Paşinyan Moldovadan da pərt qayıtdı

 

Baş nazir Kişineuda erməni icmasının xadimlərini aldadıb

 

Postmüharibə dönəmində Hayastanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını yubatması fonunda bu ölkənin onsuz da bərbad gündə olan xarici siyasətində indi daha ciddi problemlər müşahidə edilməkdədir.

Artıq demək olar ki, Hayastanın heç bir ölkə ilə normal münasibətləri yoxdur əvvəlki havadarları gah nala, gah da mıxa vuran İrəvandan tədricən imtina etməyə başlayırlar.  Bütün bunların nəticəsidir ki, Paşinyan, demək olar ki, bütün xarici səfərlərində daim pərt vəziyyətə düşür. Bunu onun son Moldova səfərində aydın müşahidə etmək olar.

Moldovanın paytaxtı Kişineu şəhərində "Avropa Siyasi Birliyi" 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan, Hayastan, Fransa, Almaniya Avropa İttifaqı Şurasının liderlərinin qeyri-formal beştərəfli görüşündən əvvəl toplantı iştirakçıları birgə foto çəkdiriblər. Tədbirdə iştirak edən Hayastanın baş naziri Nikol Paşinyan bu dəfə hərəkətləri ilə jurnalistlərin obyektivinə tuş gəlib. Belə ki, Paşinyan liderlərin birgə foto çəkdirmək üçün nəzərdə tutulan əraziyə toplaşdığı bir vaxtda Fransa Prezidenti Emmanuel Makronla iki dəqiqəyə yaxın söhbət edir, hətta onun qarşısını kəsərək sanki ürəyi dolu şikayətçi görüntüsü yaradır. 

Təbii ki, Paşinyanın Makrondan əl çəkmək istəməməsi bir ölkənin rəhbərinin özünü vassal rolunda aparması diqqətdən yayınmayıb.  Üstəlik, bu hərəkət liderlərin birgə foto çəkdirmək üçün gözlədiyi bir şəraitdə baş verib. Hələ bu azmış kimi, Paşinyan Makronun "yaxasını buraxdıqdan" sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə yaxınlaşaraq onunla söhbət etmək istəyir. Amma o, bu istəyinə nail ola bilmir. Çünki Şarl Mişel Paşinyanla sadəcə ayaqüstü salamlaşaraq yoluna davam edir.

Bundan başqa, Paşinyanın bir tərəfdə telefonla vaxt keçirməsi, "vatsapda" kiməsə səs göndərməsi kiminsə səsini dinləməsi görüntüləri kameraların obyektivindən yayınmayıb.

Sammitdə Nikol Paşinyan onun himayədarı Emmanuel Makron qədər çalışsalar da, Avropa İttifaqı Azərbaycanın faktiki olaraq təmərküzləşən mövqeyinə təsir edə bilmədilər. Avropa İttifaqı da etiraf edir ki, "Qarabağ xalqı" var, " qarabağlı ermənilərin müqəddərat təyinetmə hüququ", "status"la bağlı hansısa formada gözlənilən danışıqlar ehtimalı. Bunu Nikol Paşinyan da etiraf edib.

Moldovadan Hayastana dönəndən sonra keçirdiyi mətbuat konfransında o, deyib: "Rəsmi İrəvan Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər. Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub". O, həmçinin söyləyib ki, Hayastan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.

Bu arada "İravunk" qəzeti yazır ki, Paşinyan Kişineuda olarkən Moldovanın erməni icmasının fəal xadimlərini aldadaraq görüş olmayacağını bildirib, lakin hansısa insanlarla görüş keçirib. Nəşr qeyd edib ki, əslində Paşinyanın yayımladığı videodakı sual-cavab yaxşı səhnələşdirilmiş tamaşaya bənzəyir, lakin Moldovanın erməni icmasını təmsil etmir. Məlum olur ki, Ukraynadan, Dnestryanıdan öz adamlarını "qazıb tapıblar" Moldovadan bir neçə adam müəyyənləşdiriblər ki, onlar Paşinyana xoş gələn suallar versinlər, əl çalsınlar, təbii olaraq Qarabağ haqqında bir kəlmə danışmasınlar.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 4 iyun.- S.12.