Bu gün qəhrəmanlıq bayramıdır

 

Azərbaycan Silahlı Qüvvələri

 

Ordu dövlətin gücünün, xalqın şərəf ləyaqətinin ifadə formasıdır. Bu bir həqiqətdir ki, güclü dövlətin zəif ordusu, birliyi olmayan xalqın da güclü ordusu ola bilməz. Bu gün bizə qürur yaşadan, 2020-ci ilin 27 sentyabrında başlayıb möhtəşəm zəfərimizlə bitən  müharibədə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacaran, dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin 105 yaşını qeyd edirik.

Tarix hadisələrin ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı  mənbələri öyrənən elmdir. Sözsüz ki, tarixi bilməyənlər keçmişin səhvlərini təkrarlayırlar. Keçmişin səhvlərini təkrarlamamaq üçün tarixi bilmək, ondan dərs çıxarmaq lazımdır.

XX əsrin əvvəllərində xalqımızın dəyərli ziyalıları, vətənpərvər oğulları dövlət qurub üçrəngli bayrağımızı qaldırdılar. O dövr üçün bu, böyük fədakarlıq, hətta tarixi qəhrəmanlıq idi. Həmin dövrdə Azərbaycanda, eləcə regionda dünyada gedən proseslər üzündən dövlət cəmi 23 ay duruş gətirə bildi. Ozamankı ordunun Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən Çingiz İldırım bolşeviklərin tərəfinə keçib öz hökumətinə ultimatum verdi.

70 illik kommunist istilasından sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Yenə də Azərbaycanın müstəqilliyini istəməyən xarici güclər hərəkətə keçdi. Ortalığa erməni faktoru atıldı. Bir qrup təcrübəsiz və başıpozuq dəstənin hakimiyyəti idarəetmə fikrinə düşməsi, əslində, olduqca ironik görünürdü. Hər gün torpaqlar işğal olunur, vətən parçalanmaq, dövlət yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ordu quruculuğundan, vahid komandanlıqdan danışmağa dəyməzdi. Vətən uğrunda canlarından keçən fədakar gənclər silaha sarılıb düşmənlə döyüşə girsələr də, canlarını vətənə qurban etsələr də, vahid komandanlıqdan, vahid ordudan söhbət belə, gedə bilməzdi. Odur ki, zaman yeni çingiz ildırımları,  surət hüseynovları, rəhim qaziyevləri yetişdirdi.

Dövlətin taleyi təhlükədə, xalq-vətəndaş müharibəsi, vətən parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verərək hakimiyyətə qayıtmağa razılıq verib belə bir zamanda Azərbaycanı qorumaq kimi tarixi missiyanı öz üzərinə götürdü. Heydər Əliyev deyirdi: "Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim... Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq".

Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan müstəqilliyini möhkəmlətmək üçün nizami ordu quruculuğuna start verdi. İlk növbədə vahid ordu, vahid komandanlıq yaradıldı. Ayrı-ayrı siyasi birliklərə, qruplara, fərdlərə xidmət edən silahlı birləşmələr ləğv olundu.

Azərbaycan Silahlı Qüvvələri 1993-ci ilin dekabrından yanvarın 6-dək Füzuli rayonunun Horadiz qəsəbəsi və işğal olunmuş kəndlər uğrunda uğurlu döyüş əməliyyatına başladı. Bu, Ümummilli Liderin Ali Baş Komandanlığı altında ordumuzun apardığı ilk uğurlu əməliyyat idi. Həmin döyüşlərdə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri işğaldan azad olundu. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Horadiz əməliyyatının əhəmiyyətindən danışarkən qeyd etmək vacibdir ki, bununla da ermənilərin məğlubedilməzliyi haqqında yaranmış mifə son qoyuldu. Azərbaycan Silahlı Qüvvələrində özünə inam hissi yarandı. Azərbaycan düşmənlə məğlub tərəf kimi yox, ordusu, gücü olan tərəf kimi masa ətrafında otura bildi.

Ulu Öndər yaxşı bilirdi ki, xaricdən hər cür dəstək alan, müasir silahla silahlandırılan və təlimatlandırılan düşmənin qarşısına yalnız güclü ordu ilə çıxmaq olar. Güc toplamaq, əsl orduya sahib olmaq üçün isə atəşkəs lazım idi. Beləliklə, 1994-cü il mayın 12-də "Bişkek protokolu" imzalandı. Azərbaycanın ordu quruculuğunda yeni mərhələ başladı. Sonralar ordumuzun gücünə tam əmin olan Ulu Öndər deyirdi: "Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır".

Azərbaycanın Qarabağ siyasəti qan tökmək, müharibə etmək deyildi. Yolumuz sülh yolu idi. Nə yazıq ki, düşmən bunu anlamaq istəmədi. Görünür, müvəqqəti qələbə düşməndə qalib eyforiyası yaratmışdı.

Hakimiyyətə gəldiyi gündən Ulu Öndərin siyasi kursunu davam etdirəcəyini bəyan edən İlham Əliyev ordu quruculuğuna diqqəti daha da artırdı. Məsələ çox dəqiq və konkret qoyulmuşdu: "Əgər problem sülh yolu ilə öz həllini tapmasa, torpaqlar müharibə yolu ilə azad olunacaq". Prezidentinə inanan xalqımız dövlət başçısının qətiyyətli davranışını, ikitərəfli danışıqlarda, beynəlxalq tədbirlərdə Ermənistan rəhbərliyinə verdiyi cavabları görüb güzəşt olmayacağına qətiyyətlə inanırdı. Xalqımız səbirsizliklə düşmənə veriləcək o "mübarək dərs günü"nün gəlməsini gözləyirdi.

2020-ci ilin ortalarında ölkəmizin qərb sərhədlərində ermənilərin törətdikləri təxribatlar, 14 iyul 2020-ci ildə qəhrəman generalımız Polad Həşimovun şəhid olması Ermənistan rəhbərliyinin yersiz, populist bəyanatları xalqımızın səbir kasasını daşdırdı. Gənclərimiz meydanlara axışıb azğın düşmənə həddini göstərməyin zamanının çatdığını bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin cavabı konkret oldu. "Bu qan yedə qalmayacaq. Tökülən hər qan üçün düşmən cavab verəcək. Biz torpağımızın bir qarışını da güzəştə getməyəcəyik…", - dedi.

27 sentyabr 2020-ci ildə düşmən təxribatının qarşısını almaq məqsədilə ordumuz zəfər yürüşünə çıxdı. Müzzəfər Azərbaycan Ordusunun Ali Baş Komandanı xalqın qarşısına çıxıb düşmənə qəzəb püskürdü. Bu ağır günlərdə "Xalq - Prezident, Prezident  -Xalq" birliyindən güc alan ordumuz düşmənə göz açmağa aman vermədi. Qəhrəman əsgər və zabitlərimiz cəmi 44 günə işğal altında olan torpaqlarımızı azad etdi.

Bu gün Azərbaycan Ordusu Vətənimizi şərəflə qoruyur, hiyləgər düşmənin çoxsaylı təxribatlarının qarşısını qətiyyətlə alır. Vətənimizi, dövlətimizi təhdid edən xarici qüvvələr Azərbaycanla silahla, zorun gücü ilə danışa bilmədiklərini dərk etməkdədirlər. Çünki Azərbaycan Ordusunun döyüş təcrübəsi, taktikası dünyanın ən nüfuzlu institutları tərəfindən öyrənilir və tətbiq olunur.

Bu gün xalqımızın qürur günü, qəhrəmanlıq bayramıdır!

 

  Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 26 iyun.- S.7.