Hayastan sülh müqaviləsi imzalamağa məcburdur

 

Erməni siyasi ekspertlər artıq reallıqları etiraf edirlər

 

Hayastanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da yeganə səbəbi cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri hərbi təxribatlarıdır.

Son günlərdə erməni siyasi ekspertlərin verdiyi açıqlamalar göstərir ki, Hayastanın rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları isə Azərbaycanla normal münasibətlərdən keçir. Buna görə , düşdükləri ağır durumdan xilas olmağın yollarını axtarırlar. Çünki artıq xaricdəki diasporları da onların imdadına çata bilmir.

Politoloq Stepan Danielyan deyib ki, daha əvvəlki zaman keçib, köhnə dünyanın nizamı çoxdan dağılıb. İndi regionda mühüm hadisələr baş verir. Azərbaycanın iradəsi regionda mühüm rol oynayır. Yeni dünya düzəninin formalaşması zamanı bütün münaqişələr həll edilməlidir. Həmin münaqişələr arasında Qarabağ məsələsi Hayastan-Azərbaycan münasibətləri var.

Siyasi şərhçinin fikrincə, Rusiya Avropa ilə əlaqəni kəsdiyi üçün Cənubi Qafqazda sülhməramlı kontingetini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən İranla quru əlaqəsinə nəzarət edə bilsin. Qərb isə öz növbəsində regionda mövcudluğunu təmin etməkdə israrlıdır. Qərb Qarabağda mövcudluğunu təmin etməyə çalışır. Onlar Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək istəyirlər. Əks halda Qarabağda erməni qalmayacaq. Qarabağ tamamilə Azərbaycana keçəcək.

İyulun 15-də Brüsseldə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutacaq görüşə toxunan erməni politoloq bildirib ki, Hayastan Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi mühüm müzakirə mövzusu olacaq: "Başqa sözlə, Hayastan sülh müqaviləsi imzalamağa məcburdur. Digər varianta gəlincə, Paşinyan hakimiyyəti məsələni yenidən uzatmağa çalışacaq. Düşünürəm ki, Qərb tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimum istifadə edib Hayastanı yenidən təslim olmağa vadar edəcəklər".

Beləliklə, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Hayastanda müharibədən üç il ötməsinə baxmayaraq, sosial-iqtisadi siyasi vəziyyət getdikcə daha da ağırlaşmaqdadır. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür. Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, çünki xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni sosioloq Samvel Manukyan deyib ki, bir il içində 200 mindən çox erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti isə Rusiya istiqamətini seçəcək. Çünki Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.

Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, sülh müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 15 iyul.- S.7.