndirir, aydın zəkası, fitri istedadı, fövqəladə qabiliyyəti uzaqgörənliyi qarşısında duruş gətirə bilməyəcəklərini yaxşı bilirdilər. Elə ona görə hər addımda, hər məqamda separatçılıq niyyətlərini həyata keçirmək məqsədilə Heydər Əliyevi tutduğu yüksək vəzifədən uzaqlaşdırmaq üçün çirkin oyunlar qurur, onu aradan götürməyə çalışırdılar.

Nəhayət, 1987-ci ilin oktyabrında Ulu Öndər SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verdi.

İllərdir məqam gözləyən erməni lobbisi erməni separatçıları Ulu Öndərin hakimiyyətdən getməsindən istifadə edərək öz bəd niyyətlərini reallaşdırmaq üçün hərəkətə keçdilər. Elə bununla da xalqımızın əsl bəlalı günləri başladı. İlk növbədə ermənilər 200 minə yaxın soydaşımızı öz dədə-baba yurdlarından didərgin saldılar. Cəzasızlığı görən SSRİ rəhbərliyindən dəstək alan ermənilər daha da  azğınlaşaraq bir qədər irəli gedərək Qarabağı Ermənistana birləşdirmək niyyətinə düşdülər. Xalqımız bu özbaşınalığa, Mixail Qorbaçovun ermənipərəst mövqeyinə etiraz olaraq küçələrə çıxıb etiraz edəndə ittifaq rəhbərliyi xalqımızın gözünü qorxudub, bizə "dərs"vermək istədi. 1990-cı il yanvarın 20-də Bakıda qanlı qırğın, əsl faciə törədildi.

Xalqımız üçün bu ağır günlərdə Heydər Əliyevi hadisələrin mərkəzində gördük. Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinə kəskin qəzəb   etirazını bildirdi. Ürəyi Azərbaycanla döyünən bu böyük şəxsiyyət Azərbaycan xalqına başsağlığı verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pislədi. O, bu faciənin ölkənin ali dövlət partiya rəhbərliyinin səhv qərarı ucbatından baş verdiyini bildirdi qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını istədi.

Artıq Heydər Əliyevin Moskvada qalması mümkün deyildi. Erməni lobbisinin əlində oyuncağa dönmüş Mixail Qorbaçovdan onun əlaltılarından hər cür fitnəkarlıq gözlənilən idi. Odur ki, Ulu Öndər doğma vətənə, Azərbaycana qayıtmaqda qərarlı idi. Əslinə qalsa, xalq da bunu istəyirdi, gözləyirdi. Xalq yaxşı dərk edirdi ki, onu düşdüyü ağır bəladan yalnız böyük şəxsiyyət Heydər Əliyev xilas edə bilər. yazıq ki, o zaman Bakıda vəzifə tutan kreslo düşkünləri ona qarşı çirkin kampaniya aparır, SSRİ rəhbərliyinin göstərişlərini sözsüz icra edərək hər cür rəzillik etməkdən çəkinmirdilər. Nəhayət, Ulu Öndər 33 il öncə, Moskvadan Bakıya, oradan da təyyarə ilə Naxçıvana yola düşdü...

Bacısının evində məskunlaşan Ulu Öndər ilk gündən böyük xalq sevgisi, ümumxalq məhəbbəti ilə qarşılandı. İnsanlar onu görmək üçün dəstə-dəstə axışıb ziyarətinə gəlirdilər. 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi insan selinə qərq olmuşdu. Şahidlərin dediyinə görə, indiyə kimi Naxçıvanda belə izdiham olmamışdı. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı son ümidi kimi baxırdılar.

O zaman Naxçıvan da ağır günlərini yaşayırdı. Muxtar respublikada vəziyyət olduqca gərgin idi. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvanda hər mənada böhran yaranmışdı. Respublikanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. İqtisadi-siyasi və hakimiyyət böhranı Naxçıvanı məngənəsində sıxırdı. Naxçıvanın belə bir vəziyyətində Ulu Öndər onlara ümid, təsəlli, yol göstərən, məsləhət verən bir ünvan oldu.

Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıdışı Naxçıvan MR Ali Məclisində yeni bir epoxanın başlanğıcı oldu. Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi qiymət verildi, Dağlıq Qarabağ Muxtar Vilayətində, onun ətrafında yaranmış ağır vəziyyətə münasibət bildirildi və tarixi əhəmiyyətli qərarlar qəbul edildi.

Onu bütün Azərbaycan gözləyirdi. İnanırdı. Xalq bilirdi ki, Naxçıvanda onun ucaltdığı bayraq bir gün Azərbaycanın hər guşəsində, Qarabağda da daha qürurla dalğalanacaq. Elə də oldu. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı ata vəsiyyətini şərəflə yerinə yetirərək Azərbaycan ərazisində bayrağımızı ucaltdı. Bu, həm də şəhid qanından güc alan zəfər bayrağı oldu.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 20 iyul.- S.1;10.