Onun yarada bilmədiyi obraz yox idi

 

Xalq tərəfindən sevilirdi. Məşhur idi, amma xoşbəxt deyildi. İnsanları güldürməyə çalışan, düşündürən bu böyük sənətkarın içində "dağ" boyda dərdi vardı. Sankı özünü ifadə etmək üçün yox, özünü "gizlətmək" üçün "aktyorluq" edirdi. Onun rol aldığı tamaşaları izləmək üçün teatrlara bilet elə də asan tapılmazdı. Bir sözlə, dövrünün 3-5 istedadlı aktyorundan biri idi desək, qətiyyən mübaliğə etmiş olmarıq. Onu səhnəmizin, Azərbaycan mədəniyyətinin aslanı da adlandırırdılar. Sadəcə olaraq, o, Səyavuş Aslan idi.

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət"  və "Şərəf"  ordenləri ilə təltif olunan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində sürücü ailəsində dünyaya göz açıb. Anası Anaxanım evdar qadın idi. Bu o illər idi ki, SSRİ-nin repressiya maşını insanları məhşər ayağına çəkib üyüdürdü. İnsanlar təkcə düşüncəsinə görə yox, gördüyü yuxulara görə də gedər-gəlməzə göndərilirdi. Belə bir zamanda cütlük yeni dünyaya gələn körpəyə Səyavuş adını verdi. Adının mənası "atlı" deməkdir. Bəlkə də  övladlarını xilaskar "ağ atlı oğlan" obrazında görmək arzusunda olan valideynləri ona bu adı vermişdilər?

Bu körpənin dünyaya gəlişi, repressiya illərinə, uşaqlıq illəri isə müharibənin gərgin vaxtına düşmüşdü. Valideynlərinin musiqiyə olan marağına uyğun olaraq   Səyavuş hər gün dərsdən  sonra "Pionerlər evi"nə gedər, tar çalmağı öyrənərdi. Başqa bir dram dərnəyinə gedən Hacıağa adlı dostu isə Səyavuşla hər görüşündə ona "səhnə həyatından" danışardı. Dostunun danışdığı həyat hekayələri Səyavuşa daha maraqlı gəlirdi. Belə ki, özünü səhnədə, geniş tamaşaçı kütləsi qarşısında, gurultulu alqışların əhatəsində hiss edirdi. Sanki içində bir səs ona "bu yol ilə" get deyirdi.

Bir gün Səyavuş dostu Hacıağaya qoşulub dram dərnəyinə yollandı. Beləliklə, Səyavuş Aslanın səhnə həyatı başladı. Özünü axtaran Səyavuş özünü teatrın səhnəsində tapdı. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etdi. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışdı. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olundu. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə qəbul edildi.

Səyavuş  teatrda işləyərkən Lütfəli Abdullayevin  pərəstişkarı olur. Hətta aktyorun oynadığı bütün rolların sözlərini  əzbər bilirdi. Səyavuşun bu bacarığı bir gün teatrı düşdüyü ağır durumdan da çıxarır. Bir gün "Arşın mal alan" tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini əvəz etməyə icazə versin. Vəli obrazında səhnəyə çıxan Səyavuş Aslan Lütfəli Abdullayevi təlqin etməklə tamaşaçılarda xoş ovqat yaradır.

Görkəmli aktyor 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.

1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilən Səyavuş Aslan  1996-cı ildə  yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayır. O, həmişə səhnədə ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.

Aktyor öz peşəsinin ustası idi. Onun oynaya bilməyəcəyi rol yox idi. Səyavuş Aslan səhnə həyatı verdiyi "Hamlet", "Böyük Romul", "Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran", "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazanıb. Sənətkar kimi o özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada sınağa çəkərək uğurlu nəticə əldə edib. Görkəmli səhnə xadimi Səyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli obrazlar qalereyası yaradıb. Onun "Aktrisanın təbəssümü", "Bankir adaxlı", "Belə lazımdır", "Bəyin oğurlanması" "Bizim qəribə taleyimiz", "Cin mikrorayonda", "Dəvətnamə", "Evlənmək istəyirəm", "Əhməd haradadır?", "Əzablı yollar", "Fırıldaqçı", "Girişmə, öldürər!", "Hacı Qara", "Xüsusi vəziyyət", "Köç", "Qayınana əməliyyatı" , "Qəm pəncərəsi", "Qırmızı qatar", "Mənim ağ şəhərim", "Musiqi müəllimi", "Nakəs", "O dünyadan salam", "Romeo mənim qonşumdur", "Sabiqlər", "Sevdagül və Şarlotta", "Sehrli çıraq", "Ulduz", "Üzr istəyirəm", "Yaxşı qurtardıq", "Yay gününün xəzan yarpaqları", "Yeganə çıxış yolu", "Yol əhvalatı", "Yuxu" filmlərində yaratdığı rəngarəng obrazlar Azərbaycan kinosunun ən nadir incisi sayıla biləcək qədər mükəmməldir, yaddaqalandır. Bu obrazlar əsl sənət nümunəsi olmaqla əbədiyaşarlıq hüququ qazanmış bədii nümunələrdir.

2013-cü il iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Səyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 16 iyul.- S.7.