Elçin ƏMİRBƏYOV: Azərbaycan ilə Şimali Makedoniyanın siyasi dialoq baxımından çox yaxşı münasibətləri var

 

"Azərbaycan ilə Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq potensialı hələ istifadə olunmayıb, bizim çoxlu imkanlarımız var. Biz təkcə rəsmi şəxslər deyil, həm işgüzar dairələr, müxtəlif biznes forumları, sahə nazirliklərinin müxtəlif nümayəndə heyətləri arasında daha çox əlaqələrə malik olmalıyıq".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Şimali Makedoniyanın "MIA" media informasiya agentliyinə müsahibəsində səsləndirib.

Şimali Makedoniyaya səfəri çərçivəsində jurnalist Aleksandar Atanasovun suallarını cavablandıran Elçin Əmirbəyov səfərin məqsədlərindən, ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən iqtisadi əlaqələrin perspektivlərindən bəhs edib. Bildirilib ki, səfərin iki məqsədi var. İlk növbədə, məqsəd Şimali Makedoniya hakimiyyəti ilə ikitərəfli münasibətləri nəzərdən keçirməkdir. İki ildən sonra Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

"Əldə olunan nəticələri gələcəkdə nələri daha yaxşı edə biləcəyimizi düşünmək üçün yaxşı vaxtdır. İkinci məqsəd isə Şimali Makedoniya hazırda Azərbaycanın da üzv dövlət olduğu ATƏT-in fəaliyyətdə olan sədri rolunu yerinə yetirir. Bunu nəzərə alaraq, məqsədimiz Şimali Makedoniya rəsmilərini Cənubi Qafqazda regional təhlükəsizlik baxımından mövcud vəziyyət, konkret olaraq Azərbaycan Ermənistan arasında gedən sülh prosesi haqqında məlumatlandırmaqdır", - deyə E.Əmirbəyov qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, iki ölkə arasında siyasi dialoq baxımından çox yaxşı münasibətlər var. Ölkə liderləri nazirlər müntəzəm olaraq görüşürlər, xüsusən xarici işlər nazirləri son vaxtlar bir neçə dəfə görüşüblər. Şimali Makedoniyanın xarici işlər naziri bu ilin aprelində Azərbaycana səfər edib. E.Əmirbəyov həmçinin bildirib: "Düzdür o, bu səfəri ATƏT-in fəaliyyətdə olan sədri kimi edib, lakin səfər çərçivəsində həm azərbaycanlı rəsmilərlə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, ölkələrimiz iqtisadi əməkdaşlıq potensialından hələ çox yaxşı səviyyədə istifadə etməyib. Bizim yaxşı potensialımız, çoxlu imkanlarımız var. Ona görə hesab edirəm ki, biz təkcə rəsmi şəxslər səviyyəsində deyil, həm işgüzar dairələr, müxtəlif biznes forumları, müvafiq nazirliklərin nümayəndə heyətləri arasında daha çox təmaslara malik olmalıyıq".

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının zəruri olduğu da vurğulanıb.

Elçin Əmirbəyov deyib ki, ənənəvi enerji təchizatçısı kimi tanınan Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə töhfə verir,

Aİ-nin əsas strateji tərəfdaşlarından biridir. Şimali Makedoniya Aİ- üzv olmaq üçün namizəd ölkə statusu almaq istəyir. Cənub-Şərqi Avropanın bir çox ölkəsi təbii qazın tədarükünü razılaşdırmaq üçün hazırda Azərbaycanla müzakirələr aparır. "Lakin enerji yalnız bir sahədir düşünürəm ki, biz hər iki ölkənin bir-birinə təklif edə biləcəyi əsas məhsulları ümumiləşdirməliyik. Bizim biznes ticarət imkanları baxımından müntəzəm ünsiyyət kanalımız olmalıdır. Hesab edirəm ki, qarşıda görüləsi hələ çox var. Həmçinin Azərbaycan bu yaxınlarda Şimali Makedoniyaya yeni səfirini akkreditə edib, Serbiyadakı səfirimiz indi Skopyedə səfirdir. Hesab edirəm ki, ötən müddətdə qurulan əlaqələr bizə mövcud boşluqları doldurmaq imkanı verə bilər".

Azərbaycan rəsmisi 2020-ci ilin sonundan etibarən Xəzər dənizinin təbii qaz ehtiyatlarının "Cənub qaz dəhlizi" vasitəsilə İtaliyaya və bir sıra digər ölkələrə nəql edildiyini bildirərək qeyd edib: "Azərbaycandan təbii qaz alan ölkələrin sayı tezliklə 10-a çatacaq. Şimali Makedoniyanın da Azərbaycan təbii qazının bir hissəsini idxal etməkdə müəyyən marağı var. Həmçinin Azərbaycan Şimali Makedoniya məhsullarının bəziləri üçün də cəlbedici bazar ola bilər və eynilə də bunun əksi mümkündür".

Jurnalistin Azərbaycan təbii qazının Şimali Makedoniyaya mümkün nəqli ilə bağlı sualına cavab olaraq Elçin Əmirbəyov deyib ki, tədarükçü kimi Azərbaycan qazını Şimali Makedoniyaya da çatdırmaqdan məmnun olardıq. Bunun üçün lazımi ötürmə qabiliyyəti və ya paylayıcı şəbəkələr lazımdır. Şimali Makedoniya bu məsələni Avropa İttifaqı ilə müzakirə edə bilər. Çünki Aİ "Cənub qaz dəhlizi"ni çox dəstəkləyir, biz də öz tərəfimizdən Şimali Makedoniyanı alıcı ölkələr siyahısına daxil etməyə açıq və hazırıq. Bundan başqa, Azərbaycan təbii qazının qiyməti rəqabətədavamlı və istehlakçılar üçün daha aşağıdır.

Moldovanın paytaxtı Kişineuda keçirilən "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı barədə fikirlərini bölüşən Elçin Əmirbəyov qeyd edib ki, bu təşəbbüs Fransa tərəfindən irəli sürülüb və indiyədək iki görüş olub. Yeni təşəbbüs kimi ona müəyyən vaxt lazımdır ki, oturuşsun, insanlar bu platformanın artıq mövcud olan bütün digər təşkilat və platformalarla müqayisədə üzv dövlətlərə hansı müqayisəli üstünlüyü təmin edə biləcəyini həqiqətən başa düşsünlər. Amma şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, liderlərin toplantısı yaxşı keçdi, 45-dən çox ölkə təmsil olundu. Müzakirələrin və mübadilələrin qeyri-rəsmi xarakter daşıması müzakirələrin keyfiyyətinə bir qədər də dəyər qatdı. Bu, liderlərin müntəzəm olaraq bir-birini görmələri üçün yaxşı fürsətdir.

Jurnalistin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində səylərlə bağlı sualına cavabında isə Elçin Əmirbəyov qeyd edib ki, sülh üçün real imkanlar və ya şanslar İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, Azərbaycan 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdiyi vaxt yaranıb. Beləliklə, Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana münaqişədən sonrakı sülh proqramı təklif edib. Ona görə də sülh müqaviləsi layihəsini masaya qoyduq ki, bu da bizə düşmənçilik səhifəsini çevirməyə və münasibətlərimizi normallaşdırmağa kömək edə bilər. Bu müqavilə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsinə əsaslanır. Hesab edirik ki, əgər Ermənistan təkcə bəyanatlarla deyil, real əməlləri ilə sülhə hazır olduğunu, Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini sübut etsə, yerlərdə bunun həqiqi sübutunu görə bilsək, bizim böyük bu sülhə sahib olmaq şansımız yaranar. İndi hər hansı bir müddət göstərmək çətindir, çünki bəzən onlara əməl edilmədikdə müəyyən məyusluqlar yaranır, lakin biz erməni tərəfinin nə qədər səmimi olduğunu görməliyik. Odur ki, bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünə hörmətindən danışır, digər tərəfdən isə Azərbaycanın suveren ərazisində, Qarabağ bölgəsində hələ də 10 min erməni silahlı birləşmələri var. "Dağlıq Qarabağ" anlayışı artıq yoxdur. Bu gün bizim ərazimizin yeni inzibati ərazi bölgüsü - Qarabağın həm dağlıq, həm də aran hissələrini birləşdirən vahid Qarabağ iqtisadi rayonu var. Bu region həm də çoxmillətli olacaq. Çünki Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış Azərbaycanəsilli minlərlə məcburi köçkün geri qayıtdıqda bir neçə yüz min əhalisi olan bir bölgəmiz olacaq və ümid edirəm ki, ermənilər gələcəkdə oranın bir parçası olacaqlar. "Biz faktiki olaraq yerli ermənilərə təklif edirik ki, Konstitusiyamıza uyğun olaraq onların Azərbaycan dövlətinin sosial, iqtisadi, humanitar və siyasi çərçivəsinə reinteqrasiya şərtlərini razılaşdırmaq üçün Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə müzakirələr və danışıqlar aparsınlar. Yenə də Ermənistanla Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə qayıdaq. Çünki bu, Azərbaycanın daxili məsələsidir və yerli Ermənistan vətəndaşları ilə müzakirələr, sülh danışıqları son vaxtlar intensivləşib. Mayın əvvəlindən biz xarici işlər nazirləri və liderlər səviyyəsində bir neçə raund müzakirələr aparmışıq. Ümid edirik ki, tezliklə müzakirələri davam etdirəcəyik. Sülh müqaviləsi əlçatandır. Biz Ermənistandan məsuliyyətli davranmasını və verdiyi vədlərə əməl etməsini, bütün silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən çıxarmaq da daxil olmaqla, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Çünki bütün bunlar olmadıqda sülhdən danışa bilmərik. Biz istəyirik ki, bu problem həll olunsun və daha yaxşı şəraitdə sülh danışıqlarına cəmləşək", - deyə Birinci vitse-prezidentin köməkçisi qeyd edib.

Elçin Əmirbəyov vurğulayıb ki, danışıqlar müxtəlif yerlərdə aparılır və müxtəlif vasitəçilər var, Rusiya da onlardan biridir. Çünki atəşkəs sazişini imzalayan tərəflərdən biri rəsmi Moskvadır və onlar da müntəzəm olaraq görüşlərə evsahibliyi edirlər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə üçtərəfli görüşlər olub. ABŞ də danışıqlar prosesinin iştirakçısıdır. Uzun fasilədən sonra bu danışıqlar prosesini bərpa edən də məhz amerikalılar oldular. Beləliklə, sülh sazişinin mətninin razılaşdırılması üçün ikitərəfli danışıq aparılır. Bu mətn iki xalq arasında münasibətlərin əsas prinsiplərini müəyyənləşdirəcək, həmçinin bağlanmış nəqliyyat əlaqələrini açmağa, indiyədək delimitasiya aparılmayan sərhədi müəyyənləşdirməyə imkan verəcək. Bunlar bizim Ermənistanla danışdığımız üç əsas məsələdir. Bu münaqişə başlayanadək Ermənistan tərəfindən 250 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb və bu ölkədən qovulub. Bu gün biz uzunmüddətli sülhdən, azlıqların hüquqlarından danışarkən, tarixi vətənlərinə qayıtmaq hüququ olan yüz minlərlə azərbaycanlının hüquqları məsələsini də gündəmə gətiririk. Beləliklə, biz Qarabağ bölgəsində ermənilərin hüquqlarını müzakirə edirik və bu, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə yerli ermənilər arasında dialoqdur, ona görə də Ermənistan bu prosesdən kənardadır. Azərbaycan özünün etnik erməniəsilli vətəndaşları ilə əlaqə saxlamağa hazırdır. Lakin biz onlardan konstruktiv olmalarını, sosial, iqtisadi və digər hüquqlarından istifadə etmələri üçün bütün imkanların təmin olunacağını başa düşmələrini gözləyirik. Ancaq bu məsələ Azərbaycan dövlətinin qanunları çərçivəsində, Azərbaycan Konstitusiyasına uyğun olaraq edilməlidir.

 

 

Azərbaycan.-2023.- 14 iyun.- S.6.