Olimpiya Festivalında Azərbaycan cüdoçularının triumfu

 

Yeniyetmə idmançılarımız 2 qızıl 4 bürünc medal qazanıblar

 

 

Sloveniyanın Maribor şəhərində  Avropa Yeniyetmələri XVII Olimpiya Festivalı davam edir. Yarışın dördüncü günündə Azərbaycan idmançıları 6 idman növündə mübarizə aparıblar.

Yeniyetmə atletlərimiz cüdoda, atletikada, gimnastikada, üzgüçülükdə, şose dağ velosipedində, habelə tennisdə qüvvələrini sınayıblar.

Bir gün əvvəl olduğu kimi, bu dəfə cüdoçularımız inamlı mübarizə apararaq parlaq qələbələr qazanmış əldə etdikləri nəticələrlə xalqımızı sevindirmişlər.

Təmsilçilərimizdən Məhəmməd Musayev (60 kq) 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə , növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparan idmançımız ardıcıl olaraq Roman Dekan (Slovakiya) Amsar Damladinova (Belçika) qalib gəlib. M.Musayev bürünc medal uğrunda həlledici görüşdə Tornike Cicauri ilə qarşılaşıb qalib gələrək 3-cü yeri tutub.

66 kq çəki dərəcəsində mübarizə aparan Cəsur İbadlı 1/16 finalda rumıniyalı Andrei Buqaya, növbəti görüşdə isə fransalı Kais Quettariyə qalib gəlib. Cüdoçumuzun 1/4 finalda niderlandlı Bazile la Fontaynedən üstün olub. Təəssüf ki, idmançımız yarımfinalda gürcüstanlı Mate Qveleşianiyə məğlub olub. C.İbadlı 3-cü yer uğrunda görüşdə moldovalı Renat Kroitora qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.

Qızların mübarizəsində isə Vüsalə Hacıyeva (48 kq) 1/8 finalda Rumıniya təmsilçisi Lorena Mandanı ipponla məğlub edib. Avropa çempionumuz növbəti görüşdə italiyalı Janka Juttnerə qalib gəlib. Cüdoçumuz yarımfinalda fransalı Selia Maillardı da üstələyərək adını finala yazıdırb. Həlledici görüşdə parlaq çıxışını davam etdirən cüdoçumuz ispaniyalı Aitana Diaz Hernandesi məğlub edərək Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırıb.

Mübarizəyə 1/8 finaldan başlayan digər cüdoçumuz Xədicə Qədəşova (52 kq) da uğurla çıxış edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) Marlen Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda həlledici görüşdə ispaniyalı Adriana Hevia Saezlə qarşılaşıb bu dəfə tatamini qalib kimi tərk edib.

Təmsilçilərimizdən ilk olaraq Nihad Məmişov (50 kq) fəxri kürsüdə yer alıb. Mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayan idmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gələn Nihad Məmişov Maribor-2023-ün bürünc medalına sahib çıxıb.

Komandamıza digər bürünc medalı isə Ayxan Mirzəzadə (55 kq) qazandırıb. O, 1/8 finalda isveçli cüdoçu Samir Pabloskiyə, növbəti mərhələdə isə niderlandlı Luka Riçardsona qalib gəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı cüdoçu Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşdə polşalı Yan Kolondraya qalib gələrək üçüncü yer sahib çıxıb.

Beləliklə, Azərbaycan komandası Olimpiya Festivalında artıq 2 qızıl 4 bürünc medala sahiblənib.

Yarışlar davam edir.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 27 iyul.- S.12.