Təlatümlərdən tarixin ən güclü Azərbaycanına doğru gedən yol

 

 

Xalqın dövlətin taleyində bəzən elə hadisələr yaşanır ki, onlar hər zaman xatırlanmalı, ötüb keçən zamanın işığında təkrar-təkrar qiyməti verilməli, yeni nəsillərə düzgün çatdırılmalıdır. Çünki bu hadisələr tarixin ibrət dərsləridir. Belə çətin sınaqlarla bir daha qarşılaşmamaq üçün həmin ibrət dərslərindən düzgün nəticə çıxarmaq çox vacibdir.

 

Azərbaycanın taleyində həlledici anlar

 

Düz 30 il əvvəl, 1993-cü ilin iyununda baş verənlər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, gələcək taleyinin həlledici anları idi. Düşmənlə ölüm-dirim savaşının ən gərgin çağlarında, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən   hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirən AXC - Müsavat hakimiyyətinin ölkəyə rəhbərliyindən cəmi bircə il ötmüşdü. Amma ictimai-siyasi proseslərin respublikanı böhran vəziyyətinə çatdırması, parçalanma təhlükəsinə, vətəndaş müharibəsinə, müstəqilliyin itirilməsinə gətirib çıxarması üçün elə bu bircə il kifayət etmişdi.

Bunun ən böyük səbəblərindən biri əsasən naşı, səriştəsiz adamlardan ibarət siyasi hakimiyyətin xüsusilə kadr siyasətində yol verdiyi ciddi səhvlər, uzun illər dövlət vəzifələrində zəngin təcrübə toplamış şəxslərin kütləvi şəkildə işindən kənarlaşdırılması, onların yerinə ciddi bir təhsili, idarəçilik təcrübəsi mənəvi keyfiyyətləri olmayan, dövlətçilik düşüncəsindən uzaq təsadüfi insanların təyin olunması idi. Ölkədə şəxsi münasibətlər, firqə hissləri hüququn aliliyi prinsipini arxa plana keçirmişdi.

Vaxtilə Azərbaycana qarşı işğal cəhdlərinin qarşısını almaq üçün xalqın birliyinin təcəssümü kimi meydana gələn, sonrakı mərhələlərdə isə ölkənin istiqlalı üçün fəaliyyət göstərən buna görə cəmiyyətin böyük hissəsinin, o cümlədən vətənpərvər ziyalıların dəstəyini qazanan Azərbaycan Xalq Cəbhəsi artıq öz prinsiplərindən xeyli uzaq düşmüşdü. AXC vəzifə uğrunda didişmələrin əsas mərkəzinə çevrilmişdi. Bu təşkilata üzv olmaq kifayət edirdi ki, müəyyən bir kürsü tutasan. Ölkənin siyasi hadisələr burulğanından təsadüfi olaraq iqtidara gəlmiş ovaxtkı rəhbərlik unudurdu ki, hakimiyyətin mənbəyi xalqdır dövlət institutlarının formalaşdırılmasında, idarə olunmasında xalqın deyil, yalnız fərdlərin maraqlarının nəzərə alınması, məsələlərin hüquq normalarından daha çox şəxsi münasibətlər zəminində formalaşdırılması dövlət üçün böyük fəlakətlərə gətirə bilər.

 

Ölkə böhran məngənəsində idi

 

AXC-Müsavat cütlüyünün hakimiyyətdə qaldığı bir il milli dövlətçilik tariximizin, demək olar ki, utanc səhifəsi oldu. Ölkə parlamentinin iclaslarında, tribunada, zalda, ali toplantılarda tez-tez sözləri çəpləşib əlbəyaxaya çıxan, televiziyanın canlı efirinə müdaxilə edən, proqramın qonaqlarını da, milyonlarla tamaşaçısını da təhqirlərə məruz qoyan, jurnalistləri yazdıqları sözə görə döyüb alçaldan başqa belə əməlləri indi yaddaşımızda olan hakimiyyət təmsilçiləri demokratiya adı altında qaydalara zidd, çirkin ənənələr formalaşdırır, ölkəni fəlakətə sürükləyirdilər. Yaranmış vəziyyəti fürsət bilib birdən-birə baş qaldıran kriminal ünsürlər ölkənin hər yerində at oynadırdılar. Hər siyasi təşkilatın özünün ayrıca qanunsuz silahlı dəstələri vardı. Qətllər, o cümlədən sifarişli qətllər az qala gündəlik həyat hadisələrinə çevrilmişdi. Heç kimin həyatı təminat altında deyildi. Tez-tez küçələrdə, qələbəlik yerlərdə atışmalar baş verir, əhali təhdid altında qalırdı.

Həm nəzərə alaq ki, bütün bunlar qonşu ölkənin hərbi işğalına məruz qalan, elan olunmamış müharibədə ərazilərini itirən ölkədə baş verirdi. Azərbaycanın igid övladları cəbhədə Vətən torpağının hər qarışı uğrunda həyatlarını qurban verirdilər. Mərkəzdə isə hakimiyyət uğrunda didişmələr səngimirdi. Bu didişmələr, hakimiyyət uğrunda dava-dalaşlar, həm düşünülməmiş qərarlar cəbhədə yüzlərlə Azərbaycan igidinin qanı bahasına başa gəlirdi.

Ordu quruculuğu işi, demək olar ki, kiminsə yadına düşmürdü. Nizami ordu yaradılmamışdı. Həlledici hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən deyil, diletantlar tərəfindən işlənib hazırlanırdı çox zaman da ağır itkilərlə tamamlanırdı. Ordunun əsas hissəsi könüllülərdən ibarət olduğundan vahid mərkəzdən idarə edilmədiyindən bir çox hallarda döyüşçülər nizami ordunun tələblərinə, nizamnamə qaydalarına əməl etmirdilər. Cəbhə bölgəsindəki hərbi birləşmələr arasında koordinasiya, vahid komanda ruhu yox idi. Onlar bir-birinə lazımi dəstəyi vermir, güvənmir, bəzənsə bu qrupların rəhbərlərinin şəxsi prinsiplərinə görə həlledici anlarda qarşılıqlı təxribatlara belə gedirdilər.

Orduda təxribatlar kimi fərarilik halları da çox geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir görmürdü. Ölkə üçün hərbi cəhətdən həlledici bir dövrdə müdafiə nazirləri bir-birini əvəz edirdi. Digər güc nazirliklərindəki vəziyyət bir o qədər fərqli deyildi.

Naşı idarəçilik xarici siyasətdə ciddi fəsadlar törətmişdi. Yenicə müstəqillik qazanmış gənc dövlətin qısa müddətdə bütün qonşularla münasibətləri korlanmışdı. İşğala məruz qalmış Azərbaycan xarici siyasətdəki yanlışlar üzündən ABŞ-nin 907-ci düzəliş kimi ağır bir sanksiyası ilə üzləşmişdi. Ölkə erməni lobbisinin qurduğu ağır informasiya blokadasının əhatəsində idi. Səsimizi-sözümüzü eşidən, eşidib dəstək verən yox idi.

 

Ox yaydan çıxmışdı

 

Ölkədə sosial-iqtisadi vəziyyət böhran həddinə gəlmişdi. Çünki bu sahəyə təcrübəsiz, səriştəsiz, bacarıqsız adamlar rəhbərlik edirdilər onlar başlanğıcda xalqa çox gurultulu vədlər vermişdilər. İnsanlar indi onlardan həmin vədlərin yerinə yetirilməsini gözləyirdilər. Bu diletantlar isə çaşqınlıq içində xaotik addımlar atır, sistemsiz qərarlar verir, uğursuz eksperimentlər aparır bütün bunlar əks effekt yaradırdı. Çox qısa zaman ərzində xalqın həyat şəraiti xeyli aşağı düşmüşdü. Ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, hələ küçə-meydan eyforiyası ilə yaşayanlar özlərini xalqın gözündən tamam salmış, sosial dayaqdan məhrum olmuşdular. Ona görə 1993-cü ilin əvvəllərindən hakimiyyət böhranının dərinləşməsi təbii idi. İqtidarın böyük yanlışları nəticəsində fəallaşan daxili dağıdıcı xarici qızışdırıcı qüvvələrin fəal əməkdaşlığı nəticəsində Azərbaycanın parçalanmasına zəmin yaranmışdı. Hakimiyyətin yanlış apardığı milli siyasət, tarixən çoxmillətli ölkə olan Azərbaycanda insanlar arasında milli ayrı-seçkiliyin qoyulması etnik separatizm vətəndaş müharibəsi təhlükəsini daha da gücləndirirdi.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı vəziyyəti daha da dramatikləşdirdi. Ardınca isə Gəncə hadisələri baş verdi. Ölkənin ovaxtkı rəhbərinin Milli Qəhrəman adı ilə təltif etdiyi, Birinci Qarabağ müharibəsinin ən gərgin vaxtlarında cəbhə bölgəsində xüsusi nümayəndə təyin etdiyi Surət Hüseynov az sonra hakimiyyətdəki müxtəlif şəxslərin onu zərərsizləşdirmək üçün qurduqları planlara, həyata keçirdikləri təxribatçı addımlara cavab olaraq AXC-Müsavat hakimiyyətinə qarşı çıxdı. AXC-Müsavat başbilənləri bir neçə gün içində qəhrəmana çevirdikləri bu şəxsi indi xəyanətkar kimi lənətləməyə başladılar. Gəncədə qardaş qanı töküldü. Azərbaycanın müstəqilliyini gözü götürməyən xarici qüvvələr bu məqamı fürsət bilib müxtəlif müdaxilələrlə vəziyyəti qızışdırmağa başladılar. O cümlədən işğalçı Ermənistan yaranmış vəziyyətdən istifadə edərək torpaqlarımızı ələ keçirirdi. Cəbhə bölgəsindəki hərbi birləşmələrin mühüm hissəsi geri çəkildiyindən rayonlarımız işğal olunmağa başlamışdı.

Müstəqilliyini yenicə bərpa etmiş ölkənin bu bəlanı adladacağı çox çətin görünürdü. AXC-Müsavat hakimiyyəti yaranmış vəziyyətin həlli yolunu tapmaqda çətinlik çəkir, ən təhlükəli fikirlər ortaya atır, müxtəlif fərziyyələr irəli sürürdülər. Fakt bu idi ki, hakimiyyətin yarıtmaz xəyanətkar siyasəti ölkəni dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinin bir addımlığına gətirmişdi.

 

Xilaskar

 

Belə bir vaxtda xalqın böyük əksəriyyətinin, sağlam düşüncəli, Azərbaycanın gələcəyinə görə məsuliyyət hissi duyan milyonlarla insanın nəzəri Naxçıvanda idi. Hamı Azərbaycan dövlətini xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar kimi  məhz Heydər Əliyevi görürdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzminə güvənirdi.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Muxtar Respublikanın Nazirlər Kabinetinin Rəyasət Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasındakı çıxışı Gəncə hadisələrinə düzgün tarixi qiymət oldu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı, vəziyyəti yerində öyrənmək üçün Gəncəyə səfəri proseslərin daha gərgin məcrada inkişafının qarşısını aldı. Heydər Əliyevin şəxsi nüfuzu, yaranmış gərginliyin aradan qaldırılması istiqamətində fədakarlıqla gördüyü işlər vəziyyəti müsbətə doğru dəyişdi. Azərbaycan dövləti xalqı üçün daha böyük faciələrdən xilas olmaq üçün həmin günlərin ağır reallıqları şəraitində müəyyən kompromislər tapmaq mümkün oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən  vətəndaş müharibəsi təhlükəsinin qansız-qadasız, siyasi danışıqlar yolu ilə aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində ciddi islahatlar apardı. Böyük rəhbərin səyləri nəticəsində Azərbaycanda silahlı müxalifətçilik ənənələrinə son qoyuldu, iqtisadi həyatda böyük dəyişikliklər baş verdi, xarici ölkələrlə münasibətlər qarşılıqlı maraqlara xidmət edən praqmatik prinsiplər əsasında tənzimlənməyə başladı.

O çətin günlərdə buna nail olmağı yalnız Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, böyük şəxsiyyət bacarardı. Ulu Öndər həmin tarixi dövrdə Azərbaycanı zamanın sərt sınaqlarından çıxararaq aydın inkişaf yoluna yönəltdi. Dövlətimizin müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etdi. Müstəqilliyin tarixi siyasi əsaslarının möhkəmləndirilməsi, onun istinad etdiyi dəyərlər sisteminin təkmilləşdirilməsi, dövlətin tərəqqisi üçün etibarlı iqtisadi bazanın formalaşdırılması Heydər Əliyevin Azərbaycan tarixindəki fövqəladə təkrarsız rolunu səciyyələndirən əsas cəhətlər kimi xarakterizə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə dövlətimizi tarixinin ən qüdrətli dönəminə yetirdi. Tarixin ən güclü Azərbaycanı - bu, 1993-cü ilin o təlatümlü iyun günlərində xalqın verdiyi qərarın, etdiyi seçimin qədər düzgünlüyünün, müdrikliyinin, Heydər Əliyevə inamının doğrulmasının möhtəşəm tarixi təcəssümüdür.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2023.- 8 iyun.- S.1;6.