Ən yaraşıqlı paltar - əsgər forması, ən şərəfli xidmət - əsgərlik, ən müqəddəs musiqi - əsgər marşıdır

 

Azərbaycan Silahlı Qüvvələri

 

Dünya xalqlarının tarixində xüsusi musiqi əsərləri olur ki, onlar uzun müddət yaddan çıxmır. Məsələn, Mixail  İsakovskinin 1938-ci ildə yazdığı əfsanəvi "Katyuşa" mahnısı bu gün rus musiqiçilərinin repertuarından düşmür. Vətənpərvərlik ruhunda yazılmış bu mahnı 1941-1945-ci illər müharibəsində sovet əsgərlərinin himninə çevrilmişdi.

Müharibə gedən 5 il ərzində sovet ordusunun əhvali-ruhiyyəsini yüksəldən "Katyuşa" dünyanın müxtəlif dillərində oxunmuş hələ oxunmaqda davam edir. Faşizm üzərində qələbədə müəyyən ideoloji rolu olan bu mahnı sonralar Rusiyada heykəltaraşlar tərəfindən əbədiləşdirilib. Smolensk vilayətindən keçən Uqra çayı sahilində 1983-cü ildə taxtadan ucaldılan abidə "Katyuşa" mahnısına həsr olunub. Hətta həmin vilayətin kəndlərinin birində "Katyuşa" muzeyi var.

İkinci Dünya müharibəsinin gedişində Üzeyir bəy Hacıbəylinin Səməd Vurğunun sözlərinə yazdığı "Şəfqət bacısı" mahnısı da "Katyuşa" qədər sovet Azərbaycanında əks-səda vermişdi. Fatma Mehrəliyevanın möhtəşəm ifasında səslənən bu mahnı heç bir azərbaycanlının vətənpərvərlik ruhuna təsirsiz ötüşməmişdir. Bu gün isə Üzeyir bəyin "Cəngi"si, "Koroğlu" operasındakı uvertürası bizim gənclərin vətənpərvər ruhda yetişməsində böyük rol oynayır, onları qəhrəmanlığa səsləyir, torpağın, vətənin müdafiəsinə hazırlayır. Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı illərdə Azadlıq meydanında səslənən "Koroğlu" uvertürasını meydana toplaşanlar xorla ifa edirdilər. Əsər insanlarda yaratdığı coşqu qədər, həm onları torpağa sarılmağa, vətənin müdafiəsi uğrunda ölümə getməyə ruhlandırırdı. Məhz həmin ruh 44 günlük savaşda düşməni darmadağın edib diz çökdürdü.

İllərdir dillər əzbəri olan "Əsgər marşı"  da Birinci Qarabağ  müharibəsində müsəlləh əsgər rolunu oynayan mahnı idi. İlk vaxtlar  "Laçın batalyonunun marşı"  kimi oxunan bu musiqi parçası sonralar Cavanşir Quliyevin bəstəsində mükəmməl bir əsərə çevrildi. Heç "Katyuşa"dan geri qalmayan  "Əsgər marşı"  1992-ci ildən bəri təkcə əsgərlərin deyil, uşaqdan tutmuş böyüklərə qədər  hər kəsin dilinin əzbəri, ruhunun coşqusudur.  Bənzərsiz səsi ilə ürəkləri riqqətə gətirən Şəmistan Əlizamanlı "Əsgər marşı"nı ifa edəndə insana elə gəlir ki, əsgərlərin ayaq səsini eşidir, düşmənə diz çökdürdüyünə şahidlik edirsən.

İkinci bir mahnı da var - "İgid əsgər, möhkəm dayan". Şəmistan Əlizamanlı bu musiqi parçasını hər dəfə möhtəşəm səsi ilə oxuyanda sanki insanın burnuna müharibə qoxusu  gəlirdi. Gün gəldi ki, həmin qoxunu canına hopduran Azərbaycan Ordusunun əsgər zabitləri bu mahnı ilə nərə çəkib düşmən üzərinə şığıdılar.  "Cənab leytenant"  mahnısı isə Ramil Səfərovun simasında Azərbaycan zabitlərinin şərəfinə yazılıb. Bu mahnıda da ifaçı çalışıb ki, dinləyiciyə zabit şərəfinin dəyərini çatdıra bilsin, vətənpərvər mahnıların xalqın ruhu olduğunu söyləsin. 

Bu ruhda yazılan musiqi əsərləri Azərbaycan Ordusunun şərəfini qoruyan, namusunu qeyrətini uca tutan nota köklənib. Ona görə əvvəllər belə musiqiləri dinləyəndə adam düşünürdü ki, bir alaya, bir bölüyə bərabər olan həmin marş mahnılar bizə  Zəfər Gününü yaxınlaşdırır tezliklə onların sədaları altında addımlayan Azərbaycan əsgərinin qələbə paradına şahidlik edəcəyik. Elə oldu. Bu vətənpərvər əsgər təranələri Azərbaycan Ordusunu coşdurdu, əsgərinə ruh verdi, zəfərin bir nəfəs qədər yaxın olduğunu sezdirdi

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 26 iyun.- S.7.