Ermənistan region üçün problemə çevrilib

 

Bu ölkənin dağ-mədən sənayesi Cənubi Qafqazda ekoloji terror mənbəyidir

 

Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standarta əməl edilməməsi nəinki Azərbaycan, ümumilikdə region üçün ciddi ekoloji təhdid yaradır.

Hazırda isə Ermənistan Naxçıvana yaxın yerdə, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməklə növbəti ekoloji terror törətməyə hazırlaşır. Sözügedən  metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının regionun ekosisteminə böyük zərbə vurması qaçılmazdır.

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubu ünvanlayan QHT nümayəndələrindən bəzisinin mövzu ilə bağlı fikirlərini öyrəndik.

 

Tullantılar Araz, Oxçuçay və Bərgüşad çaylarını zəhərləyir

 

"Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Ermənistan tərəfindən sərhədimizin yaxınlığında ekoloji fəlakətə yol açan fəaliyyətin həyata keçirilməsini qətiyyətlə pisləyir və müxtəlif etirazlar formasında belə işlərin qarşısını almağa çalışırlar: "Nəzərə almaq lazımdır ki, bu, təkcə Ermənistanın və Azərbaycanın ekoloji sisteminə təhdid deyil, eyni zamanda Cənubi Qafqaz regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Bu problemlərin qarşısının birdəfəlik alınması üçün zəruri tədbirlərin görülməsinin vaxtı artıq çatıb".

V.Babayev qeyd edib ki, biz Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyirlər: "Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozan Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı narahatlığı ifadə edən məktubumuzu bu ölkənin baş naziri Nikol Paşinyana ünvanlamışıq. Həmin açıq məktubda norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması tələb olunur. Unutmamalıyıq ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü, 6-cı, 12-ci,13-cü və 15-ci bəndlərinin tamamilə əleyhinə çıxış edir".

Müsahibimizin sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və prinsiplər gözlənilmədən istehsalat işləri aparılır. Ermənistan bu işlərin görülməsinə xarici şirkətləri də cəlb edərək, onları törətdikləri cinayətlərinə cəlb edir. Təəssüf ki, xarici şirkətlər transsərhəd kontektsində heç bir beynəlxalq hüquq normalarını gözləmirlər.

"Qacarandakı Zəngəzur mis-molibden kombinatının, Qafandakı dağ-mədən kombinatının ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək mis-molibden kombinatının ağır metal tərkibli mədən tullantıları Kərçivan çayı vasitəsilə Araz çayına axıdılaraq suyu zəhərləyir. Kombinatın Davazam tullantı anbarının suyu Araz çayına tökülür. Göyçə vilayətindəki Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodundan çıxan çirkləndiricilər tənəffüs problemləri, nevroloji və xərçəng də daxil olmaqla bir sıra xəstəliklər yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan Bərgüşad çayına əhəmiyyətli dərəcədə ekoloji ziyan vurur", - deyə o bildirib.

V.Babayev həmçinin Naxçıvanla həmsərhəd Arazdəyən kəndində ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi barədə də danışıb. Bildirib ki, belə bir zavodun inşası ətraf mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq: "Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai böhran yaradacaq. Ümumiyyətlə, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulması deməkdir".

Müsahibimiz əlavə edib ki, bu faktlar Cənubi Qafqaz regionu üçün təhlükə saçan fəlakətlərin yalnız bir qismidir: "Ermənistan torpaqlarımızın işğalı dövründə tarixi abidələrimizi, təbiətimizi məhv etməklə məşğul olub. Biz bunun əyani sübutunu daim görmüşük, belə terrorçu davranışları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün müvafiq addımlar atmışıq. Hər zaman olduğu kimi, Ermənistan hakimiyyəti transsərhəd kontekstində regionun ətraf mühitinə mənfi təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcülərin, azərbaycanlıların və öz əhalisinin bugünədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib".

V.Babayev deyib ki, Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza və ölkəmizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa çağırırıq.

 

Ermənistan beynəlxalq normalara məhəl qoymur

 

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova qeyd edib ki, bu gün Ermənistan təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionuna daxil olan ölkələr üçün ciddi ekoloji təhdid yaradır. Ermənistanın dağ-mədən sənayesi ilə ətraf mühitə vurduğu ziyan nəinki ölkəmizin, eləcə də Ermənistanın yerli vətəndaş cəmiyyətləri təşkilatlarını narahat etməyə başlayıb. Biz də yerli QHT-lər olaraq Ermənistanın, xüsusilə Arazdəyəndə inşa etməyi planlaşdırdığı iri metallurgiya zavodu da daxil olmaqla ekologiyamıza ziyan vuran digər ekoloji cinayətləri ilə bağlı bəyanat vermiş, daha sonra isə baş nazir Nikol Paşinyana məktub ünvanlamışıq. Həmin məktubda 12 bənd üzrə Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərər göstərilib, bu obyektlərin fəaliyyətinin tezliklə dayandırılması tələb edilib.

İctimai birliyin sədrinin sözlərinə görə, ümumiyyətlə, Ermənistanın 30 illik işğalı müddətində ölkəmizin ekoloji sisteminə ciddi ziyan vurulub: "Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çevrilib. Çaylarımız çirkləndirilib, ekoloji mühit tamamilə ziyan görüb. Suvarma sularımızın çirkləndirilməsi ilə kənd təsərrüfatı üçün münbit şərait məhv edilib. Ermənistan hər sahədə olduğu kimi, ekoloji məsələdə də özbaşınalıq edir, dağ-mədən sənayəsində heç bir ekoloji standartlara, beynəlxalq normalara əməl etmir. Bu, bütün region üçün ciddi ekoloji təhdid deməkdir. Təsadüfi deyil ki, bədnam qonşumuzun ətraf mühitə vurduğu ziyan elə yerli erməni təşkilatlarını da narahat edir, onlar da həyəcan siqnalı çalırlar.

Q.Yusubova həmçinin əlavə edib ki, Azərbaycanla sərhəddə Ermənistanın tikdiyi metallurgiya zavodu Espo Konvensiyasının ciddi şəkildə pozulması deməkdir: "Bu məsələdə də Ermənistan destruktiv siyasət aparır. Həmin konvensiyanın müddəalarına görə, transsərhəd zonada sənaye obyekti inşa edilərkən onun ətraf mühitə vura biləcəyi ziyan müəyyən edilməli, transsərhəd ölkə ilə razılaşdırma aparılmalıdır. Ermənistan isə yenə də öz dəst-xətinə uyğun olaraq beynəlxalq normalara məhəl qoymur, konvensiyanın müddəalarını pozmağa davam edir".

 

Vətəndaşlarımızın sağlamlığını qorumaq prioritetdir

 

Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin sədri Ayaz Hüseynov bildirib ki, Ermənistanda dağ-mədən sənayəsində aparılan işlər ümumilikdə bütün regionu ciddi risk altına alır: "Bu, ekologiyanın çirklənməsinə, dolayısı ilə insanların sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir. Bizi ciddi narahat edən odur ki, təhlükəli tullantılar ya birbaşa Araz çayına, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır. Bununla da Ermənistan həm öz vətəndaşlarının sağlamlığını təhlükəyə atır, həm də qonşu dövlətlərin - Azərbaycan və Gürcüstan vətəndaşlarının sağlamlığına ciddi şəkildə ziyan vurur. Ümumilikdə isə regionu ekoloji fəlakətə sürükləyir".

A.Hüseynov qeyd edib ki, Nikol Paşinyana ünvanlanan məktubda konkret olaraq hansı dağ mədənlərindən söhbət getdiyi, onların neçənci ildən etibarən fəaliyyət göstərmələri, beynəlxalq standartların hansı şəkildə pozulması və sair öz əksini tapıb: "Ermənistan qonşu ölkələrin vətəndaşlarının sağlamlığına ziyan vurmağı dayandırmalıdır. Bu ölkə atdığı addımlara görə məsuliyyət daşımalıdır. Beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qrupları təşkil edilməli və həmin qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin iştirakı da təmin edilməlidir. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq, region üçün təhlükə yaradan Ermənistanın dağ-mədən sənayəsində apardığı işlərin dayandırılmasına nail olmaqdır".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 15 iyul.- S.6.