Vətən sevgisi ilə yenilməz olan Azərbaycan gəncləri

 

Onlar zamanın hərəkətverici qüvvəsidir. Mənəvi gücləri, cəsarətləri ilə çox böyük işlər görməyə, hünər göstərməyə qadirdirlər. Odur ki, cəmiyyətin sağlam düşüncəli, aydın təfəkkürlü gənclərə hər zaman ehtiyacı var. Həm elə gənclərə ki, dövrün tələblərinə cavab verəcək qədər müasir, milli adət-ənənələri yaşadacaq qədər soy-kökünə bağlı olsun. Bugünkü Azərbaycan gəncliyi məhz bu keyfiyyətləri ilə diqqəti cəlb edir, rəğbət qazanır.

 

Müstəqil dövlətin vətəndaşı olmağın qüruru məsuliyyəti

 

Tariximiz onlar üçün hər zaman örnəkdir. Ayrı-ayrı dövrlərdə yaşamış, gənc yaşlarından Azərbaycanın mühüm ictimai, siyasi, sosial, iqtisadi, mədəni həyatında əhəmiyyətli rol oynamış görkəmli şəxsiyyətlərimizin fəaliyyəti unudulmayıb. Kimi misilsiz qəhrəman kimi əlinə silah götürüb vətənini yağı düşmənlərdən qoruyub, kimi yalnız hünəri, igidliyi ilə deyil, həm ağlı, düşüncəsi ilə doğma millətinin haqqının, hüququnun qorunması, məmləkətinin müstəqilliyi uğrunda mübarizə aparıb. Gənc yaşlarından soydaşlarının gerilikdən, ətalətdən, səfalətdən, cəhalətdən qurtulmaları, tərəqqi etmiş millətlərin nümayəndələrinin sıralarına qoşulmaları üçün mübarizələrə, mücadilələrə qoşulanlarımızın gördüyü təqdirəlayiq işləri indi qürurla, minnətdarlıqla xatırlayırıq. Onların, eləcə istedadı, bacarığı, savadı, zəhməti ilə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən soydaşlarımızın sayəsində Azərbaycan adlı məmləkət tarixin ağır sınaqlarından, keşməkeşli yollarından keçə bilib.

Bu gün onların yolunu davam etdirən gənclərimizə Azərbaycan cəmiyyəti, dövləti ümidlə baxır. İnanır ki, bu gənclər xalqımızın ümidlərini daim doğruldacaq. Onlar ölkəmizin gələcəyini quracaq, yeni uğurlu illərə aparacaq.

Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaq fəxr, iftixar mənbəyi olduğu qədər məsuliyyətdir. Vətənin daim ucalması, ölkənin inkişaf etməsi naminə yaşından, savadından, istedadından, qabiliyyətindən asılı olmayaraq, hər kəs bu məsuliyyəti bilməlidir. Zaman göstərir ki, Azərbaycan gəncləri üzərlərinə çox böyük məsuliyyət düşdüyünün fərqindədirlər.

 

Ərazilərimizin işğaldan azad edilməsi üçün gənc əsgər zabitlərimizə borcluyuq

 

Bugünkü gənclərimiz müharibə şəraitində yaşayan bir ölkədə böyüyüb, boya-başa çatıblar. Ağılları kəsəndən vətənlərinin darda olduğunu görüblər. Biliblər ki, Azərbaycanın əzəli torpaqları XX əsrin sonlarında yenidən təcavüzkar ermənilərin işğalına məruz qalıb.

Hələ o vaxta qədər Sovet hökuməti Azərbaycanın Zəngəzur daxil olmaqla bir sıra bölgələrini Ermənistana verib. Ayrı-ayrı illərdə minlərlə azərbaycanlı dədə-baba torpağından deportasiya edilib. Məkrli plan həyata keçirilib. 1991-ci ildə azərbaycanlıların vaxtilə əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması prosesi başa çatdırılıb. Təcavüzkar, işğalçı ermənilər bundan sonra Azərbaycanın digər bölgələrində münaqişəni daha da alovlandırıblar. Qarabağ Şərqi Zəngəzur ərazilərini müharibə ocağına çeviriblər. Minlərlə azərbaycanlını şəhid ya əlil ediblər. Həmin ərazilərdə yaşayan bütün azərbaycanlıları ata-baba yurdlarından, böyük zəhmətlə, arzularla tikib-qurduqları evlərindən qovublar. Nəticədə 1990-cı illərdə Azərbaycanın 20 faiz ərazisi işğalçı Ermənistan tərəfindən zəbt olunub. Erməni təcavüzkarlarının zülmləri, işgəncələri səbəbindən evini, yurdunu tərk etmək məcburiyyətində qalmış bir milyondan çox soydaşımız respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar.

30 ilə yaxın idi ki, qaçqın statusu almış bu insanlar doğma ocaqlarının, evlərinin, el-obalarının həsrətini çəkirdilər. Neçə-neçə soydaşımız bu nisgillə, bu ağır dərdlə dünyadan köçdü.

Azərbaycan gəncləri humanist bir xalqın övladları, sülhün tərəfdarı olan, bu istiqamətdə tədqirəlayiq işlər həyata keçirən bir dövlətin vətəndaşıdırlar. Dövlətimiz, xalqımız müharibə tərəfdarı olmadığını hər zaman əməlləri ilə təsdiq etdi. Azərbaycan beynəlxalq hüquq prinsipləri, insani dəyərləri daim yüksək tutub. Dövlətimiz tərəfindən işğal altında olan ərazilərimizin Ermənistandan sülh yolu ilə geri alınması üçün uzun illər danışıqlar aparıldı, dönə-dönə beynəlxalq təşkilatlara müraciətlər edildi. Təəssüf ki, Ermənistan məkrli niyyətindən, qəddar əməllərindən əl çəkmədi. 1994-cü ildə imzaladığı atəşkəs barədə sazişi pozaraq Azərbaycanın nəinki hərbi mövqelərini, hətta mülki əhalisinin yaşayış yerlərini atəşə tutdu. Nəticədə atəşkəs dövründə Azərbaycanın həm hərbçiləri, həm dinc sakinləri Ernənistan silahlı qüvvələri tərəfindən şəhid edildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Bildirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır, sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir öz siyasətini alnıaçıq aparır: "Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdırlar. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda işi var?! Ermənistan ordusunun bizim torpağımızda işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır son qoyulacaqdır".

Ali Baş Komandan İlham Əliyev qətiyyətlə söylədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"  Minlərlə Azərbaycan gənci bu haqq işi uğrunda ayağa qalxdı. İkinci Qarabağ müharibəsinin başladığı gündən Azərbaycanın bütün bölgələrində yaşayan gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qoşuldular.

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gənclərinin bir çoxu torpaq, Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını döyüş meydanlarında göstərdi. Kimisi kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri igid Azərbaycan Ordusunun gücünü, yenilməzliyini gördü. Heç zaman unuda bilməyəcəyi məğlubiyyətlə üzləşdi. İkinci Qarabağ müharibəsində düşmənə gözdağı olan həm Azərbaycan gənclərinin rəşadəti, qəhrəmanlığı vətən sevgisi oldu. İşğalçı dövlət gördü ki, heç zaman bu sevgini yenə bilməyəcək.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 8 iyun.- S.8.