Daşaltının bərpası 220 ailəyə illərin həsrətini unutduracaq

 

Şuşa qalasının cənub ətəyindəki dərədə, Cıdır düzündən aşağıya enən sıldırımın yamacında yerləşən  Daşaltı kəndi Şuşaya gedən yolun üzərindədir. 1991-ci ildə  işğal olunan kənd 1992-ci il yanvarın 25-də başlayıb bir gün sonra faciə ilə bitən  "Daşaltı əməliyyatı"nın keçirildiyi yerdir. İllər öncə  Daşaltının ələ keçirilməsi Şuşanın işğalına şərait yaratmışdı.  Amma 2020-ci il noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu  Daşaltını düşmənlərdən xilas etdi bununla da Şuşaya yol açdı.

İllərin o tayında qalan ağrılı günlərdən pay alan Daşaltı həmin əzablardan azad oldu, mənfur erməni tapdağından təmizləndi.  Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən  olan həmin hadisə ilə qalib  ordumuz 29 il əvvəlki ləkəni təmizlədi, şəhidlərimizin qanı yerdə qalmadı.

Prezident İlham Əliyev 2021-ci il martın 16-da Daşaltı kəndində olarkən "Müzəffər ordumuz məhz  bu kənddən qalxaraq sıldırım qayaları qət edəndən sonra  Şuşaya daxil olub. İrəlidə  böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıqdır. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq" - deyə fikirlərini söyləyəndən sonra kəndin bərpası ilə bağlı tapşırıqlarını vermişdi. Həmin gün Prezident birinci xanım Mehriban Əliyeva Daşaltıda məscidin təməlini qoymuşdular.

Bir il sonra aprelin 21-də Şuşa rayonunun  Daşaltı kəndinə səfər edən Prezident  İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun yolun üzərindəki tunellərin  tikintisi ilə tanış olmuş   bərpa-quruculuq işləri ilə bağlı yeni tapşırıqlarını vermişdir.  Dövlət başçısı  ötən iki il yarımda Qarabağ Şərqi Zəngəzurun  bərpa-quruculuq işlərini şəxsi nəzarətində saxlayaraq tez-tez o yerlərə səfər edib, verdiyi tapşırıqların yerinə yetirldiyini öz gözləri ilə görüb, əlavə tövsiyə göstərişlərini verib, yeni-yeni infrastruktur layihələrinin təməlini qoyub.

Prezident bu günlərdə Daşaltıya  məhz bu məqsədlə üçüncü  dəfə səfər edib. Kəndin yenidən qurulması ilə bağlı görülən yaxın  gələcəkdə aparılacaq işlərlə tanış olduqdan sonra yeni yaşayış kompleksinin turizm obyektlərinin təməlini qoyub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına qarşıdakı vaxtda görüləcək işlərlə bağlı məlumat verib.

Heç kəsə sirr deyil ki,  Şuşa üçün xüsusi əhəmiyyət daşıyan Daşaltı kəndinin tezliklə bərpa olunması,  əhalinin yurd-yuvalarına dönüb ömürlərinin sonunacan rahat yaşaması burada həyatın yenidən qaynaması qarşıya qoyulan əsas məqsəddir. Kəndin gələcək  inkişafı  bugünkü bərpa-quruculuq işlərinə bağlıdır. Ona görə kənd sakinləri üçün rahat sağlam mühit yaratmaq,  yeni-yeni yerləri açmaq, istirahətlərini təmin etmək əsas prioritetlərdəndir. Aydın Kərimovun söylədiyinə görə, yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai yaşayış mərkəzlərinin, mədəniyyət təhsil ocaqlarının qurulması, sosial ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.

65 hektara yaxın ərazidə görüləcək bu işlər Daşaltıya yeni nəfəs verəcək, yeni ruh gətirəcək.  İşğal illərində yerləyeksan olunmuş, dağıdılmış, viran qoyulmuş Daşaltının  simasını dəyişəcək. Kəndə ümumi sayı 1100  nəfər olacaq 220 ailənin köçürülməsi planlaşdırılır. Həmin insanların  yaşayışı üçün ümumilikdə 228 ev - ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış ("townhouse" tipli) 66 ev 153 ikimərtəbəli fərdi ev tikiləcək. Prezidentə bildirildi ki, bir-birindən ortaq divarla ayrılan üçotaqlı dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır eyni zamanda onların hər birini şəxsi həyət terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub. Beləliklə , 220 ailə illərin ağrı-acısını, taleyin yaralarını doğma torpaqda, əziz yurd yerində sağaldacaq, keçmişin ağrı-acısına məlhəm çəkəcək.

Kənddə  təməli Prezident tərəfindən qoyulmuş məscidin tikintisinə başlanılıb.  Bura Daşaltı kəndinin  sakinlərinin ibadətlərinin yerinə yetiriləcəyi  müqəddəs bir məbəd, səcdəgah  olacaq. Kəndin ən uca yerində inşa ediləcək Bayraq meydanında dalğalanacaq üçrəngli bayraq Azərbaycan xalqının  qürurundan, bayraq sevgisindən xəbər verəcək. Onu da deyək ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin turizm obyektlərinin tikintisi "PMD Group" MMC tərəfindən yerinə yetirilir.

Daşaltı kəndində  informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, aktiv turizm istirahət zonalarının yaradılması planlaşdırılır. İki hektardan çox ərazidə kənd üslubunda hotel istirahət mərkəzi tikiləcək. Hotel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq  kompleksdə restoran, əyləncə idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq. Bütün bu infrastrukturlar kənddə məskunlaşacaq yerli əhalinin məşğulluğunu təmin edəcək.

Bu kənddə üç onillik  idi ki, şəhid ruhları inləyirdi. İndi o ruhlar rahatdır.  44 günlük savaşda Zəfər qazanan  qəhrəman Azərbaycan əsgəri təkcə torpağı işğaldan qurtararaq Daşaltını təmizləməyib, həm xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini doldurub, sızıldayan yarasını bağlayaraq onu ağrılardan xilas edib, tarixi ədalətin təcəlla etməsinə şərait yaradıb. Daşaltının 29 il daş altında əzilən qürurunu özünə qaytarıb. Bir sözlə, düşməndən tutarlı qisas alaraq insanların yeni həyata başlamasına yol açıb.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 26 iyul.- S.7.