Dünya taekvondosu yubileyini Bakıda qeyd edir

 

Bakıda keçirilən Taekvondo üzrə Dünya Çempionatının nümayəndə heyəti, Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

26-cı Dünya Çempionatı mayın 29-da start götürüb iyunun 4-də başa çatacaq. Dünya taekvondosunun 50, Ümummilli Liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən 949 idmançı mübarizə aparır.

Yarışların ilk günündə 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar.

Bu çəkidə dayanq üzərinə çıxan idmançımız Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb.

Qadınlar arasında 57 kiloqramda Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) Mariya Paçeço (Braziliya) 3-cü olublar.

Mundialın ikinci günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olub. Kişi taekvondoçular arasında 58 kiloqramda, qadınlarda 67 kiloqramda 73 kiloqramda yarışın mükafatçıları müəyyənləşib.

58 kiloqram çəkidə çempionatın ən güclüsü cənubi koreyalı Jun-Seo Bae olub. O, finalda Georgi Qurtsiyevi (dünya taekvondosu) məğlub edərək dünya çempionu adını qazanıb. Bürünc mükafatlar Adrian Visente Yunta (İspaniya) Mahmud Altarireyə (İordaniya) qismət olub.

67 kiloqramda qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib. İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda, bürünc medallara Mari Romundset Nilsen (Norveç) və Rut Qbaqbi (Fil Dişi Sahili) sahibləniblər.

73 kiloqramda mundialın çempionu fransız Altea Laurin olub. O, həlledici görüşdə Rebekka Makqovanı (Böyük Britaniya) məğlub edib. Bürünc medallara isə Polina Xan (dünya taekvondosu) və  xorvatiyalı Matea Yeliç yiyələniblər.

Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan Maqomed Qaşımov (58 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub olublar.

Mayın 31-də daha 3 çəki dərəcəsində (kişilər 80 kiloqram, 87 kiloqram, qadınlar 49 kiloqram) döyüşlər keçirilib.

Kişilər arasında 80 kiloqram çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) amerikalı Karl Alan Nikolasla üz-üzə gəliblər. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif  Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.

87 kiloqramda mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (dünya taekvondosu) və Arian Salimi (İran) qazanıblar.

Qadın taekvondoçuların 49 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar.

Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kiloqram) və Patimat Abakarova (49 kiloqram) 1/8 finalda mübarizəni dayandırıblar.

Yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Kişilər arasında 63 kiloqram çəki dərəcəsində türkiyəli Hakan Recber dünya çempionu olub. O, finalda tailandlı Banlunq Tumtimdanqı məğlub edib. Bürünc medallara Xuan Yorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.

Qadın taekvondoçular arasında 73 kiloqramdan yuxarı çəkidə də fəxri kürsünün ən yüksək pilləsinə Türkiyə təmsilçisi qalxıb. Nafiya Kuş bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gümüş medalı Svetlana Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə Kristina Adebayo (dünya taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) tutublar.

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.

Dünən  daha iki taekvondoçumuz dünya çempionatında medal qazana bilməyib.

54 kiloqram çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində məğlub olub. Qadınların yarışında 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Minayə Əkbərova isə  Ruka Okamoto (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən taekvondo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin nəticələrinə  münasibət bildirib. O, idmançılarımızın hələ ki medalçılar sırasında yer ala bilməməsini heyətdə edilən dəyişikliklərlə əlaqələndirib: "Dünya çempionatı böyük tədbirdir, 140-dan çox ölkənin ən güclü taekvondoçuları bura gəliblər. Bu, Olimpiada öncəsi ən mötəbər yarışdır. Təəssüf ki, indiyə qədər mübarizəyə qoşulan idmançılarımız medal qazana bilməyiblər. Yığmanın heyətində bəzi dəyişikliklər edilib, yeni taekvondoçular var. Əlbəttə ki, hamımız uğurlu nəticə olmasını istərdik. Bəlkə də idmançılarımız həyəcanlı olurlar. Bunun səbəbi barədə daha çox məşqçilərimiz danışa bilərlər. Hamını taekvondoçularımıza dəstək olmağa çağırıram".

Xatırladaq ki, Bakının yarışa evsahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, Bolqarıstan son anda istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib.

Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatına, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla evsahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə Azərbaycanda təşkil olunur.

Eyni zamanda Azərbaycan Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına evsahibliyi edən yeddinci ölkədir.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 3 iyun.- S.10.