Azərbaycan heç zaman forposta çevrilməyib

 

Prezident İlham Əliyev çoxmilyonluq auditoriyası olan "China Media Group"a  qlobal həqiqətləri açıqlayıb

 

Prezident İlham Əliyev iyunun 20-də Çinin "China Media Group" Media Korporasiyasına verdiyi müsahibədə bir sıra vacib məqamlara toxunaraq Azərbaycana qarşı edilən ədalətsizlikləri də diqqətə çəkib. Prezident bu ədalətsiz yanaşmaya gətirib çıxaran amillərin müxtəlif olduğunu bildirib.

"Əsas olmasa da həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ Azərbaycanofobiya mühitini yaradırlar. Lakin bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür", - deyə ölkə lideri qeyd edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Azərbaycan hansısa güc mərkəzlərindən idarə olunmur

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib ki, vaxtilə Qərb Qafqazı ələ keçirə bilsəydi, burada qüvvələr nisbəti Avropanın xeyrinə dəyişəcəkdi. Belə olan halda Qərb Rusiyanın, İranın, hətta Türkiyənin mövqeləri ziddinə siyasətini həyata keçirəcəkdi. Lakin Azərbaycan həmin dövrdə bu prosesin qarşısını aldı. İnqilab məhz Bakıda iflasa uğradı.

"Sonrakı dövrdə zaman-zaman ölkəmiz əleyhinə beynəlxalq hücumların sistemli xarakter aldığını müşahidə etdik. Sinxronlaşmış qaydada Azərbaycanın gah Qarabağ problemi, gah insan haqları, gah da korrupsiya məsələləri, məmurların fəaliyyəti və sair kontekstlər daim beynəlxalq gündəmi təşkil etməyə başladı. Bir sıra qurumlar, xüsusilə 2008-2020-cu illərdən başlayaraq fəal şəkildə ölkəmizi müxtəlif hesabatlarda ən aşağı yerlərə qoymağa başladılar. Bu, açıq şəkildə ölkələr üzərində dominantlıq qazanmaq, onları idarə etmək niyyətindən irəli gəlirdi", - deyə komitə sədri bidirib.  

Zahid Oruc hesab edir ki, yaxın qonşuluq siyasəti, tərəfdaşlıq, heç bir halda bölgəni necə istəyirsən elə idarə etmək, lazım gələrsə parçalamaq, öz mənafelərinə tabe etmək üzərində aparılmamalıdır: "Prezident İlham Əliyev uzun on illərdir bəyan edir ki, Azərbaycan hansısa paytaxtlardan və ya mərkəzlərdən asılı deyil. Bizi qələbəyə aparan da məhz həmin kurs oldu ki, Azərbaycan heç zaman ikinci və ya üçüncü dövlətlərin forpostuna çevrilməyib".

Zahid Orucun sözlərinə görə, Vətən müharibəsindən sonra Qərbin Azərbaycana qərəzli münasibəti daha da artıb: "Çünki İkinci Qarabağ savaşından sonra ölkəmiz gücləndi, hərbi siyasi mövqeyimiz nəinki regionda, ümumilikdə dünyada bizə olan münasibəti keyfiyyətcə yeni mərhələyə daşıdı. Belə şəraitdə vaxtilə hökumətləri devirib yerinə yeni iqtidarları gətirən qüvvələr Azərbaycan rəhbərliyini daha sərt şəkildə hədəfə çevirdilər. Beləliklə, postmüharibə dövründə ölkəmiz əleyhinə çirkli kampaniyalarını genişləndirdilər".

Komitə sədri qeyd edib ki, bu qarayaxmalar heç bir siyasi nəticə vermədi: "Bu, sadəcə olaraq, qlobal ləkələmədən başqa heç nə deyildi. Bu bir daha sübut etdi ki, Azərbaycan hansısa güc mərkəzlərindən idarə olunmur. Prezident İlham Əliyev özünün xarakterinə, yüksək liderlik qabiliyyətinə arxalanaraq ölkəmizi irəli aparmaqda davam edir. Əminəm ki, bu, sülh müqaviləsinin imzalanmasına və bütövlükdə Qafqazda yeni arxitekturanın qurulmasına da yol açacaq. Bütün dünya şahidi olacaq ki, müxtəlif siyasi məsələləri önə çıxarmaqla, onları xarici məkanda müzakirə edib Azərbaycan əleyhinə qərar və qətnamələr qəbul etməklə heç nəyi dəyişmək mümkün deyil".

 

Erməni lobbisi xarici ölkələrdə Azərbaycanofobiya mühiti yaradır

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, bu gün dünyanın yüksələn gücü olan Çinin qlobal siyasətə təsir imkanları mübahisəsizdir. Belə bir şəraitdə Çin mediasının Azərbaycana artan marağı, 7 ay ərzində bu ölkənin iki transmilli media strukturunun Prezident İlham Əliyevə müraciəti həm də ölkəmizin nüfuzunun və cənab İlham Əliyevin qlobal miqyaslı lider kimi ciddi təsir imkanlarının artdığını göstərir.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti bütün platformalarda olduğu kimi, Çinin "China Media Group" Media Korporasiyasına müsahibəsini də şaxələndirilmiş hücum siyasətinin möhtəşəm həlqəsinə çevirə bildi: "Azərbaycan və Çinin təqribən oxşar tarixi inkişaf yolu keçməsi, imperialist niyyətlərlə üzləşməsi və cənab İlham Əliyevin məharətlə bu hücumların qarşısını alması Çin mediasının diqqətindən yayına bilməzdi. Çinli jurnalistin müqayisə aparmaq niyyəti də məhz bu reallıqdan irəli gəlirdi".

Çoxmilyonluq auditoriyası olan "China Media Group" izləyiciləri üçün Azərbaycan Prezidentinin 3 ciddi qlobal həqiqəti ortaya qoyduğunu söyləyən B.Məhərrəmov onlardan birincisinə diqqət çəkib: "Əvvəla, "demokratiya" "humanizm", "insan haqları" idealları ilə pərdələnən qlobal güclər, əslində, ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Cənab Prezidentin ifadə etdiyi kimi, "Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmaması, müstəqil davranması, müstəqil siyasətimizin olması" bu subyektlərin neoimperialist niyyətləri ilə üst-üstə düşmür. Nəticədə Azərbaycan hədəfə alınır, lakin biz istər 44 günlük savaşda birbaşa döyüş meydanında, istərsə də postmüharibə dövründə diplomatik səviyyədə bütün düşmən meyilləri yerinə oturda bilmişik".

Deputat əlavə edib ki,  ikinci mühüm məqam, bəşəri niyyətlərlə yaradıldığı iddia edilən "Human Rights Watch", "Amnesty International" və "Freedom House" və sairə bu kimi beynəlxalq təşkilatların, əslində, iri dövlətlərin əlində, sadəcə, alət olmasıdır. Həmin təşkilatlar bir sıra güclərin təlimatları ilə Azərbaycanı davamlı olaraq muzdlu mətbuatın hədəfinə çevirir, "müstəqil" QHT-lərin hücumuna məruz qoyurlar. Lakin dövlət başçısının da ifadə etdiyi kimi, "Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik" və görünən odur ki, Prezident İlham Əliyev bu prosesdə də qalibdir".

B.Məhərrəmovun dediyinə görə, dövlət başçısının Çin auditoriyası ilə bölüşdüyü digər mühüm məqam isə Birləşmiş Ştatlarda, Fransada və bəzi Qərb ölkələrində erməni lobbisinin terrorçu-təxribatçı fəaliyyəti ilə bağlı oldu. Böyük əksəriyyəti terror birləşmələrinin üzvü olan erməni lobbisinin adıçəkilən ölkələrdə infrastruktura malik olması, siyasətçiləri ələ alması, parlamentə, mətbuata və hökumət orqanlarına yol tapması bir çox hallarda Azərbaycanofobiya mühitinin yaradılması üçün əsas ola bilir. Lakin Vətən müharibəsində məhz erməni diasporunun yerlə-yeksan edilməsi erməni diasporu mifinə də artıq son qoyur.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 26 iyul.- S.5.