30 il əvvəl Heydər Əliyev dövlətçiliyimizi və müstəqilliyimizi xilas etdi

 

AXC-Müsavat cütlüyünün məhvə sürüklədiyi ölkəmizi Ulu Öndər qurtuluş yoluna çıxartdı

 

1993-cü ildə baş vermiş və Azərbaycanın bir dövlət olaraq dünya xəritəsindən silinməsi kimi dəhşətli təhlükə ilə üz-üzə qaldığı Gəncə hadisələrindən 30 il keçir. AXC-Müsavat cütlüyünün iqtidarda olduğu müddətdə yürütdüyü səriştəsiz siyasətin yaratdığı dərin böhranların gətirib çıxardığı pik nöqtə olan Gəncə hadisələri zamanı faktiki olaraq Azərbaycan müstəqilliyinin itirilməsi, vətəndaş qırğını qarşısında idi və sözün əsl mənasında ölkə başsız qalmışdı.

Həmin dövrdə tarixindəki ən faciəvi zamanlardan birini yaşayan və AXC-Müsavat qaragüruhunun yuvarladığı dərin uçurumlarda özünü itirən, gün ötdükcə əraziləri bir-bir işğal edilən, müstəqilliyi təhdid olunan Azərbaycana sanki Tanrı özü Ulu Öndər Heydər Əliyevi xilaskar seçdi.

Məhz torpağını, millətini, dövlətini canından çox sevən Ümummilli Lider Heydər Əliyevin sayəsində qardaş qırğınının qarşısı alındı, Azərbaycan qurtuluş yoluna çıxdı, ölkəmiz firavan və əbədi müstəqillik yolu ilə gələcəyə doğru inamla addımlamağa başladı.

 

Antimilli qüvvələr Bakıda hakimiyyət davası aparırdı, düşmən isə torpaqlarımızı işğal edirdi

 

1992-ci ildə zorla hakimiyyətə yiyələnən yarıtmaz AXC-Müsavat cütlüyü iqtidarda olduqları dövrdə hətta ölkəni şəxsi mənafeləri uğrunda güdaza verməkdən belə çəkinmirdilər. Həmin dövrlərdə bu antimilli qüvvələr Bakıda hakimiyyət davası aparır, düşmən isə bir-bir torpaqlarımızı işğal edirdi. Ard-arda cəbhədən məğlubiyyət xəbərləri gəlirdi, Şuşa, Laçın, onun ardınca isə qərb qapımız sayılan Kəlbəcər işğal altına düşmüşdü, ölkədə yüzminlərlə məcburi köçkün ordusu yaranmışdı, əhali aclıqla, yoxsulluqla vuruşurdu.

Digər tərəfdən də oyuncaq hökumətin siyasi iradəsizliyi nəticəsində mərkəzdənqaçma, separatizm meyilləri güclənmiş, dövlətçiliyimiz və yenicə qazandığımız müstəqilliyimiz məhvə doğru sürüklənmişdi.

AXC-Müsavat cütlüyünün ölkəmizdə yaratdığı böhran 1993-cü ilin yayında olduqca pisləşmiş, siyasi və hərbi şərait daha da ağırlaşmışdı. Bu yarıtmaz cütlük faktiki olaraq ölkədəki vəziyyətə, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti tamamilə itirmişdi. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Qusarda, Lənkəranda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını açıq şəkildə bildirirdilər.

Xatırladaq ki, 1993-cü ilin fevralında prezident Ə.Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdı. Lakin ölkənin başsız olmasının, iqtidarın dövlət idarəçiliyini tamamilə itirməsinin, mərkəzdənqaçmanın ağır nəticəsi idi ki, S.Hüseynov bu sərəncamın tələblərinə tabe olmadı, eləcə də Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da yerinə yetirilmədi. Mərkəzdənqaçmanın, hakimiyyət saymazlığının daha bir göstəricisi isə, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin girov götürülməsi oldu.

 

Qardaş qanı töküldü

 

AXC-Müsavat hakimiyyətinin daha bir qərarı 709 saylı hərbi hissənin tərksilah edilməsi haqqında oldu. Bu qərarla da ölkədə qardaş qırğını başladı. 1993-cü il iyunun 4-də Gəncədə S.Hüseynovun başçılıq etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma oldu. Bu qardaş qırğını zamanı 35 nəfər həyatını itirdi.

Ölkədə baş alıb gedən anarxiyanın, siyasi hərc-mərcliyin, özbaşınalığın, cəbhədə ard-arda yaşanan ağır məğlubiyyətlərin, ərazi itkilərinin yalnız bir səbəbi var idi: AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığı.

Bəli, dövlət idarəçiliyindən bixəbər qaragüruhun yanlış, səriştəsiz addımları gətirib özünün məntiqi nəticəsinə - Gəncə hadisələrinə, ümumilikdə, Azərbaycanın parçalanması, müstəqilliyinin itirilməsi təhlükəsi kimi dəhşətli sonluğa çıxarmışdı.

Ölkədəki siyasi böhrandan, xaosdan yararlanan S.Hüseynovun tabeçiliyində olan silahlı qüvvələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Bununla da Azərbaycanda mövcud olan hərbi-siyasi böhran daha da dərinləşdi.

Tariximizin faciəvi səhifələri kimi yaddaşlarımıza həkk olunan həmin ağrı-acılı hadisələr zamanı antimilli qüvvələr Azərbaycanı parçalamağı, müstəqilliyimizi məhv etməyi planlaşdırmışdılar. Lakin onlar xalqın xilaskarının - dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin buna əsla yol verməyəcəyi kimi gerçəkliyi nəzərə almamışdılar.

 

Xalqın etimadı Ulu Öndərə idi

 

1993-cü il iyunun 4-də Gəncədə  qardaş qanının tökülməsinə dərhal vətəndaş mövqeyi bildirən Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali  Məclisi hadisə ilə əlaqədar ayın 5-də bəyanat verərək bunu müstəqil dövlətçiliyimizə edilən qəsd kimi dəyərləndirdi: "Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə çağırırıq!"

Azərbaycanın vətənpərvər oğlu, nəhəng siyasətçi Heydər Əliyev 1993-cü ilin həmin böhranlı iyun günlərində Naxçıvandan Bakıya gələrək böyük səy, əzm və müdriklik nümayiş etdirərək ölkədə vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı, Azərbaycanı məhv olmaqdan xilas etdi.

Sonradan Ulu Öndər Gəncə hadisələri ilə bağlı çıxışlarının birində deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Böyük siyasətçinin də ifadə etdiyi kimi, Azərbaycan xalqı onu dar günlərdən qurtaracaq xilaskar lider timsalında məhz Heydər Əliyevi görürdü.

Fərsiz AXC-Müsavat cütlüyünə heç zaman ümumxalq dəstəyi göstərməyən müdrik Azərbaycan xalqı yaxşı bilirdi ki, dahi şəxsiyyət, güclü siyasətçi, ən əsası vətənpərvər oğul olan Heydər Əliyevin əzmi və siyasi iradəsi nəticəsində Azərbaycan bütün fəlakətlərdən qurtulacaq, müstəqilliyimizi əbədi və sarsılmaz edəcək.

O zaman xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, Azərbaycanı yeni inkişaf yoluna yönəltdi. Buna görədir ki, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevi xalqımız özünün xilaskarı sayır, bu böyük şəxsiyyətin ölkəmizdə siyasi hakimiyyətə gəliş gününü -

15 İyunu  özünün qurtuluş günü kimi bayram edir.

 

Heydər Əliyev arzularının zirvəsi

 

30 il əvvəl Azərbaycanı xilas edərək inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızı dünyanın sayılıb-seçilən, mötəbər ünvanına çevirib. Vətən müharibəsində qazandığı şanlı zəfərlə xalqımızı başıuca edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirərək Qarabağı və Şərqi Zəngəzuru azadlığına qovuşdurub.

Bir sözlə, qalib lider İlham Əliyev Azərbaycanı qüdrətli və şanlı ölkəyə çevirərək 30 il əvvəlin bu günlərində ölkəmizi məhv olmaq təhlükəsindən xilas edərək yeni rifaha çıxaran Ulu Öndər Heydər Əliyevin arzularındakı zirvəyə yetirib.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 4 iyun.- S.5.