İlham Əliyevin qlobal missiyası

 

 

Dostluq, qardaşlıq münasibətləri getdikcə daha da güclənən, mövcud əməkdaşlıqları gündən-günə şaxələnən türkdilli dövlətlərin mövcud əlaqələri yeni yüksəliş mərhələsinə qədəm qoyub.

Xüsusilə də bu ilin martın 16-da keçirilən Ankara zirvəsində qardaş ölkələr dünyaya daha bir mesaj ünvanlayaraq sarsılmaz münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bəyan etdilər. İmzalanan Ankara Bəyannaməsində əksini tapan ifadələr, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması bir daha təsdiq etdi ki, dost və qardaş ölkələr çətin gündə dərhal bir-birinə lazımi dəstək verəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcəklər.

Təşkilatın yeni mərhələyə qədəm qoyması əsasən 2021-ci ildə İstanbul Zirvə görüşü ilə başlayıb. Tarixi İstanbul Zirvəsində təşkilatın adı dəyişdirildi və Türkmənistan TDT-yə müşahidəçi üzv kimi qoşuldu. Bu toplantıda TDT-nin 2040-cı ilədək konsepsiyası hazırlandı. Həmçinin Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü irəli sürüldü. İstanbul Zirvə görüşündə diqqətçəkən məqamlardan biri də TDT-nin Ağsaqqallar Şurasının yaradılması idi. 2022-ci ildə keçirilən TDT-nin Səmərqənd Zirvə görüşünün isə ən mühüm nəticələrindən biri kimi Şimali Kipr Türk Cümhuriyyətinin quruma müşahidəçi statusunda qəbul edilməsi oldu.

800 milyard dollarlıq xarici ticarət həcmi, 160 milyonluq əhalisi, 5 milyon kvadratkilometr ərazisi olan bu təşkilat və onun 8 üzvü dünya iqtisadiyyatında və regional iqtisadiyyatda çox mühüm yer tutur. Lakin 8 ölkə arasında ticarət cəmi 24 milyard dollar təşkil edir. Bu baxımdan, təşkilatın üzvləri arasında ticarətin inkişafı və qarşılıqlı investisiyaların artırılması üçün daha çox səy göstərilməsinə ehtiyac var. Xüsusən də əsrlər boyu insanların xidmətində olan tarixi İpək yolunun bərpa edilməsi çox mühüm önəm daşıyır.

 

Naxçıvandan başlanan 14 illik uğurlu yol

 

Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması" haqqında sazişə əsasən təsis edilib.

2022-ci ilə qədər Türk Dövlətləri Əməkdaşlıq Şurası adlandırılan Türk Dövlətləri Təşkilatı (TDT) son 14 ildə böyük inkişaf yolu keçib. İllər öncə imzalanmış sazişə əsasən təşkilatın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, bütün sahələrdə qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və sairdir.

Bu dövrdə üzv dövlətlər təşkilatın məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların yaradılması nəticəsində TDT çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.

 

Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib

 

Bu ilin martında Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşünün mədəniyyətimizin paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi.

Azərbaycan Prezidentinin bu xoşməramlı təklifi digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Beləliklə, İlham Əliyevin təklifi dəstəkləndi. Əlbəttə ki, bu ilk növbədə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlət başçısı vurğulamışdır ki, Azərbaycan həmişə türkdilli dövlətlərin sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Buna görə də digər qardaş ölkələr də həmrəylik nümayiş etdirərək təşkilatın güclənməsi üçün müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməlidirlər: "Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".

Əgər digər qardaş ölkələr də bu addımları atarlarsa, deyə bilərik ki, tezliklə təşkilat vahid güc mərkəzinə çevrilə bilər.

Xüsusilə vurğulanmalıdır ki, türk dünyasının potensialını vahid məqsəd istiqamətində ilk dəfə məhz İlham Əliyev birləşdirmiş və qlobal pandemiya ilə mübarizədə bu birlik formulu çox səmərəli mexanizmə çevrilmişdir. Təşkilat yaranarkən qarşıya qoyulan, habelə yeni geosiyasi reallıq fonunda transformasiya keçirən hədəflər aydın və kifayət qədər sağlamdır. İlk növbədə ona görə ki, bizim əməkdaşlığımız yalnız mənəvi əsaslara dayanmır - ortada İlham Əliyev tərəfindən formalaşdırılan və dövlətlərin suveren milli maraqlarının təmin olunduğu reallıq var.

Ankara Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin TDT-nin yüksəlişi üçün atdığı addımları çox yüksək dəyərləndirmişdir. Türkiyə liderinin aydın formada ifadə etdiyi kimi, həqiqətən də, TDT-nin uzunmüddətli perspektivləri məhz İlham Əliyevin böyük uzaqgörənliklə bütün çətinlik və müqavimətlərə baxmayaraq, yarada bildiyi transmilli enerji infrastrukturu ilə birbaşa bağlıdır. Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın bu gün sürətlə reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi isə türk dünyası üçün ikinci nəfəs olacaq və Türk Dövlətləri Təşkilatının hər bir üzvü, o cümlədən müşahidəçi üzvlər bunu çox gözəl anlayır və layihənin tam realizəsi üçün maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Bütün bunlar göstərir ki, Azərbaycan üçün prinsipial milli maraqların digər dövlətlər üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə şahidlik edirik və bu da öz növbəsində Prezident İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir.

 

Türk İnvestisiya Fondunun yaradılması əməkdaşlığın inkişafına mühüm töhfə verəcək

 

TDT-nin liderlərinin İstanbul və Ankara Zirvə görüşlərində iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul edilmişdir. Bunlardan biri də Türk İnvestisiya Fondunun yaradılması idi. Bu fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi bildirilir.

Azərbaycan Milli Məclisi "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişi ratifikasiya edib. Fondun yaradılması ilə bağlı qanun layihəsi Prezident İlham Əliyev tərəfindən də təsdiq edilib.

Məlumata görə, fondun kapitalı ilk mərhələdə 500 milyon dollar olacaq. İstanbuldan idarə olunacaq fond Türk Dövlətləri Təşkilatı üzvləri arasındakı ticarət-iqtisadi əməkdaşlığı dəstəkləyəcək.

Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Sənədə əsasən, fond öz məqsədini həyata keçirmək üçün regiondaxili ticarətin təşviqində yardım etmək, xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək, beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək funksiya və səlahiyyətlərinə malikdir.

Bundan əlavə, fond dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləyəcək, sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinə dəstək olacaq, enerji səmərəliliyi, bərpaolunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla "yaşıl iqtisadiyyata" töhfə verən layihələri maliyyələşdirəcək. Həmçinin zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyini təmin edəcək.

Qeyd edək ki, son illərdə Xəzər hövzəsində türk dünyası ölkələri neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirirlər. Bunun bariz nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırdığını göstərmək olar. "Cənub qaz dəhlizi" sayəsində isə türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Bütün bunlar onu deməyə əsas verir ki, quruma üzv ölkələrin əlaqələrinin getdikcə daha da güclənməsi tezliklə Türk Dövlətləri Təşkilatını vahid güc mərkəzinə çevirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 21 iyul.- S.1;4.